"Nikol Paşinyanın hazırda üzləşdiyi başlıca problem “məxməri” adlandırılan inqilabı uzunmüddətli mirasa çevirməkdir. Bu isə Paşinyanın diktator olmasını təmin edəcək”.
Bunu “Chatham House”un dosenti, “Qafqaz Araşdırmaları” analitik jurnalının həmtəsisçisi Lourens Broers "Euronews”a müsahibəsində Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib. “Paşinyan özünün şəxsi populyarlığından həzz alır. Onun qarşısındakıların hamısını silib-süpürərək ölkədə yeganə dominant fiqur olmaq təhlükəsi var”.
Broersin fikrincə, Ermənistan uzun illərdir ki, bir sıra sahələrdə genişmiqyaslı islahatlara ehtiyac duyur, lakin bu islahatların tam effektivliyi üçün hesabatlılıq başlıca meyardır. Bu mənada, çətin ki Paşinyan Ermənistanda təkhakimiyyətliliyə nail olduqdan sonra parlamentdə hökumətin səhv qərarlarını mühakimə edəcək sağlam müxalifət formalaşsın:
“Post sovet ölkələrində tez-tez populyar üsyanlar yolu ilə hakimiyyətə gətirilən islahatçı liderlər daha sonra gücü öz əllərində mərkəzləşdirir və legitimliklərini itirirlər. Paşinyan da inqilab yolu ilə baş nazir kimi hakimiyyətə gəldi. Amma parlament əvvəlki hakimiyyətin nəzarətində idi. Digər post sovet ölkələrinin təcrübəsindən də görürük ki, inqilabdan sonra bütün hakimiyyəti ələ alan liderlər uzunmüddətli islahatlar və siyasi dəyişikliklərlə bağlı xalqı məyus ediblər. Paşinyan həm də gənc və təcrübəsiz elitləri hökumətə gətirib və şübhəsiz ki, onlar gələcəkdə səhvlər buraxacaqlar. Məsələ də ondadır ki, hökumətin bu cür səhvlərinə görə Paşinyandan hansı siyasi qüvvələr hesab soraraq onu məsuliyyətə cəlb edə biləcəklər?"
Politoloq Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə də toxunub:
“Ermənistan xalqı avtoritar və oliqarx rejimlərdən canını qurtarmaqda niyyətlidir, amma Rusiya ilə sıx müttəfiqlik əlaqələrini saxlamaqla buna necə nail olacaqları Ermənistan-Rusiya münasibətlərini ciddi sınağa çəkəcək. Lakin enerji və nəqliyyat kimi strateji sferalar da daxil olmaqla, iqtisadiyyatın başlıca sahələrində Ermənistan oliqarxlarının ruslarla əlaqələrinin pozulması Paşinyanın həmin varlıların yerli erməni müştəriləri, o cümlədən də Rusiya dövləti və kommersiya fiqurları ilə münaqişəyə girməsini qaçılmaz edəcək”.
Bu mənada istisna olunmur ki, əsas müxalifətin parlamentə girişini blokladıqdan sonra vəd etdiyi iqtisadi-sosial islahatları yerinə yetirmədiyi halda Paşinyanı da digər məxməri inqilab liderlərinin aqibəti gözləyir. İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir. Artıq bunu xarici təcrübələr təsdiqləyir.
Maraqlıdır, Paşinyan devriləcəkmi, yoxsa bu taledən qaça biləcəkmi?
