2019-cu il üçün İran ssenarisi: Hansı “silahla” vuralacaq?


2019-cu il üçün İran ssenarisi: Hansı “silahla” vuralacaq?

“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazılayıb”. Bunu İranın ali rəhbəri, Ayətullah Seyid Əli Xamneyi İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib. Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana yönəlik təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Ağ Evin mətbuatda bu ilin əvvəlində “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq Ayətullah Xamneyi deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə,  2018-ci il deyib 2019-cu ildə aranı qarışdıra bilərlər”. Sosial partlayış, iqtisadi böhran, milli zəmində narazılıqlar  İranda hansı prosesləri tətikləyə bilər? Mümkün versiyalar nədən ibarətdir?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, doğrudan da 2018-ci ilin yayı İran üçün isti keçdi:

“4 min tümənə mübadilə olunan dollar 120-150 min tümənə qədər bahalaşdı. Xamneyinin bu məsələdə öz vətəndaşlarına dediyi “İranda yay isti keçmədi” fikri yanlışdır.2018-ci ilin yayında, eləcə də 2017-ci ilin dekabrında və yanvarın əvvəlində ABŞ-ın İrana qarşı sanksiyası tətbiq olunmamışdı.İndi artıq İrana qarşı ikimərhələli sanksiya tətbiq olunur.Birinci mərhələ noyabrın 5-də başa çatıb, ikinci mərhələ isə noyabrın 5-də başlayıb 180 gün davam edəcək.Bu, yaya qədər uzanacaq.Xamneyinin məlum müraciəti ilə müqayisə etsək, ehtimal olunur ki, İranda qış siyasi mənada sərt, yaz daha yağışlı, yay isə daha isti keçəcək.Başqa sözlə, İranda qarşıdan gələn 5 ayın sərt keçəcəyi istisna edilmir.Ötən gün ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib ki, İrana qarşı yeni sanksiyalar tətbiq olunsun.ABŞ prezidenti dünya dövlətlərini İrana qarşı sanksiyalarda fəal iştirak etməyə çağırır.Bir sıra dövlətlər açıq şəkildə İrana qarşı sanksiyalara, müxtəlif layihələrə qoşulmaqdadır.Məsələn, Rusiyanın heç bir şirkəti İranda fəaliyyət göstərmir.Türkiyə İrandan neft hasilatını azaldıb və.s. Odur ki, kəskinləşən proses hakimiyyətdaxili qarşıdurmaya səbəb olacaq. İslahatçı və mühafizəkar xətlər arasındakı qarşıdurma isə heç şübhəsiz ölkənin cəmiyyətinə təzahür edəcək.Çünki hakimiyyətdaxili siyasi qüvvələri kənarda dəstəkləyən qüvvələr var. Bu qüvvələrin bir-birinə qarşı etirazını, yaxud ümumilikdə cəmiyyətin özünün yaşayış səviyyəsi, sosial və maliyyə vəziyyəti ilə bağlı etiraz aksiyası keçirəcəyi istisna olunmur və bu ehtimal böyükdür. Avropada bəzi hadisələrin baş verməsi, Türkiyə və digər dövlətlərlə ABŞ-ın İranla bağlı məsələlərdə  konkret razılıq əldə edə bilmədiyi üçün hələlik İran rahatdır. Amma bu sakitliyin uzun müddət davam edəcəyinə inanmıram. Nəzərə alaq ki, 2019-cu il İran inqilabının 40-cı ildönümüdür. Bu ildönümü 1988-ci ildə Moskvada keçirilən Böyük Oktyabr Sosialist inqilabı ilə bağlı keçirilən paradı yadıma salır.SSRİ-də 1988-ci ildən artıq milli münaqişələr və ciddi böhran başlamışdı.İnqilabın 40-cı ildönümündə genişmiqyaslı aksiyaların müşahidə olunmasını istisna etmirəm”.

Güney Azərbaycan türklərinin məsələsinə gəlincə, şərqşünas ciddi nəyinsə olacağını ehtimal etmədiyini deyib: 

“Çünki hələlik İranda məsələ milli yox, hakimiyyət məsələsidir. İranda hakimiyyətin tutduğu mövqe də deyil, rejimin beynəlxalq terrorçuluğa dəstək verməsi, nüvə proqramında şəffaflığın olmaması, ballistik raket istehsalını davam etdirməsi, Suriyada, İraqda və ABŞ-ın maraqları ilə toqquşan başqa ölkələrdə İranın geri çəkilməməsi, həmçinin Yəməndə Husi qiyamçılarını dəstəkləməsi və.s. Bütün bunların hamısı hələ ki mövcuddur.Bu isə o deməkdir ki, İrana qarşı təzyiqlər davam edəcək.Bu təzyiqlərə də əvvəlki illərdəki kimi davam gətirməyə artıq İranın gücü qalmayıb.Çünki İranı əvvəllər dəstəkləyən dövlətlərin özü sanksiyalara məruz qalıb.Məsələn, Çin ABŞ-ın iqtisadi sanksiyasına məruz qalıb və Amerika ilə ikitərəfli münasibətləri yaxşılaşdırıb sanksiyaları yumşaltmaq istəyir.Eləcə də Rusiya ABŞ-ın sanksiyasına məruz qalıb. O da bütün vəchlə imkanlardan istifadə edib ABŞ-la münasibətləri yumşaltmağın tərəfdarıdır. Bundan başqa, 2015-ci ildə İranla atom nüvə proqramına dair məlum razılaşma sənədindən əvvəl BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi 4 qətnamənin həm Çin, həm də Rusiya lehinə səs vermişdi. Bu onu göstərir ki, nə Çin, nə Rusiya, nə də İranı dəstəkləyən başqa bir dövlət dar məqamda Tehrandakı hakimiyyətin arxasında durmayacaq.Yəni, vəziyyət əvvəlki illərdən fərqli olaraq daha da kəskinləşəcək”.

Yeganə Oqtayqızı

Tarix: 16-12-2018, 12:20
Xəbəri paylaş





Xəbər lenti