Ermənistanda keçirilmiş erkən parlament seçkilərində qalib gələn qüvvə Ermənistanın üzünü Avropaya çevirəcək.
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Partiya sədrinin qənaətinə görə, seçkiləri udmuş “Mənim Addımım” bloku Avropa İttifaqına inteqrasiya siyasətini gücləndirəcək: “Digər yandan da, Rusiya ilə olan müttəfiqlik münasibətlərini qoruyub saxlamağa çalışacaq. Rusiya ilə daha yeni münasibətlər sistemi üzərində işlər görüləcək”.
Əli Əliyev hazırkı hökumət başçısı Nikol Paşinyanın “Qarabağ klanı”nın nüfuzlu üzvlərinə qarşı başlatdığı həbs kampaniyasına da diqqət çəkib: “Keçmiş prezident Robert Köçəryan Rusiyanın əlində siyasi alət idi. Köçəryan İrəvanı Moskvaya bağlayan əsas bağ idi. “Qarabağ klanı” uzun illər əlində yığdığı resursları ilə Ermənistanın Rusiyanın təsir dairəsində qalmasını təmin edirdi.
Hazırda bu planın zəiflədilməsi prosesi gedir. Robert Köçəryan Moskvanın əsas nümayəndəsi idi ki, Paşinyan seçkilərdən qabaq onu həbs etdirməklə Moskvadan qorxmadığını nümayiş etdirməyə çalışdı. Hesab edirəm ki, vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı” getdikcə zəiflədiləcək və bu klanın yenidən iqtidara qayıdışı çətin ola bilər”.
Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilən növbədəkənar parlament seçkilərində hazırkı hökumət başçısı Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qalib gəlib.