Ukrayna ilə müharibə Rusiyaya BAHA BAŞA GƏLƏ BİLƏR

 



Elxan Şahinoğlu: "Son insidentdən sonra Azov dənizinin yeni statusunu müəyyənləşdirmək çətin olacaq"

Ramil Məmmədli: "Hesab edirəm ki, hər iki ölkə müharibə astanasındadır"

Rusiya-Ukrayna münasibətləri hər ötən gün bir qədər də gərginləşir. Aydın şəkildə görünür ki, rəsmi Kiyevin Avropa ilə yaxınlaşması, o cümlədən NATO-ya üzvlüklə bağlı konkret addımlar atması Kremlin maraqlarına cavab vermədiyindən Moskva əlinə düşən ilk fürsətdə Ukraynanı cəzalandırmağa, müxtəlif təsir üsulları ilə onu fikrindən daşındırmağa çalışır. Noyabrın 25-də tərəflər arasında yaşanan insidenti buna misal çəkə bilərik.

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, qeyd olunan tarixdə Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Atəş nəticəsində "Berdyansk" kiçik zirehli artilleriya kateri zədələnib. Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Rusiya donanması Ukraynanın "Berdyansk" və "Nikopol" adlı 2 hərbi kater və "Yana Kapu" adlı yedək gəmisinə hücum edib. Nəticədə 6 Ukrayna əsgəri yaralanıb. Gəmilər zəbt edilib və yedəyə alınaraq, Kerç limanına aparılıb. Onu da qeyd edək ki, Rusiya Krımın ilhaqından sonra sözügedən suları öz ərazisi hesab edir. Ukrayna isə bu ərazini neytral sular sayır və beynəlxalq normalara uyğun olaraq, neytral sulardan istifadə haqqına sahib olduğunu bildirir. Daha dəqiq desək, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krım üzrə sərhəd xidməti qeyd edib ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub və Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb: "Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur. Rusiyanın sərhədlərinin pozulması ilə bağlı cinayət işi qaldırılıb". Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib: "Rusiyanın sərhədçi "Sobol", "Don", "Manqust" və "Suzdalets" gəmiləri açıq təxribatlara yol veriblər. "Don" sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb".

Nəzərinizə çatdıraq ki, Ukrayna XİN rəhbəri Pavel Klimkin hesab edir ki, Rusiya Ukrayna ərazisindəki aqressiyadan sonra indi də Kerç körfəzindəki neytral sularda müharibəyə başlayıb: "Rusiya Ukraynaya qarşı aqressiya həyata keçirdi. Hazırda Ukrayna ərazisində aqressiya ilə yanaşı, neytral sularda Rusiya ilə müharibədəyik. Bu, Rusiyanın aqressiya aktıdır və bütün beynəlxalq hüquqi prinsiplərə görə, belə də qeydə alınmalıdır". Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov isə qeyd edib ki, Rusiya hərbi bölmələri Ukraynanın şərq və cənub sərhədlərində aktivləşdirilib. Kremlin Kiyevə qarşı 5 ildir hibrid müharibəsi apardığını iddia edən Turçinovun sözlərinə görə, Rusiya ilk dəfədir ki, Ukraynaya açıq şəkildə hücum edib. Ukrayna prezidenti Pyotr Poroşenko isə öz növbəsində, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxışı zamanı bildirib ki, hərbi vəziyyətin tətbiqi müharibə elan edilməsi demək deyil. O, hərbi vəziyyətin tətbiqi zamanı vətəndaşların konstitusion haqları və azadlıqlarının məhdudlaşdırılmayacağını və heç bir səfərbərlik olmayacağını vurğulayıb.

Bütün bu proseslərin ardınca isə Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Yelçenko BMT baş katibinə müraciət edərək, Təhlükəsizlik Şurasını təcili çağırmağı tələb edib. Eyni zamanda, Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Qeyd edək ki, bu hazırlıq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət elan edilməsi barədə qərarına əsaslanıb.