Siyasi şərhçi, politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Paşinyanın parlamenti özünə qarşı real müxalifət olmayan qüvvələrdən ibarət bir şəkildə formalaşdırmaq cəhdləri uğurla yekunlaşdı:
“O, hələ aprel ayında vəd etmişdi ki, növbədənkənar seçki keçirəcək, bunu da etdi. Bundan sonra ölkə onun idarəçiliyinə keçir. Bu, Paşinyanın hakimi-mütləq olmasını təmin etməklə yanaşı, bütün islahatlar və həyata keçirilən fəaliyyətlər üçün onun təkbaşına cavabdeh olmasını şərtləndirəcək. İşğalçı ölkədə bundan sonra baş verən hər bir şey üçün məsuliyyət bilavasitə onun üzərində olacaq. Daxili və xarici siyasət, o cümlədən Qarabağ məsələsi, Ermənistanın Azərbaycan, Türkiyə, Rusiya, eləcə də KTMT, AİB təşkilatları ilə münasibətlərə, Qərb təsisatları ilə bağlı bütün məsələlərə məhz Paşinyan cavabdeh olacaqdır. Təkbaşına liderlik iddiaları, eyforiya məsələsindən sonra əməli iş tələb olunur və Paşinyanın bu etimadı nə dərəcədə doğrulda biləcəyini zaman göstərəcək”.
Analitik qeyd edib ki, meydanda kütlə qarşısında olmaqla baş nazir kürsüsündə oturub kifayət qədər problemi olan dövləti idarə etmək arasında fərq var:
“Hakimiyyətin 3 qanad arasında deyil, vahid əldə cəmləşdiyi şəraitdə bu hal adidir. “Qəbul etdiyi qərarlar Paşinyanın nüfuzunu artıracaq” kimi səhv fikirlər müxalifətin, o cümlədən "Qarabağ klanı", Ermənistan Respublika partiyası və müvəqqəti baş nazirə qarşı olan digər güclərin əlində onun hakimiyyətini sarsıtmaq üçün güclü arqument olacaq. Təbii ki, parlamentdə ciddi müxalifətin olmaması Paşinyana kart-blanş verəcək ki, o, lazım bildiyi qərarları verə bilsin. Lakin parlamentdənkənar qüvvələr - "Qarabağ klanı", Respublika partiyası, vurulmuş oliqarxlar, Dağlıq Qarabağdakı separatçı rejim, Sarkisyan dövründə vəzifə tutub Paşinyanın işdən qovduğu məmurlar, Rusiyadakı erməni diasporası və s. bütün bunlar məxməri inqilabın liderinə qarşı olan kütlədir. Onlar Paşinyanın hər addımını izləyərək, kiçicik bir səhv addım atan kimi məkrli surətdə fürsətdən yararlanmağa çalışacaqlar. "Bəlkə də, qaytardılar" ümidi ilə yaşayan bu şəxslərin, anti-Paşinyan qüvvələrin arzusu baş nazirin gec və ya tez siyasi səhvlərə yol verib nəticədə hakimiyyətinin zəifləməsidir. Buna görə də, yeni baş nazir səhvə yol vermədən çox diqqətlə işləsə, hakimiyyətini bəlkə qoruyub-saxlaya bilər. Əks halda onun hakimiyyətdən gedəcəyi qaçılmazdır”.
Nəzakət Məmmədova burada xarici qüvvələrin rolunun mütləq nəzərə alınmalı olduğuna da diqqət çəkib:
“Ermənistan müstəqil qərarlar qəbul edə biləcək gücdə deyil. Aydın məsələdir ki, Paşinyanın hakimiyyətə gəlməsində Qərbdəki erməni diasporasının əhəmiyyətli dəstəyi olub. Əlbəttə, onlar Ermənistandan sıxışdırdıqları Rusiya və Qarabağ ermənilərinin yenidən siyasi səhnədə rol almaması üçün əlindən gələni edib Paşinyana yardım göstərməkdə davam edəcəklər. Burada həm də Rusiyada və Qərbdə yaşayan ermənilərin mübarizəsindən söhbət gedir. Məsələn, bu yaxınlarda keçirilən Lazerev klubunun iclası Rusiyadakı erməni diasporunun və lobbiçilərinin seçkiqabağı son çırpıntıları, Paşinyanı hakimiyyətə gətirən Qərbdəki ermənilərə demarşı idi. Ermənistanda marağı olan böyük dövlətlər, Qərbdəki və Rusiyadakı erməni diasporası, Paşinyan və hakimiyyətdən uzaqlaşdırılan qüvvələr arasında gedən mübarizədə hansı tərəf daha bacarıqlı olacaqsa, sözsüz ki, hakimiyyət də onun əlində olacaq”.(Cebhe.info)