Jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqədar Səudiyyə Ərəbistanına beynəlxalq qınaq artıb.
Bu arada ABŞ prezidenti Donald Trampın Səudiyyəyə göstərdiyi güzəştli münasibət diqqətlərdən yayınmır. Jurnalistin oktyabrın 2-də İstanbul Baş konsulluğunda qətlə yetrilməsindən sonra Səudiyyə Ərəbistanına silah satışını dayandıran ölkələrin sayı artır. Almaniyadan sonra, Danimarka və Finlandiya da Səudiyyə Ərəbistanına silah satışını dayandıracağını bildirib. Lakin ABŞ prezidenti Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq çağırışlarını rədd edib. Tramp bundan ən çox Rusiya və Çinin faydalanacağını əsas gətirərək, satışı dayandırmağı axmaqlıq adlandırıb.
Qeyd edək ki, bir sıra ölkələr 2015-ci ildən bu yana Yəməndə davam edən müharibədə iştirak etdiklərinə görə Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq etməyə başlamışdı. Birləşmiş Millətlər Təşkilatı ər-Riyadın bu ölkədəki hava hücumlarını "insan tərəfindən yaradılan ən böyük humanitar fəlakət" adlandırıb.
2015-2017-ci illərdə Səudiyyə Ərəbistanına ən çox silah ixrac edən 10 ölkə ABŞ, İngiltərə, Fransa, İspaniya, İtaliya, İsveçrə, Kanada, Almaniya, Türkiyə və Çindir. Son məlumatlara görə Türkiyənin Səudiyyə Ərəbistanına silah ixracatı 2018-ci ildə yanvar-oktyabr aylarında 73 faiz geriləyərək 8 milyon dollara enib. Stokholm Sülh Araşdırmaları İnstitutunun tədqiqatına əsasən, son 10 ildə Səudiyəyə ən çox silah satan ölkə ABŞ-dır. Səudiyyə Ərəbistanı silahlarının 61 faizini ABŞ-dan alır.
Birləşmiş Ştatlarını İngiltərə, Fransa, İspaniya və Almaniya izləyir. Son dönəmlərdəki artıma baxmayaraq, Çinin Səudiyyə Ərəbistanına çox az silah satdığı görülür. Son 15 ildə Səudiyyə Ərəbistanının silah bazarına girə bilmə çabalarının uğursuz olduğunu açıqlayan Rusiya isə, məlumat bazasında yer almır. İnstitutun məlumatlarına görə, ABŞ ötən il Səudiyyə Ərəbistanına 3,4 milyard dollarlıq silah satıb. İngiltərənin ixracatı 436 milyon dollar, Fransanın isə 27 milyon dollar olub. Digər ölkələrin ümumi ixracatı 225 milyon dollar təşkil edib.
Yəməndə baş verən hücumlardan sonra dünyada başlanan embarqoya baxmayaraq, ABŞ-ın 2016 və 2017-ci illərdə bu ölkəyə silah satışı 38 faiz artıb. Eyni zamanda Almaniyanın silah satışı da 14 milyon dollardan 105 milyon dollara qədər artıb.
Qeyd edək ki, Tramp noyabr ayında neft qiymətlərinin düşməsinə kömək göstərdiyinə görə Səudiyyəyə təşəkkür etmişdi. Təşəkkürdən sonra Səudiyyə Ərəbistanı neft hasilatını daha da artırıb. Beləliklə, neft hasilatı gündəlik 11,2 milyon barelə çıxaraq rekord səviyyəyə yüksələn Səudiyyə Ərəbistanının neft hasilatı 80 il əvvəl ilk neftini çıxarmasından bu yana ən yüksək nəticəyə qalxıb. Bu il 86 dollar səviyyələrini görən Brent markalı neft, Trampın təzyiqlərinin də təsiri ilə 58 dollara qədər geriləmişdi. Neft hasilatı artırılır və qiymətlər düşür. Tramp şahzadə Məhəmməd bin Salmanı Qaşıqçı məsələsində qoruyur. Prezident şahzadəni işin içindən “yağdan tük çəkər” təmiz çıxarmağa çalışır. Maraqlıdır, Tramp Səudiyyə Ərəbistanına niyə güzəştə gedir?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanını müdafiə etməsi konkret iqtisadiyyata söykənsə də, eyni zamanda özündə ciddi hərbi-siyasi məqsədlər də ehtiva edir: “Məlumdur ki, ABŞ Səudiyyə Ərəbistanına ən çox silah satan bir dövlət kimi tanınır. Xüsusilə Tramp prezident seçiləndən sonra may ayında Səudiyyəyə etdiyi səfər çərçivəsində 110 milyard dollarlıq silah satışı müqaviləsi imzaladı. Bu kontekstdə ABŞ büdcəsini doldurmaq üçün xeyli maliyyə qazandı. Ancaq qeyri-rəsmi məlumatlara görə, bu müqavilə 110 milyard dollardan çox olub. Hətta Səudiyyə Ərəbistanından 450 milyard dollara qədər maliyyə alınması ilə bağlı informasiyalar da var idi. Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki ən strateji müttəfiqidir. Bu da təbii ki, İsrailin bilavasitə təhlükəsizliyinə yönəlik bir siyasət kimi düşünülür. Çünki İsrail Yaxın Şərqdə demək olar ki, ərəb ölkələri ilə çevrəyə alınmış bir dövlətdir və yarandığı gündən indiyə qədər bütün müsəlman ölkələri ilə münaqişə vəziyyətindədir.