"Ukraynanın hərbi və yük daşıyan gəmiləri öz sahillərində sərbəst hərəkət etmək hüququna malikdirlər"

"ABÅ TürkiyÉ ilÉ anlaÅmaya ÉmÉl etmir" - ELXAN ÅAHİNOÄLU

Beləliklə, sözügedən məsələ ilə bağlı mövqeyini ifadə edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiya ilə Ukrayna arasındakı mübahisəyə, yəni 2013-cü ilə qədər Azovla bağlı heç bir problem yox idi, iki ölkə arasında müvafiq razılaşmaya əsasən dənizdən birgə istifadə ilə bağlı saziş mövcud olub:"Bu saziş indi də ləğv olunmayıb. Sadəcə, Rusiya Krımı ilhaq etdikdən və Rusiyanın materik hissəsini Krımla biləşdirən körpü bu il istifadəyə verildikdən sonra vəziyyət köklü sürətdə dəyişib. Rusiya indi Azov dənizinin böyük hissəsini daxili suları sayır. Bu isə Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər yaradır. Çünki Ukraynanın Qara dəniz limanı olan Odessadan gəmilər Ukraynanın Azov dənizindəki strateji liman şəhəri olan Mariupola strateji mallar daşımalıdır. Həmin gəmilər Krımın ilhaqından sonra Rusiyanın iddia etdiyi dəniz hissəsinə daxil olurlar. Ukrayna beynəlxalq hüquqa zidd hərəkət etmir. Beynəlxalq aləm Krımı və onun sahilini Ukrayna ərazisi sayır. Buna görə də Ukraynanın hərbi və yük daşıyan gəmiləri öz sahillərində sərbəst hərəkət etmək hüququna malikdirlər. Ancaq reallıqda bu münaqişəyə səbəb olur. Çünki Rusiyanın sərhəd gəmiləri özününkü saydığı Krımın ətrafında və Azov dənizinin böyük hissəsində keşik çəkir və üçüncü ölkələrin bu akvatoriyaya "icazəsiz" girişlərinin qarşısını alır". Ukraynanın özünü alçaldaraq gəmilərinin Qara dənizdən Azov dənizinə keçidinə görə Rusiyadan icazə almayacağını deyən politoloq qeyd etdi ki, bu halda Kiyev Krımın ilhaqına razılaşmış olacaq: "Rusiya isə Ukrayna gəmilərinin Krım və Azov sahilində sərbəst fəaliyyətlərinə imkan versə, reaksiya bildirməsə zəif görünəcək, Krımın ona aid olmadığı kimi görünmüş olacaq. Yəni hər bir tərəf zəif görünmək istəmir".

"Moskvanın ortaya atdığı versiyaya görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salmaq istəyir"

