“Transparency İnternational” təşkilatı dünyanın 104 ən böyük şirkətinin siyasi hakimiyyətlə əlaqələrini araşdırıb və onların 76%-nin öz siyasi əlaqələrini gizlətdiyini aşkar edib. Buraya partiyalara edilən maliyyə yardımları və lobbiçilik də daxildir.
Təhqiqat müəlliflərinin bildirdiyi kimi, bizneslə hökumətin qarşılıqlı əlaqələri öz-özülüyündə qeyri-qanuni bir fəaliyyət deyil. Lakin əgər bu münasibətlər kölgəyə çəkilərsə, o zaman ciddi korrupsiya habelə, hökumət tərəfindən yalnız varlı və nüfuzlu biznesmenlərin xeyrinə qərar çıxarılmaq təhlükəsi yaranır.
“Transparency İnternational” bu cəhətdən şirkətləri A kateqoriyasından (ən yaxşılar) F-ə qədər (ən pis) bölüb.
A kateqoriyasında sadəcə bir şirkətin, əczaçılıq nəhəngi “GlaxoSmithKline” firmasının adı var.
“B” yəni “yaxşı” və ya “qənaətbəxş” qrupuna "Barclays", "Siemens", "IBM", "Centrica", "Apple", "Cisco", "Microsoft", "Lockheed Martin" kimi iri korporasiyalar daxildir.
Lakin öz şəffaflığına görə “qənaətbəxş olmayan” və ya “olduqca pis” hesab edilən şirkətlərin sayı daha çoxdur. 104 şirkətdən 76-sı D, E və F qrupuna daxil olunub. "Amazon", "Facebook", "BP", "BMW", "Shell", "Time Warner" kimi adlı-sanlı firmalar “pis” standarlara aid edilən şirkətlər sırasındadırlar.
Ən bərbad kateqaoriyada isə "CK Hutchinson", "Hitachi", "Mitsubishi Heavy Industries", "Samsung", "Softbank" və "TATA Group" kimi böyük şirkətlər, habelə "Ford", "Honda", "Nissan" və "Toyota" kimi avtomobil istehsalı ilə məşğul olan firmalar yer alıb.
Bundan başqa "Disney", "Huawei", "Ernst & Young" kimi iri transmilli korporasiyaların adları eyni qrupda səslənir.
Musavat.com