“Gürcüstan seçicisi göstərdi ki, səsləri saxtalaşdırılsa da, heç kim onun mübarizə əzmini qıra bilməz”


Aygün Muradxanlı: “Böyük ehtimalla, qısa zamanda aksiyalar, etirazlar səngiyəcək və siyasi gündəm 2020-ci ilin parlament seçkilərinə köklənəcək”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı Gürcüstandakı seçkiləri və seçkisonrası prosesləri müşahidə etmək üçün qonşu ölkəyə ezam edilmişdi. Gürcüstandan qayıdan əməkdaşımız musavat.com-a müsahibəsində baş verənlərdən, seçkilərin nəticəsindən, habelə gözlənilən proseslərdən danışıb.

- Aygün xanım, Gürcüstan seçkilərində bu nəticə gözlənilən idimi?

- Müxalifət seçkinin ilk turunda faktiki qalib gəlmişdi. 38 faizə yaxın səsi müxalifətin vahid namizədi Qriqol Vaşadze, 11 faizə yaxın səsi David Bakradze qazanmışdı. Salome Zurabişvilinin səsi isə 39 faizə yaxın idi. İkinci turda Bakradze və səsləri 12 faizə yaxın olan daha bir neçə müxalif partiya Vaşadzeni dəstəkləyirdi. Salome Zurabişvili ilk turda cəmi 39 faiz qazansa da, onun qalib gələcəyi haqda xəbərlər yayılırdı. Maraqlıdır ki, söhbət Zurabişvilinin xalqın dəstəyi ilə azad və ədalətli seçkidə qalib gələcəyindən yox, konkret qrupların dəstəyi ilə bu posta sahib olacağından gedirdi. Gürcüstan postsovet məkanında seçki sistemini formalaşdıran ölkələrin sırasındadır. 2003-cü ildə məxməri inqilabla hakimiyyətə gələn siyasi qüvvə 2012-ci ildə seçki yolu ilə iqtidardan gedib. Sonrakı seçki prosesləri demokratik prinsiplərə az-çox cavab verib. Bu səbəbdən, ölkədə ciddi seçki saxtakarlığının olacağı o qədər də gözlənilən deyildi. Ancaq məsələnin digər tərəfi də var. Müxalifət liderləri, xüsusən də ölkədən kənarda olan eks-prezident Saakaşvili hakim “Gürcü Arzusu”nun xaç atası Bdzina İvanişvili ilə bağlı ‘’Biz heç kimdən qisas almaq fikrində deyilik, ancaq İvanişvili Gürcüstanda etdiklərinə görə mütləq cavab verəcək’’ ritorikasına keçəndə aydın idi ki, İvanişvili iqtidarda qalmaq üçün bütün gücünü qullanacaq. Belə də oldu...

- Perspektivdə nə gözlənilir?

- Böyük ehtimalla, qısa zamanda aksiyalar, etirazlar səngiyəcək və siyasi gündəm 2020-ci ilin parlament seçkilərinə köklənəcək. İndi müxalifətin əsas hədəfi seçki sistemini dəyişmək, daha dəqiqi, majoritar sistemin ləğvinə nail olmaqdır. Çünki, bu, iqtidarda olan gücün parlament seçkilərində qələbəsini asanlaşdıran faktordur. Əgər seçki sistem dəyişikliyi olmadan keçirilsə, “Gürcü Arzusu”nun iqtidarı daha 4 il uzanacaq.

- Marneulidəki azərbaycanlılar niyə Saakaşvilini dəstəklədilər? Xanım namizəd harda səhv etmişdi ki, azərbaycanlıların rəğbətini qazana bilməmişdi?

- Gürcüstan azərbaycanlılarının eks-prezidenti dəstəkləməsinin əsas səbəbi onun iqtidarı dönəmində ilk dəfə olaraq, özlərini Gürcüstanın bərabərhüquqlu vətəndaşı kimi hiss etmələridir. Azərbaycanlılara qarşı aşağılayıcı ‘’tatrebi“ kəlməsini Saakaşvili qadağan etdi və bunun üçün cərimə tətbiq olundu. ABŞ modelinə uyğun cəmiyyət yaratmağı hədəfləyən Mixeil Saakaşvili iqtidarda olduğu 8 ildə buna qismən nail oldu. Onun xidmətlərini ideallaşdırmaqdan uzağıq. Saakaşvili dönəmində siyasi təqiblər də, iş adamlarının sıxışdırılması da baş verib, bizimkilər və bizdən olmayanlar məsələsi də gündəmdə olub. Ancaq insanlar ilk dəfə rüşvətsiz polisi, səhiyyəni, təhsili, bütünlükdə dövlət aparatını onun dönəmində görüblər. Onun iqtidarı dönəmində ilk dəfə maaşlar zamanında verilib, pensiyalar gecikməyib, illərlə çözülməyən elektrik, istilik, yol problemləri çözülüb, kənd təsərrüfatına dövlət dəstəyi üzrə onlarla islahat həyata keçirilib. Qərbə inteqrasiya cəmiyyət həyatına saysız müsbət çalarlar gətirib. Azad media, azad seçki, sivil mübarizə imkanları, o sıradan vicdan azadlığı... “Gürcü Arzusu” dönəmində isə bu dinamika qəfil dayanıb. Gürcüstanda tez-tez oluram, əhalini narahat edən əsas işsizlik problemidir ki, heç kim bu iqtidarın dönəmində işsizliyə çarə bulunacağına inanmır. Yarızarafat-yarıciddi deyirlər ki, bütün Gürcüstan Tiflisdə taksiçiliklə məşğuldur.

- Gürcüstan seçkilərində səslərin pulla alınması baş verdimi? İvanişvilinin pulları rol oynadımı?

- Ötən gün birləşmiş müxalifətin mitinqinə bir neçə vətəndaş kartof, soğanla gəlmişdi. Bu, iqtidarın seçki ərəfəsində vətəndaşların səslərinin alınması üçün onlara paylanan tərəvəzlərə işarə idi. Sosial şəbəkələrdə seçicilərin ələ alınması üçün onlara pul, ərzaq paylanması ilə bağlı onlarla görüntü var. Çoxları bunu İvanişvilinin vəsaiti sayır. Bir həqiqəti unutmayaq ki, İvanişvili iş adamıdır. O, gəlir təminatı yüksək olmayan heç bir sahəyə pul yatırmaz.

- Müxalifət aksiya keçirdi. Əsas tələb erkən parlament seçkisinin keçirilməsidir. Mitinqlər genişlənə, bu tələb reallaşa bilərmi?

- Gürcüstan seçicisi göstərdi ki, səsləri saxtalaşdırılsa da, nəticələr onun gözlədiyi kimi olmasa da, onun mübarizə əzmini heç kim qıra bilməz. Ötən gün keçmiş parlament binasının önünə 15 mindən çox insan yığışmışdı. Müxalifətin mühacirətdəki lideri Saakaşvili də dedi ki, çağırdığınız an yanınızda olmağa hazıram. Bu mitinq müxalifətin bu seçkidə iqtidara sonuncu güc göstərisi idi. Bundan sonra böyük ehtimalla müxalifətlə iqtidar arasında dialoq başlayacaq. Artıq müxalifətin seçkidəki vahid namizədi Qriqol Vaşadze bunun anonsunu da verib: “İqtidar 5 nəfərlik işçi qrupu yaratsın, ölkəni böhrandan çıxaraq”.


Tarix: 3-12-2018, 21:13
Xəbəri paylaş





Xəbər lenti