Savaş təhlükəsi artır: ORDULAR ÜZ-ÜZƏ


Savaş təhlükəsi artır: ORDULAR ÜZ-ÜZƏ

Ukrayna və Rusiya arasında müharibə ehtimalı getdikcə artır.

Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasının komandanı, admiral Alan Uest iki ölkə arasındakı münasibətlərin Birinci Dünya müharibəsi başlamazdan əvvəlki vəziyyəti xatırlatdığını deyib. Admiral qeyd edib ki, Kerç boğazındakı gərginlik xüsusi təhlükə vəd edir. Moskvanın Ukraynaya qarşı hücum hazırlığında ittiham edildiyini xatırladan admiralın sözlərinə görə, hər iki tərəf bir-birini yoxlayır: "Əgər Rusiya Donbasdakı qoşunlarından istifadə etsə, Ukraynada genişmiqyaslı müharibə başlayacaq". 

Eyni zamanda, Britaniyalı hərbçi Ukraynanın məhv olmasının qarşısını almaq üçün NATO-nun bu və ya digər şəkildə prosesə müdaxilə edəcəyini istisna etməyib. Alan Uest NATO-nun müdaxilə edəcəyi təqdirdə dünya müharibəsinin baş verəcəyini deyib. 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya Federasiyası ilə “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun imzalayıb. Bu qanunun qəbulu Ukrayna-Rusiya cəbhəsində qarşıdurmanın gərginləşməsində növbəti addım ola bilər. Çünki beynəlxalq siyasi münasibətlər sistemində bir qayda olaraq, dostluq və əməkdaşlıq haqqında müqavilədən imtina edilməsi dövlətlər arasında müharibə vəziyyətinin yaranmasını özündə ehtiva edir. Yaxud, dövlətlərin mehriban dostluq və yaxın qonşuluq şəraiti prinsipindən imtina etməsi tərəflər arasında düşmənçilik münasibətinin yaranmasına gətirib çıxarır. Ona görə də Ukraynanın Rusiya ilə sözügedən sazişdən çıxması müharibənin başlanması istiqamətində hüquqi və siyasi zəminin yaradılması kimi başa düşülə bilər. 

Yaranmış vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, dostluq və əməkdaşlıq haqqında müqavilənin denonsasiya edilməsi hallarına digər ölkələrin təcrübəsində də rast gəlinir. Lakin bu hər zaman müharibə ilə nəticələnmir: “Bu yaxınlarda ABŞ İranla 1958-ci imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni denonsasiya etdi. Məlumdur ki, 1979-cu ildən bəri İranla ABŞ arasında heç bir dostluq münasibəti mövcud olmayıb. Amma bu prinsipləri əks etdirən sənəd qalmışdı. Sazişə görə, üçüncü ölkə tərəflərdən birinə hərbi müdaxilə edərsə, qarşı tərəf ona hərbi yardım etmək hüququna malik idi. Reallıqda isə belə deyil. Hətta ABŞ-ın İrana hücum edəcəyinə dair tez-tez məlumatlar səslənir. İkitərəfli münasibətlərin belə gərgin olduğu bir vaxtda həmin müqavilənin qüvvədə olması nonsensdir. 

Eləcə də Rusiya ilə Ukrayna arasında belə bir sazişin qüvvədə qalması nonsens hesab oluna bilər. Belə ki, iki ölkə arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişin prinsipləri pozulub. Rusiya Ukraynanın bir hissəsini ilhaq edərək özünə birləşdirib və onun suverenliyinə hörmət etmir. Beynəlxalq münasibətlərdə ərazi bütövlüyünə müdaxilə etməmək, dövlətlərin daxili işlərinə qarışmamağı nəzərdə tutan bu cür prinsiplər çoxdur və biz onların tez-tez pozulmasının şahidi oluruq. Məncə, Ukrayna ilə Rusiya arasındakı sazişin qüvvədən düşməsi məqsədəuyğun addımdır. Bu, tərəflər arasında müharibənin yaranmasına hüquqi zəmin verməsə də hüquqi əngəlləri də aradan qaldırır. Məsələn, Münhen Paktı vacib hüquqi-siyasi sənəd kimi İkinci Dünya müharibəsinin qarşısını ala bilərdi. Amma belə sənədlərə heç kim baxmır. Hitler Almaniyası SSRİ-yə müharibə elan edəndə “Rippentrop-Molotov”sazişini nəzərə almadı. Ona görə də belə sənədlərin qəbul edilməsi, yaxud denonsasiya edilməsi qlobal müharibələrə əsas yaratmır ”. 

