Rusiya-Ukrayna arasındakı gəmi qalmaqalı səngimək bilmir. Rusiya Qara dənizin Krım sahillərində ələ keçirdiyi Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 7-ni həbs edib.
Belə ki, Krımda yerləşən Rusiya məhkəməsi ölkənin su sərhədlərini qanunsuz şəkildə keçdiyinə görə 7 hərbçi haqqında 2 ay müddətinə həbs qərarı çıxarıb. Digər hərbçilərin məhkəmə prosesi isə davam edir. Onların da barəsində həbs qərarı çıxarılacağı gözlənilir.
“Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir”. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində çıxış edib.
Prezident deyib ki, noyabrın 25-də Azov dənizində 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi ilə nəticələnən insident son 4 il yarımda-Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bu yana ən fövqəladə hadisədir. “Rəsmən, şevronları çıxarmadan, “yaşıl adamlardan” istifadə edilmədən Rusiyanın çoxsaylı hərbi gəmiləri Ukrayna silahlı qüvvələrinin gəmilərinə hücum ediblər”-Poroşenko həmin insidenti belə qiymətləndirib. Ukrayna prezidenti jurnalistlərə kəşfiyyat məlumatlarına dair materialları və peyk fotolarını təqdim edib. Həmin fotolarda və materiallarda Rusiya tanklarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi müşahidə edilir.
“Gördüyünüz kimi bizim sərhədlərimiz boyu yerləşən bazalarda Rusiya tanklarının sayı 3 dəfə artıb. Onlar ora hansı məqsədlə yeridiliblər? Bizim sərhədlərimiz boyu dislokasiya olunmuş hərbi bölmələrin sayı kardinal şəkildə artıb. Mümkün təlimlərlə bağlı deyilənlər özünü heç cür doğrultmur. Ona görə də istəyirəm ki, hamı bunun oyuncaq olmadığını bilsin. Ölkə Rusiya ilə tammiqyaslı müharibə təhdidi altındadır”-Poroşenko deyib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Azov dənizində də gəmilərinin sayını xeyli artırıb. Daha çox “Kerç kanalı” rayonunda gəmilərin cəmləşməsi müşahidə olunur. Habelə 2014-cü ildən bəri Krımda rus əsgərlərinin sayı 3 dəfə, BTR-lərin sayı 5 dəfə, gəmilərin və təyyarələrin sayı azı 5-10 dəfə artırılıb.
Poroşenko qeyd edib ki, noyabrın 25-də Ukrayna gəmiləri Azov və Qara dənizlərdən istifadəyə dair beynəlxalq razılaşmalar çərçivəsində hərəkət edib. Gəmilər öz marşrutları barədə əvvəlcədən məlumat veriblər, Kerç körfəzindən keçmək üçün trafik-kontrol göstərişlərinə dəqiq əməl ediblər. Onlara əmr edilib ki, akvatoriyanın müəyyən zonasında dayansınlar və Kerç körfəzinin kanalına keçmək üçün növbə gözləsinlər. Lakin Ukrayna gəmiləri təxribatın qurbanı olub və prezidentin sözlərinə görə, bundan sonra 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən ssenari işə düşməli idi. Poroşenko deyib ki, Rusiya gəmiləri və təyyarələri Ukrayna gəmilərinə atəş açıblar , bu da beynəlxalq konvensiyalara görə təcavüz hesab olunur.
“Həmin gecə təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sifariş verdim, amma biz cavab almadıq. Bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurmağa məcbur oldum ki, o Putinlə danışıb saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə etsin”-Poroşenko deyib.
Ukrayna Rusiya vətəndaşlarına ölkəyə girişi məhdudlaşdırıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, dünəndən (26 noyabr) etibarən Ukrayna sərhədçiləri paytaxt aeroportlarında müxtəlif səbəblərə görə Rusiya Federasiyasının 80-ə yaxın vətəndaşını ölkəyə buraxmayıblar.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş (Antonio Guterres) Qara dənizdə Rusiya və Ukrayna arasında artan gərginliyin həyəcan verici olduğunu qeyd edərək, tərəfləri maksimum səviyyədə təmkinli olmağa çağırıb. Bu barədə BMT Baş Katibliyi məlumat yayıb.
Məlumatda baş katib Antonio Quterreşin (Antonio Guterres) Kerç boğazında gərginliyi daha çox artıracaq hər növ hərəkətdən qaçılmasının vacibliyini vurğuladığı bildirilib. Gərginliyi dinc yollarla azaltmaq və məsələni yubanmadan həll etmək üçün tərəfləri maksimum təmkinli olmağa çağıran Quterreş hər iki tərəfin hüquqlarına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməli olduğunu ifadə edib.
Noyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Poroşenko arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, dövlət başçıları Kerç boğazında baş vermiş hadisədən sonra Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti mövcud problemlərin diplomatik yolla həllinin vacibliyini və əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə də telefonda bu mövzunu müzakirə edib.
