***
Musavat.com NTV-yə istinadən xəbər verir ki, Strasburq şəhərinin mərkəzindəki Kleber meydanında qurulan, Yeni il aksesuarları satılan bazara silahlı hücum təşkil olunub. Silahlı basqın nəticəsində azı 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Silahlı hücum çox sayda turistin Yeni il bazarını gəzdiyi vaxt həyata keçirilib.
***
Euronews kanalı hadisə yerindən canlı yayında bildirib ki, 10 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti ağırdı.
***
Polis hadisə yerini əhatəyə alıb. Yaxınlıqdaki ictimai nəqliyyat səfərləri təxirə salınıb. Fransa Daxili İşlər Nazirliyi vətəndaşlara evlərinə getmələri üçün çağırış edib.
***
Bas-Rhin Qubernatorluğu hadisə nəticəsində 2 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb. Açıqlamada həmçinin qeyd olunub ki, silahlı basqını təşkil edən şəxsin kimliyi məlumdur və o, hər yerdə axtarılır.
Ölkə prezidenti Emmonuel Makron Yelisey sarayındakı toplantısını yarıda kəsib. Hadisənin terror olma ehtimalı araşdırılır.
Son məlumata görə, 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
***
Bas-Rhin Qubernatorluğu hadisənin terror aktı olma ehtimalı üzərində dayandıqlarını bildirib.
Hadisəni törədən şəxsin qaçmadan əvvəl əsgərlər tərəfindən vurularaq yaralandığı qeyd edilir. Silahlı saldırı Almaniya ilə sərhəddə yerləşən şəhərdə baş verdiyindən, polis silahlı şəxsin Almaniyaya qaçma ehtimalına qarşılıq olaraq sərhəddə nəzarəti gücləndirib.
***
Hadisədən sonra Strasburqda yerləşən Avropa Parlamenti binası bağlanıb. İşçilərə çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib. Avropa Parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Polis binanı əhatəyə alıb.
***
Euronews kanalı silahlı hücum nəticəsində 4 nəfərin öldüyünü, 10-a yaxın insanın isə yaralandığını bildirib. Yerli vaxtla axşam saat 20:00-da baş verən hadisədə polis əvvəl 1, sonra isə 2 nəfərin öldüyünü açıqladı. İrəliləyən saatlarda ölü sayının 4-ə çatdığı bildirildi. 10-a yaxın insanın yaralandığı qeyd edilir. Bəzi mənbələr yaralı sayının 11 olduğunu yazır.
***
Hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlum olub ki, silahlı hücumu təşkil edən şəxs bundan əvvəl soyğun da edibmiş və bu səbəbdən səhər saatlarında polis həmin şəxsin evinə basqın edib, ancaq axtarışlar nəticə verməyib, yəni polis həmin şəxsi evdə tapmayıb, lakin evdən partlayıcılar tapılıb. 29 yaşında olduğu bildirilən şübhəli axşam saatlarında silahlı hücumu həyata keçirib.
Polis axtarışları davam etdirir.
***
Kristofer Kastaner
Fransanın daxili işlər naziri Kristofer Kastaner hadisə ilə bağlı açıqlama verib. Nazir silahlı hücum nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirib. Nazir silahlı hücumu hazırlayan 29 yaşlı şəxsin adını "Fiche S" olaraq açıqlayıb.