Çexiyanın “DenikN”qəzeti isə Ukraynada insanların indiyə qədər olmayan səviyyədə Rusiya ilə müharibədən danışdığını yazır. Adıçəkilən mənbə qeyd edir ki, 24 il öncə atom silahına malik olan Ukrayna, 1994-cü ildə Budapeşt bəyannaməsi ilə nüvə erasına son qoydu. İndi Ukrayna Budapeşt bəyannaməsi ilə təhlükəsizliyinə təminat vermiş Rusiyanın təcavüzünə məruz qalıb. 

Çexiya mətbuatının yazdığına görə, Ukrayna ilə Rusiya arasında müharibə başlayarsa iki nəhəng ordu üz-üzə gələcək. Ancaq Rusiyanın imkanları daha genişdir. Rusiya döyüşə 766 min, Ukrayna isə 160 minlik ordu ilə girəcək. Əgər ümumi səfərbərlik olarsa, bu göstərici 2 dəfəyə yaxın arta bilər. Belə ki, Rusiyanın ehtiyatda olan hərbi qüvvələrinin sayı 1 milyon 350 min nəfər təşkil edir. Ukrayna isə 850 min nəfəri səfərbər etmək imkanına malikdir. Bunlar təxmini rəqəmlədir və “Global Firepower” agentliyinin yaydığı məlumatlara əsaslanır. “Tərəflərdən heç biri ordunun dəqiq sayını açıqlamır. Rusiya Ukraynadan yalnız əsgəri qüvvəsinə görə deyil, həm də texniki və texnoloji imkanları ilə üstündür. Halbuki, bəzi hallarda əhəmiyyətli texniki üstünlük bu heç bir şey demək deyil. 2014-cü ilin yazında Rusiyanın Krıma müdaxiləsinə və Donbasda döyüşlər başlanana qədər Ukrayna ordusunun vəziyyəti istənilən qədər yaxşı deyildi. Bu gün isə o, Avropada ən mübariz silahlı qüvvələrin onluğuna daxildir. “Global Firepower” agentliyinin reytinqinə görə, Ukrayna ordusu səkkizinci yeri tutmaqla hətta Çexiyanı bir pillə qabaqlayır. Buna baxmayaraq, ukraynalılar Rusiya ilə birbaşa döyüşdə digər ölkələrin yardımı olmadan qələbəyə çətin ki, ümid edə bilər. Ən azı dənizdə və havada onların belə bir şansı yoxdur. Doğrudur, rusları quruda uzun sürməyən sürprizlər gözləyə bilər. 

Rusiyanın Ukrayna gəmilərinə hücumuna cavab olaraq Ukraynada hərbi vəziyyətin elan edilməsi gərginliyi artırıb. 2018-ci il yanvarın 25-dən sonra Ukrayna-Rusiya sərhədinin hər iki tərəfində qoşunların, hərbi texnikanın, tankların və hər növ ağır silahların təhlükəli cəmləşməsi müşahidə olunur. Əsgərlərin və komandirlərin əsəbləri tarıma çəkilib, üzərinə silah tuşlanmış ərazilərdə yaşayan əhali arasında qorxu artır. Ukrayna-Rusiya sərhədi yaxınlığında vəziyyət belədir. Bəs irimiqyaslı müharibənin başlanması qorxusu varmı? Rusiyanın kütləvi hücumuna ukraynalılar nə qədər müqavimət göstərə bilər? Təhlükəsizlik məsələləri üzrə mütəxəssis və politoloq Tomaş Şmidin fikrincə, əgər şəxsi heyət təşviş keçirməsə, Ukrayna Rusiyaya qarşı məhdud müddətdə dayana bilər”. 