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın siyasi və ekspert mərkəzləri hesab edir ki, Ukrayna gəmilərinin "son təxribatının" arxasında iki güc dayanır: "Birinci güc Ukrayna prezidenti Petro Poroşenkodur. Ukraynada 4 aydan sonra prezident seçkisidir. Petro Poroşenkonun reytinqi o qədər də yüksək deyil, müxtəlif sorğularda 3-cü və 4-cü sıralardadır. Moskvanın ortaya atdığı versiyaya görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salmaq istəyir. Bu Moskvanın versiyasıdır. Əlbəttə, Poroşenko reytinqindən narahatdır. Ancaq Ukraynadakı siyasi qüvvələr Petro Poroşenkonun seçkini təxirə salmaq fikrini asanlıqla qəbul etməyəcəklər. Özəlliklə bütün sorğularda birinci yerdə gedən Yuliya Timoşenko öz tərəfdarlarını ayağa qaldıracaq. Ona görə də Rusiyanın ortaya atdığı iddia Poroşenkonun nüfuzuna zərbə vurmaq mahiyyəti daşıyır. İkinci güc kimi Vaşinqtonun adı çəkilir. Moskvanın bir başqa ehtimalına görə, Azovdakı gərgin vəziyyətin arxasında Vaşinqtondakı siyasi mərkəzlər dayanır. Başqa sözlə, Petro Poroşenko Vaşinqtondan təlimat aldıqdan sonra 3 hərbi gəmisini Rusiya sərhədçiləri ilə toqquşmaya göndərib. Bu Vaşinqtonun nəyinə lazımdır? Moskvanın versiyasına görə yaxın günlərdə G-20-lərin Argentinada sammiti olacaq və sammit çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulub. Moskva iddia edir ki, ABŞ-da prezident Donald Trampa müxalif olan "dərin dövlət" Azovdakı gərginlik fonunda prezidentlərin görüşünü pozmaq istəyir". Donald Tramp və administrasiyasının Azovdakı insidentə hər hansı şəkildə münasibət bildirməli olduğunu vurğulayan politoloqun fikrincə, ABŞ prezidenti Ukraynanı müdafiə etməsə, o zaman Konqresdəki müxalifətlə üz-üzə qalacaq, hətta partiyadaşları ona qarşı çıxacaq: "Son insidentdən sonra Azov dənizinin yeni statusunu müəyyənləşdirmək çətin olacaq. Digər tərəfdən son insident Donbasda gərginliyin artmasına səbəb olacaq. Hətta gərginlik o həddə çata bilər ki, Rusiya "Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliklərini" tanıya bilər. Rusiya bunu 2008-ci ildə Gürcüstanda təcrübədən keçirib, Gürcüstanla savaşdan sonra Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıdı".

"Rusiya daha geniş əraziləri ilhaq etmək niyyətindədir"

ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàhÃÂrbi-siyasi icmalçñ

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, beynəlxalq hüququn tanıdığı Ukraynaya məxsus sularda bu ölkənin hərbi dəniz qüvvələrinin gəmilərinin vurulması və ələ keçirilməsi, hadisə zamanı ölən və yaralıların olması Rusiyanın Ukraynaya birbaşa müharibə elan etməsidir: "Rusiya rəsmilərinin və hərbi rəhbərliyinin son aylardakı çıxışları qısa zamanda Azov dənizi hövzəsində ciddi qarşıdurmanın olacağından xəbər verirdi. Ötən gün baş verənlər də buna hesablanıb. Rəsmi Moskva indi anlayır ki, Ukraynanı itirməklə Krımı ilhaq etməsi və Donbas bölgəsində münaqişə ocağı yaratması Kiyevi qazandırmayacaq. Ona görə də daha geniş əraziləri ilhaq etmək niyyətindədir". Kremlin bu prosesə Azov dənizindən başladığını deyən Ramil Məmmədli qeyd etdi ki, Rusiya burada Ukrayna hərbi gəmilərinin hərəkətinə maneə törətməklə və ötəngünkü hadisə ilə Kiyevi dalana dirəyərək, Donetskdəki separatçıların qondarma qurumlarını tanıtdırmaq istəyir: "Lakin vəziyyət məhəlli münaqişədən çıxıb. Bu addımı ilə isə Rusiya Ukraynanın Donbas bölgəsində birbaşa rol aldığını nümayiş etdirir. Rusiya açıq şəkildə Ukraynanı təhdid edir. Hesab edirəm ki, hər iki ölkə müharibə astanasındadır. Ukraynada da yeni müharibə ab-havası dolaşır. Qeyri-rəsmi səfərbərlik mühiti yaranıb. NATO isə bu müharibənin qarşısını almaq üçün artıq növbədənkənar iclas çağırıb. Əgər rəsmi Moskva bu avantürist addımdan geri çəkilsə, Azov dənizində Ukrayna gəmilərinin keçidinə maneə yaratmasa problem öz həllini tapacaq. Əks təqdirdə bu dəfə də olmasa, növbədi hadisə müharibə ilə nəticələnəcək. Bu isə Rusiyanın xeyrinə deyil".( Hurriyyet.org)


Tarix: 27-11-2018, 12:59
Xəbəri paylaş





Xəbər lenti