Özbəkistanda milislər və prokurorlar rüşvət almamaq üçün Qurana and içməyə məcbur ediliblər - FOTOLAR


Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almamaq və xalqın malına göz dikməmək üçün İslam dininin müqəddəs kitabı Qurani-Kərimə and içməyə məcbur ediliblər.

Musavat.com xəbər verir ki, bununla bağlı Azadlıq radiosunun Özbəkistan bürosu (Radio Ozodlik) məlumat yayıb.

Xəbərdə bu tədbirin Özbəkistanda prezident Şavkat Mirziyayev tərəfindən təsdiq edilən korrupsiyaya qarşı mübarizə proqramı çərçivəsində həyata keçirildiyi bildirilir. Yerli milislərdən birinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib. Lakin özbək ruhanisi və növbətçi inspektor andiçmə mərasimini şərh etməkdən boyun qaçırıblar.

Məlumatda bənzər andiçmənin özbək fermerlər tərəfindən həyata keçirildiyi yazılıb. Onlar öz peşələrinə sadiq qalacaqlarına, ölkənin inkişafına hər cür yardım göstərəcəklərinə dair and içiblər. Bu cür kollektiv andiçmənin tibb işçiləri arasında baş tutduğu da deyilir.

Bu yaxınlarda isə Özbəkistan baş nazirinin müavini Zahir Mirzəyevin fermerləri buğda sahələrini vaxtında sulamadıqları üçün təhqir etdiyi ortaya çxımışdı. Hadisə Daşkənd vilayətinin Akkurqan rayonunda baş verib.

Baş nazirin müavini onları islanmış paltarlarla sahədəki arxın içində öncə 45 dəqiqə soyuq suyun içində ayaq üstə saxlayıb və daha sonra qaçmağa məcbur edib.

Buna görə Özbəkistan prezidenti Zahir Mirzəyevi vəzifəsindən qovub. Mirzəyevlə bərabər Daşkənd vilayətinin prokuroru və digər vəzifəli şəxsləri də vəzifələri ilə vidalaşmalı olublar.




Tarix: 9-12-2018, 16:00
Xəbəri paylaş





Xəbər lenti