Bununla yanaşı, təkzibolunmaz faktdır ki, Trampın hakimiyyətə gəlməsində yəhudi lobbisinin də çox ciddi dəstəyi olub. Trampın prezident seçkisi dönəmində topladığı səslərin böyük əksəriyyətinin xristianlığın yevangelist təriqətinin üzvlərinə məxsus olduğu da heç kimə sirr deyil. Bu gün yevangelistlərin ABŞ-ın bütün dövlət strukturlarında yerləşdiyini də kimsə təkzib edə bilməz. ABŞ dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ən güclü şəbəkədən biri məhz yevangelislərdir. Bu təriqət İsrail sionizmini bilavasitə dəstəkləyən xristian məzhəbidir. Məhz yevangelislərin ciddi təzyiq və təsirilə Tramp heç bir zaman olmayan bir qərara imza atdı. Yəni, Tramp Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdı.
Bununla yetinməyən D.Tramp Təl-Əvivdə yerləşən ABŞ səfirliyini Qüdsə köçürdü. Bununla da ABŞ 10 illərdir davam edən İsrail-Fələstin arasındakı münaqişədə indiyə qədər olmayan bir məsələyə imza atdı. Yəni birmənalı olaraq, İsraili müdafiə edərək tərəf olduğunu nümayiş etdirdi. BMT-də, ABŞ-da olan beynəlxalq yardım fondlarının Fələstinə ayırdığı maliyyələrin qarşısını birdəfəlik aldı. Bu gün Fələstinin Qəzza bölgəsində insanlar humanitar faciə ilə üz-üzədirlər. Bunun səbəbkarı məhz ABŞ-dır və o bununla Yaxın Şərqdə strateji müttəfiqi olan İsrailin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Bu məsələdə də ən əhəmiyyətli ölkələrdən biri məhz Səudiyyə Ərəbistanıdır”.
“ABŞ Səudiyyə Ərəbistanını ciddi maliyyə və enerji daşıyıcıları mənbəyi olaraq dəstəkləyir”
Politoloq onu da qeyd edib ki, Vaşinqtonun Səudiyyənin başçılığı altında Yaxın Şərqdə bir neçə ərəb ölkəsindən ibarət “Ərəb NATO”nu formalaşdırmağı düşünür:
“Amerika bu layihə ilə məhz anti-İran mahiyyətli yeni hərbi blokun yaranmasının təməlini qoymaq istəyir. Doğrudur, jurnalist Qaşıqçının qətlindən sonra bu məsələ ikinci plana keçdi. Amma bu o demək deyil ki, bu layihədən tamamilə vaz keçilib. Sadəcə Səudiyyə Ərəbistanındakı hakimiyyət, xüsusilə də vəliəhd şahzadə Məhəmməd bin Salmanın gələcək taleyi və cinayətlə bağlı məlumatlar birmənalı olmadığı üçün, hələlik bu yöndə müzakirələr müvəqqəti də olsa, dayandırılıb. Buna görə də hesab edirəm ki, müəyyən bir müddət sonra yenidən Səudiyyənin başçılığı altında “Ərəb NATO”su layihəsi həyata keçirilməyə başlanacaq. Burada da əsas məqsəd İrana qarşı ABŞ və onun strateji müttəfiqi İsrailin deyil, məhz müsəlmanların müsəlmana qarşı müharibəsini təşkil etməkdən ibarətdir. Buna görə də ABŞ Səudiyyə Ərəbistanının ciddi maliyyə və enerji daşıyıcıları mənbəyi olaraq dəstəkləyir.
