Böyük Britaniya kəşfiyyatından Rusiyaya xəbərdarlıq: “Bizim gücümüzü...”


“Böyük Britaniyanın xarici kəşfiyyat orqanı “Mİ 6”-nın rəhbəri Aleks Yanger Rusiyaya Birləşmiş Krallığın cavab zərbə endirmək qabiliyyətinin kiçildilməməsi barədə xəbərdarlıq edib.

“The Guardian” qəzetinin verdiyi xəbərə görə, Şotlandiyanın Sent-Endryus universitetində tələbələrin qarşısında çıxış edən Aleks Yanger (o, kəşfiyyat orqanlarına daxil olmazdan əvvəl bu universitetin məzunu olub) özlərini Böyük Britaniya ilə daimi konfrontasiya halında hiss edən ölkələrin mövcudluğuna diqqət çəkib. Yanger bunların sırasında ilk öncə Rusiyanın adını qeyd edib.

“Mİ 6”-nın şefi başçılıq etdiyi təşkilatın Solsberidə Sergey Skripalı zəhərləyən Rusiya hərbi kəşfiyyatçılarının ifşa olunmasında və rusiyalı diplomatların ölkədən qovulmasında əsas rol oynadığını söyləyib: “Bu cür qərarlılıq Rusiya prezidenti Vladimir Putinin də planlarını pozmuş oldu. Biz bununla Kremlə və digər potensial düşmən dövlətlərə Böyük Britaniyanın istənilən düşmən fəaliyyəti layiqincə dəyərləndirmək və daha sonra cavab zərbəsi endirmək qabiliyyətində olduğumuzu göstərə bildik”.

Yanger britaniyalıların həyat tərzinə düşmən kəsilən istənilən dövləti onların qərarlılıqlarını heçə saymamağa və ya imkanlarını öz gözlərində kiçiltməməyə çağırıb.

Bundan başqa Aleks Yanger Böyük Britaniyanın milli təhlükəsizliyinə qarşı “hibrid” təhdidlərdən, o cümlədən yalan xəbərlərlə ölkənin daxili siyasətinə təsir və müdaxilə etmək cəhdlərdən də danışıb.

Musavat.com

Tarix: 5-12-2018, 20:17
Xəbəri paylaş





Xəbər lenti