Ukrayna Amerika ordusunun hərbi bazasının ölkəsinin ərazisində mümkün tikinti haqqında ABŞ-la danışıqlar aparır.
Bu haqda diplomatik dairələrdəki mənbələrə istinadən "İzvestiya” nəşri bildirib.
"Pyotr Poroşenkonun Bloku”ndan Ali Radanın deputatı İvan Vinnik danışıqlar haqqında informasiyanı təsdiq edib. Onun sözlərinə görə, ABŞ-ın bazası Ukraynaya Rusiya təhdidindən müdafiə olunmaq üçün lazımdır.
Ancaq Vaşinqton Kiyevə heç bir zəmanət vermir. Nəşrin Amerika siyasi dairələrdəki mənbəyinin sözlərinə görə, Ukrayna ərazisində ABŞ hərbi bazasının açılması Moskvayla münasibətləri daha da kəskinləşdirərdi.
“Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı ilk açıqlamasında vurğulayıb. Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb: “Hətta Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”.
Rusiyanın “Vitse-admiral Zaxaryin” mina tral gəmisi Qara dənizdən Azov dənizinə yola çıxıb.
Bu barədə “Reuters” məlumat yayıb. Agentlik qeyd edir ki, sularından Rusiya və Ukraynanın istifadə etdiyi Azov dənizi Kerç boğazındakı hadisədən sonra gərginlik zonasına çevrilib.
Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin Qara dənizə daxil olması şəklində Qərbin dəstəyinə bel bağlayır.
Poroşenkonun mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu haqda Amerikanın NBC telekanalına bildirib.
“O qeyd etdi ki, Ukraynaya dəstəyin mümkün variantlarından biri NATO-nun bir neçə gəmisinin Qara dənizə girməsi ola bilər, çünki bu, qlobal təhlükəsizliyin hədəfidir”, - mətbuat xidmətinin xəbərində deyilir.
Ekspertlər iki ölkə arasındakı gərginliklə bağlı həyəcan təbili çalırlar.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova hesab edir ki, vəziyyətin müharibə həddinə çatması iki ölkənin heç birinə sərf etmir: “Hazırda biz yeni dünya nizamının formalaşmasında müstəsna əhəmiyyəti ola biləcək prosesləri müşahidə edirik. Bunlardan biri də Rusiya və Qərb arasında yaxın gələcəkdə dünyanın qütbləşməsinə, Atlantizmin, yoxsa Avrasiyaçılığın qalib gəlməsinə təsir edən hadisələrdən biri olan Ukraynanın nüfuz dairəsinə bölünməsi uğrunda gedən savaşdır. Ukrayna-Rusiya-Qərb üçbucağında baş verən istənilən hadisəyə bu nöqteyi-nəzərdən baxmaq məqsədəuyğundur. Qərbin Ukraynaya siyasi dəstəyi artdıqca Rusiyanın da bu ölkəyə hərbi təzyiqləri artır. Ukraynanın Atlantizmin nüfuz dairəsinə keçməsi Rusiyanın Avrasiya strategiyasının üzərindən böyük bir xətt çəkmiş olacaqdır. Ukraynada 60 gün müddətində hərbi vəziyyət elan olunmasını nəinki Rusiya, hətta Ukraynada məntiqli addım hesab etmirlər. Ukraynada da hesab edirlər ki, hazırda hərbi vəziyyət elan etmək zərurəti yox idi. Ukrayna Krım ilhaq olunan zaman, yaxud Donbasda döyüşlər gedən zaman hərbi vəziyyət elan etmədisə, indi Kerç boğazında gəmi insidenti ilə bağlı hərbi vəziyyət elan olunmasının anlamı yoxdur. Poroşenko Maydan hadisələrindən keçən 5 il müddətində heç bir təqdirəlayiq nailiyyət əldə edə bilməyib. Ölkə iqtisadiyyatı zəifləyib, Rusiya Baltik dənizinin dibi ilə "Şimal axını-2" layihəsini Almaniyaya çəkməklə Ukraynanı Avropaya satdığı təbii qaz xətlərinin keçdiyi tranzit ölkə statusundan məhrum etməyə hazırlaşır. Bu ölkə ətrafında geosiyasi qarşıdurma pik həddinə çatıb, oliqarxlar və korrupsioner məmurlar ölkə əhalisini ciddi narazı salıb, Ukrayna Avropanın ən yoxsul ölkəsinə çevrilib. Hazırkı gərginliyin müharibə həddinə çatması nə Rusiyaya, nə də Ukraynaya sərfəli deyil.
