“Tezliklə Nikol Paşinyanın özü təqsirkar statusunda sorğu üçün gələcək, buna şübhə etməyin”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistanın xüsusi xidmət orqanlarına rəhbərlik etmiş David Şahnazaryan jurnalistlərə deyib.
Şahnazaryan əlavə edib ki, bu, təhdid deyil, gözləntidir: “Gün gələcək, o, ifadə verməyə başlayacaq. O zaman isə hüquq-mühafizə orqanları hüquqi qiymətləndirmələr verəcək”.
Qeyd edək ki, D.Şahnazaryan milli təhlükəsizlik xidmətinə dindirilmək üçün çağırılıb. Hakimiyyəti Qarabağı təhvil verməyə hazırlaşmaqda günahlandıran Şahnazaryan dindirməyə getməkdən imtina edib.