Bu, tək silah satışında, eləcə də neft məsələlərindəki manipulyasiyalarda yox, eyni zamanda ABŞ-ın Suriyadakı dağıdıcı rolunda da görünür. Bu gün PKK terrorçularının Suriya qolu olan YPG terrorçularının dəstək məsələsində ABŞ-ın Səudiyyə Ərəbistanından 10 milyonlarla dollar aldığı sirr deyil. ABŞ-ın Səudiyyə Ərəbistanını dəstəkləməsi heç də təsadüfi deyil. Onu da nəzərə almaq lazımdır ki, ABŞ Səudiyyə krallığının gələcəyini məhz vəliəhd şahzadə Məhəmməd bin Salmanın şəxsində görür.
Çünki Məhəmməd bin Salman ABŞ-la İsrailin böyütdüyü bir uşaq kimi dəyərləndirilir. Bu gün şahzadə həm İsrail kəşfiyyat xidməti Mossad, həm də ABŞ prezidenti Trampın kürəkəni və baş məsləhətçisi, yəhudi kökənli Cared Kuşner tərəfindən çox asanlıqla idarə olunur. ABŞ düşünür ki, gələcəkdə belə bir “marionet” kralın vasitəsilə Səudiyyə Ərəbistanını çox rahat idarə edəcək. Bu kontekstdə Səudiyyənin vasitəsilə digər ərəb ölkələrini də öz təsir və nəzarəti altında saxlaya biləcək”.
Silah satışını dayandıran ölkələrin artmasına gəlincə, Natiq Miri bunun heç də həmin ölkələrin Səudiyyə Ərəbistanına olan nifrəti və yaxud insan haqları ilə bağlı olan məsələyə aid olmadığını deyib: “Doğrudur, insan haqları əsas gətirilərək silah satışı dayandırılır. Artıq Fransada da silah satışı ilə bağlı qərar verilib. Bütün bunlar dünyada öz sifətlərini qorumaq üçün atılan addımlardır. Heç bir demokratik dövlət jurnalist Qaşıqçının qatili olan Məhəmməd bin Salmanı öz ölkəsində görmək istəmir. Hətta kralla hansısa ticari və iqtisadi əməkdaşlıq belə getmək istəmirlər. “JP Morgan”ın verdiyi xəbərə görə, Camal Qaşıqçının qətlindən sonra xarici iş adamları Səudiyyə Ərəbistanından 90 milyard dollarlıq sərmayə çıxarıblar. Bu, axırıncı olay deyil, proses davam edəcək. Özünə hörmət edən dünya səviyyəli şirkətlər Səudiyyə Ərəbistanı, xüsusilə də onun şahzadəsi ilə hər hansı bir layihəni icra etmək istəmir.
Bu proseslər dünyada ictimai rəyi özünə cəlb edir. Bu gün diqqətlər Səudiyyə Ərəbistanındadır və xüsusilə də Türkiyədə gedən məlum cinayətin istintaqına yönəlib. Qətlin sifarişçisi ortaya çıxmayana qədər heç bir dövlət Məhəmməd bin Salmanla iqtisadi, siyasi və hərbi müqaviləyə getməyəcək. Bu gün izolyasiya vəziyyətindən çıxmaq üçün Məhəmməd bin Salman ərəb ölkələrinə səfər etməyə başlayıb. Artıq şahzadə getmək istədiyi ölkənin vətəndaşları səfərdən öncə küçələrə çıxaraq etiraz edirlər ki, Qaşıqçının qatilini ölkələrində görmək istəmirlər. Bütün bunlar Səudiyyə Ərəbistanına, eləcə də onun müdafiəçisi olan ABŞ rəhbərliyinə də ciddi siqnal olmalıdır. Bu gün totalitar ölkələrdə yaşayan toplumlar belə Səudiyyənin bu cinayətini qətiyyən qəbul etmək istəmirlər”.