Rusiya Kerç boğazında yaşanan gərginliyə görə yeni sanksiyalarla üz-üzə qala bilər.
ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, Birləşmiş Ştatlar Kerçdəki insidentə görə yaxın vaxtlarda Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır. Onun sözlərinə görə, bununla bağlı Avropa ölkələri ilə danışıqlar aparılır: “Almaniya, Fransa və Qərbdəki digər tərəfdaşlarımızla danışıqlar aparırıq. Əmin olmaq istəyirik ki, addımlarımızı yaxşı koordinə edirik”.
Volker qeyd edib ki, ABŞ-ın Qara dənizdə iştirakını artırmaq məsələsinə yenidən baxmalıdır. O, Türkiyənin Qara dənizdə olduqca ciddi rol oynadığını və ABŞ-ın bu regiondakı vacib müttəfiqi olduğunu deyib. Məlumdur ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadiyyatına ciddi təsir edib. Ölkəyə qarşı hərbi sahədə bəzi məhdudiyyətlər qoyulub - silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı qadan edilib. Bundan başqa, sanksiyalar çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edir.
Noyabrda qüvvəyə minən növbəti sanksiyalar isə ölkənin bir sıra iri şirkətlərini əhatə edib. Növbəti qadağalar qoyularsa, bu hansı sahələri əhatə edə bilər.
Kerç boğazında yaşanan gərginlik Rusiyanın iqtisadi yoxsa siyasi sanksiyalarla üzləşməsi ilə nəticələnəcək?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Kerç boğazındakı gərginliklə bağlı sanksiyaların ciddi sahələri əhatə edəcəyini düşünmədiyini bildirib:
““Qazprom” və “Qazprom Bank” olmaqla Rusiyanın bir çox şirkətləri sanksiyalar altındadır. Ona görə də düşünmürəm ki, Kerç boğazında baş verənlərlə bağlı yeni sanksiyalar tətbiq olunsun. Bu sahədə məsul şəxslərin ABŞ-a girişinə qadağa qoyula bilər. Hakimiyyətdə təmsil olunan nazirlərin, məmurların ciddi sanksiyalara məruz qalacağını düşünmürəm”.
Rusiyanın sanksiyalara vərdişkar olduğunu qeyd edən politoloq hesab edir ki, bu cür tədbirlərlə Rusiyanı geri çəkilməyə məcbur etmək olmaz: “ABŞ-ın sanksiyaları digər ölkələrlə yanaşı özünə də zərər verməkdədir. Ayrıca ABŞ bir tərəfdən sanksiya tətbiq edir və onları müxtəlif şirkətlərə şamil edir. Digər tərəfdən isə məlum olur ki, bilavasitə ABŞ-ın şirkətləri onun sanksiya tərtib etdiyi ölkələr və onların şirkətləri ilə əməkdaşlıq edir. Biz bunu konkret olaraq İrana tətbiq edilən sanksiyalarda da gördük. Ayrıca Putinin rəhbərliyi altında olan Rusiyanı bu cür sanksiyalarla qorxutmağın mümkün olmadığı təcrübədə özünü göstərib”.
Xatirə Nəsirova