Ərdoğanın yeni missiyası: İki slavyan dövlətini barışdıra biləcəkmi?


Ərdoğanın yeni missiyası: İki slavyan dövlətini barışdıra biləcəkmi?

Rusiya və Ukrayna arasında artıq 5 ilə yaxındır ki, davam edən gərginlik son günlər daha da qızışıb. Azov dənizində yaranmış böhrandan sonra Ukrayna prezidenti Petro Poroşenko hərbi vəziyyət şəraitində səfərbərlik elan edib. Qeyd edək ki, noyabrın 25-də Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilməsi olub. Qeyd edək ki, prezident Petro Poroşenko Kerç boğazındakı insidentlə əlaqədar ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib, lakin daha sonra hərbi rejim müddəti 30 günə endirilib və noyabrın 26-da Ali Rada Poroşenkonun hərbi vəziyyətlə bağlı fərmanını təsdiqləyib.

Belə bir fonda Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətçəkən açıqlama verib. Prezident Ərdoğan deyib ki, Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçüm Türkiyə vasitəçiliyi üzərinə götürə bilər. Ərdoğan həmçinin Türkiyənin Ukraynayla münasibətlərinin tarixən güclü olduğunu da daim vurğulayıb.

Maraqlıdır, Ərdoğan Rusiya ilə Ukraynanı barışdıra biləcəkmi?

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində bir sıra maraqlı məqamlara toxunub: 

“Rusiya və Ukrayna arasındakı gərginliyin əsas səbəbi əlbəttə 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı oldu. Baxmayaraq ki, Rusiya bu məsələdə beynəlxalq hüquq normaları, yəni məsələnin referendumla həlli mövqeyindən çıxış edir. Rusiyanın da mövqeyi anlaşılan idi. Çünki Krımla bağlı məsələsini Rusiya öz xeyrinə həll etməsəydi, bəlkə də Sevastopolda atom bombaları yerləşdiriləcəkdi. Yəni, burada Rusiyanın təhlükəsizlik marağı var idi. Etiraf etmək lazımdır ki, Ukraynanın özündə hakimiyyət dəyişikliyi ilk baxışından legitim olsa da, əslində orada Qərbin dəstəyi ilə dövlət çevrilişi baş verib. Rusiyanın isə Krımda, Donbasda atdığı addımlar isə Qərbin Ukraynadakı proseslərinə cavab idi”.

Politoloq Türkiyənin hər iki dövlətlə münasibətinin yaxşı olduğunu deyib:

“Krım tarixən Osmanlının müttəfiqi olub. Amma bu məsələdə Türkiyə tam olaraq beynəlxalq hüquq normalarına uyğun addım atdı. Türkiyə bugünə qədər Krımı Rusiya ərazisi kimi tanımayıb. Krımdakı tatar icmasının liderinin Türkiyə ilə xüsusi münasibəti var. İstisna deyil ki, tatar icması Türkiyədəki müəyyən dairələr tərəfindən bu və ya digər formada tənzimlənir və maliyyələşdirilir. Təbii ki, bu fonda Türkiyə qonşu Ukraynanın bugünkü və sahabkı taleyinə laqeyd qala bilməz. Amma məsələ ondadır ki, bu gün Suriyada yaşanan hadisələr, ABŞ-Türkiyə gərginliyi, Avropa Birliyi ilə heç də rəsmi Ankaranın xeyrinə olmayan münasibətlər Qərbin Türkiyə ilə təhdid, təzyiq dilində danışması kimi qəbul olunmalıdır. 

Əslində, Ukrayna-Rusiya yaxınlaşması Türkiyənin dövləti maraqları baxımından anlaşılandır. Düşünürəm ki, Ukrayna və Rusiya Türkiyənin bölgədəki mövqeyini düzgün anlayır, qiymətləndirir. İstisna etmək olmaz ki, Türkiyə özünün dövlət maraqlarından çıxış edərək Ukrayna və Rusiyanı barışdırmaq üçün vasitəçi rolunda çıxış edə bilər. Həm də nəzərə almaq lazımdır ki, Türkiyədə qıcıq yaranmasın deyə Krımda tatar dli rəsmi dövlət dili elan edilib. Bu da əslində Rusiyanın Türkiyəyə verdiyi önəm kontekstində dəyərləndirilməlidir”.

E.Manafov hesab edir ki, Türkiyə Rusiya və Ukraynanı barışdırsa, NATO-da nüfuzu artacaq:

“Məlumdur ki, bu gün Türkiyə neft-qaz tələbatının ən az 50 faizini Rusiya hesabına təmin edir. Ona görə də düşünürəm ki, tərəflər Türkiyənin vasitəçiliyini anlayışla qarşılayacaqlar. Hesab edirəm ki, bu missiya Türkiyənin NATO daxilində reytinqinin yüksəlməsinə də səbəb olacaq”. 

Vilayət Muxtar
Cebhe.info

Tarix: 1-12-2018, 21:34
Xəbəri paylaş





Xəbər lenti