Qeyd etdiyimiz kimi hətta Krım ilhaq olunanda, orada referendum və prezident seçkiləri keçiriləndə, Donetsk və Luqansk separatçı respublikalar elan olunanda Rusiyaya müharibəyə elan etməyən Ukraynanın indi gəmilərlə bağlı müharibəyə başlaması inandırıcı deyil. Hərbi vəziyyət elan edilməsinin isə Ukraynada 2019-cu il martın 31-də seçkilər keçiriləcək prezident seçkiləri ilə bağlı olduğu versiyasını daha inandırıcı hesab etmək olar. Rusiya hesab edir ki, Kerç boğazında insident bilavasitə bununla bağlıdır və Poroşenko seçkiqabağı xal toplamaq üçün bilərəkdən bu qarşıdurmaya gedib və hərbi vəziyyət elan edib. Çünki hərbi vəziyyət şəraitində seçkilər keçirilə bilməz və Poroşenko prezidentlik müddətini müəyyən qədər uzada bilər. Lakin hərbi vəziyyət 60 gün müddətindədir və seçkiyə qədər bitəcək. Bununla belə Poroşenko müddəti uzatsa, seçkilər təxirə salına bilər. Poroşenko Türkiyə variantına getsə, yəni Ərdoğanın etdiyi kimi ölkədə gərginliyin olmasını əsas gətirib hərbi vəziyyəti uzatsa və bu müddətdə həm rəqiblərini zəiflətsə, eyni zamanda Ərdoğanın Afrin zəfəri sayəsində reytinqini artırıb sonra seçkiyə getdiyi kimi, Poroşenko da bəzi qələbələr qazana bilsə, o zaman rəqibləri Timoşenko və Zelinskini seçkilərdə üstələyə bilər. Hazırda Poroşenko seçkilərə "Ordu, dil, etiqad" şüarı ilə getsə də, lakin çox az insan yaxın keçmişdə "şokolad kralı", Rusiya ilə sıx ticarət əlaqələri olan biznesmen prezidentin vətənpərvərlik şüarına inanır. Lakin real olaraq hərbi vəziyyət elan olunması, bir sıra insidentlər ali baş komandan kimi onun şanslarını artıra bilər. Hazırda hər iki ölkə bir-birini təxribata ilk olaraq əl atmaqda, Beynəlxalq dəniz hüququnu pozmaqda ittiham edir və məsələnin BMT-də müzakirəyə çıxarılmasını tələb edir. Rusiya Ukraynanı onun ərazi sularına qanunsuz girməkdə ittiham edir. 2014-cü ildə Krımın ilhaq edilməsi 2003-cü il Rusiya və Ukrayna arasında Qara dəniz və Azov dənizindən, habelə Kerç boğazından sərbəst istifadə haqda razılaşmanı etibarsız hala gətirdi. Krım üzərində nəzarət Kerç boğazını Rusiyanın daxili sularına çevirdi.
Lakin Kiyev və dünya birliyi Krımın Rusiyaya mənsubiyyətini tanımadığı üçün Ukraynanın 2003-cü il razılaşmasına əsasən Kerç boğazından, habelə Azov və Qara dənizdən sərbəst istifadə hüququnu tanıyır və nə boğazı, nə də dənizləri Rusiyanın daxili suları saymır.
Əslində, Ukraynanın bir neçə ay əvvəl Azov dənizində dəniz bazası inşa etmək planı Rusiya ilə gərginliyə səbəb olmuşdu. Azov dənizində mövqeyini saxlamaq Ukraynanın təhlükəsizliyi üçün vacibdir. Ukrayna həm də Mariupol və Berdyansk limanlarına maneəsiz çıxış əldə etmək istəyir. Rusiya isə Ukraynanın bu limanlara çıxışını çətinləşdirməklə şərqi Ukraynada onsuzda zəif olan döyüş ruhunu zəiflətmək, işsizliyi artırmaq və əhalinin Poroşenko hökumətindən narazılığını artırmaq üçün həmin limanlara yük daşımaçılığını azaldıb sosial-iqtisadi vəziyyəti pisləşdirmək istəyir. Ukraynanın hərbi-dəniz qüvvələrinin Rusiya kimi nəhəng dövlətlə müqayisədə xeyli zəif olduğu nəzərə alınarsa, Kiyevin müharibəyə başlaması inandırıcı deyil.
Ehtimal ki, Ukrayna Argentinada Böyük İyirmiliyin sammitində Tramp və Putin arasında görüş ərəfəsində ABŞ-Rusiya yaxınlaşmasının qarşısına sədd çəkmək üçün bunu edib. Bununla Ukrayna zərərçəkmiş, Rusiyanın təcavüzünə məruz qalan dövlət kimi ABŞ, Avropa Birliyindən yardım almağa, NATO gəmilərinin Qara və Azov dənizlərinə gəlməsinə, habelə Rusiyaya qarşı yeni təzyiqlərin, sanksiyaların tətbiq edilməsinə çalışa bilər”.(“Yeni Müsavat” )