“Əgər Rusiya özünün bütün arsenalını tətbiq edərsə, onda onlar maksimum bir neçə həftə davam gətirər”-deyə ekspert bildirib. Tomas Şmidt qeyd edib ki, ordunun məğlubiyyəti bütün Ukrayna dövlətinin dağılmasına gətirib çıxara bilər. “DenikN” yazır ki, Rusiya ilə Ukrayna arasında böyük müharibənin baş verməsi milyonlarla ukraynalı qaçqının Avropaya miqrasiyası ilə nəticələnəcək. Bu gün gənc ukraynalılar Praqaya gedir və orduda xidmət etmək istəmir. Lakin Rusiyanın 603,500 kv.km-lik bir ərazini qısa müddətdə işğal edib öz ordusunu Rumıniya, Polşa və Slovakiya sərhədlərinə çıxaracağına dair iddialar real görünmür. Doğrudur, hərbi potensialına görə, dünyanın ikinci böyük silahlı qüvvələrinə malik Rusiyanın Ukraynanı qısa müddətdə məğlub etmək imkanları şübhə doğurmur. Lakin məsələ Çexiya mediasının yaydığı kimi heç də asan deyil.

Çünki 2014-cü ildən sonra Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyaların səbəbi Ukraynaya hərbi müdaxilə ilə bağlıdır. Ona görə də Rusiyanın Ukraynaya qarşı yeni, genişmiqyaslı cəbhə açması ABŞ-ın və Avropanın daha ağır sanksiyalarının tətbiqinə gətirib çıxara bilər. Artıq bu halda söhbət beynəlxalq hava məkanının, boğazların və limanların Rusiyaya qapadılmasından gedir. İkincisi, Rusiyanın Ukraynanı işğal etməsi bütünlükdə Avropaya müharibə elan etməyə bərabərdir.

Çünki Ukraynanın işğalı bütünlükdə Avropanın təlükəsizlik sistemini təhlükə altına sala bilər. Ona görə də Ukrayna NATO-nun üzvü olmasa da alyans Rusiya təhlükəsinə müdafiə əməliyyatlarına qoşulmaqdan imtina etməz. 2017-ci ildə ABŞ Konqresi Ukraynaya NATO üzvlüyünə daxil olmadan bərabər tərəfdaş hüquqlu hərbi yardım göstərmək haqqında qanun qəbul edib. Sözügedən sənəd istənilən təcavüz aktı zamanı, ABŞ-ın Ukrayanaya hərbi yardım göstərməsini nəzərədə tutur. Bu baxımdan, Rusiya Ukrayna ərazisində ABŞ və NATO- ilə qarşı-qarşıya qala bilər.  

Onu da nəzərə almaq lazımdır ki, Ukrayna silahlı qüvvələri 2014-cü ildəkindən xeyli fərqlənir. Son dörd ildə ABŞ Ukraynaya müasir silahlar, tank əleyhinə “Javelin” raketləri, ortamənzilli raketlər verib. Eyni zamanda, Ukrayna ordusunun maliyyələşməsi və ağır silahlarla təmin olunması ABŞ-ın NATO-dakı Avropa Komandanlığı tərəfindən həyata keçirilir. Ona görə də Rusiya Ukrayna ilə müharibəyə başlayarsa, kifayət qədər ağır itki verə bilər. (Cebhe.info)



Tarix: 12-12-2018, 23:27
Xəbəri paylaş





Xəbər lenti