ABŞ dünyanın supergücü hesab olunur. Öhdəliklərini yerinə yetirməyən ölkələrə ABŞ-ın ciddi təsir imkanı var. Dünyada ən çox təsirli sanksiya tətbiq edən ölkə də məhz ABŞ-dır.
Birləşmiş Ştatlar tək və ya üzv olduğu koalisiyalar vasitəsilə 44-ə yaxın ölkəyə müxtəlif sanksiyalar tətbiq edib və etməkdə davam edir.
Maraqlıdır, ABŞ-a qarşı sanksiya tətbiq edən ölkə varmı? Əgər varsa, bu sanksiyaların təsir gücü nə qədərdir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi Natiq Miri bildirib ki, ABŞ toxunulmaz obyekt deyil:
“ABŞ-a qarşı da sanksiyalar tətbiq olunur. ABŞ-ın sanksiya tətbiq etdiyi böyük ölkələrin əksəriyyəti qarşılıqlı olaraq bu ölkəyə sanksiyalar tətbiq edib. Biz bunu Rusiya, Çin və Türkiyə ilə sanksiya münasibətlərində də gördük. Hazırda əlavə vergi dəyərlərinin artırılması ilə paralel olaraq Çinə qarşı, Çin də adekvat olaraq əlavə vergi rüsumunu artırmaqla qarşılıqlı olaraq ABŞ-a cavab verir. Bundan əlavə, casus rahib, ABŞ vətəndaşı Brunson Türkiyədə həbs olunarkən , qardaş ölkənin iki nazirinə ABŞ tərəfindən sanksiya tətbiq olundu. Buna cavab olaraq Türkiyədən də ABŞ-ın iki nazirinə sanksiyalar gəldi.
Təbii ki, bunu hər dövlət edə bilmir. Daha doğrusu, bu cəsarəti özündə tapa bilmir. Bu da onunla bağlıdır ki, ABŞ güclü dövlətdir və hər bir ölkəyə cəza tətbiq etmək imkanı, mexanizmi var. Məhz bu imkan və mexanizmlərdən qorxaraq dövlətlər ABŞ sanksiyaları qarşısında geri çəkilir. Ancaq müstəqil xarici siyasət yürüdən ölkələr ABŞ-a qarşılıqlı sanksiya tətbiq etmək cəsarətində olurlar. Bunu qardaş Türkiyənin timsalında gördük. ABŞ toxunulmaz deyil. Bu ölkəyə nəinki sanksiyalar tətbiq etmək, bundan da artığını etmək mümkündür. Yetər ki, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin qarşısında duruş gətirə biləsən”.
Ekspert bunun şərtlərini sadalayıb: “Bunun üçün birincisi müstəqil və xarici siyasət olmalıdır. İkincisi, daxili, ictimai-siyasi nöqteyi- nəzərindən ən azından dayanıqlı olmalı, sabitlik qorunmalıdır. Həmçinin, güclü iqtisadiyyata sahib olmalıdır. Nəhayət, ABŞ-ın ən güclü silahı olan dollar qarşısında duruş gətirə bilməlidir. Bu baxımdan, ABŞ istənilən ölkəni müxtəlif manipulyasiyalarla, “iqtisadi zəlzələylə” sarsıda bilir. ABŞ-a dirəniş göstərmək olar, sadəcə, bir çox ölkələrin şuurlu olaraq və qorxmadan bu prosesə qoşulmasına ehtiyac var. Türkiyə bir çox hallarda dollardan imtina və milli valyutadan istifadəylə bağlı təkliflə çıxış edib. Təəssüf ki, bir çox ölkə, hətta müsəlman ölkələri belə ABŞ-dan qorxaraq bu prosesə qoşulmur.
Hələlik Türkiyənin səsinə səs verən bir neçə ölkə var ki, bunların da sırasında Rusiya, Çin və İran durur. Amma bəzi böyük ölkələr ABŞ-a dirənmək üçün öz milli valyutalarından istifadə etmək cəsarətini özlərində tapa bilmirlər. Əgər bunu etmiş olsalar, təbii ki, ABŞ-ın bütün ölkələrə təsir imkanları minimuma enər. ABŞ kimi böyük bir dövləti sağmal inək kimi görən və bu psixologiyada olan ölkələr də var. Fikir verirsinizsə, son zamanlar vəziyyət ABŞ-ın xeyrinə deyil, zərərinə dəyişməkdədir. Bu ölkə qlobal səviyyədə təklənir. Bundan əlavə, Türkiyə isbat etdi ki, BMT səviyyəsində hətta ABŞ-a qarşı çox sərt qərarlar qəbul etmək mümkündür. Təbii ki, bu, digər ölkələri də müəyyən qədər cəsarətləndirir. Ancaq hələlik bu, kütləvi xarakter daşımır”.