MDB üçün xaos ssenarisi: “Sem dayı” “kisənin ağzı”nı açdı


MDB üçün xaos ssenarisi: “Sem dayı” “kisənin ağzı”nı açdı

Avropa İttifaqı (Aİ) Rusiyada vətəndaş cəmiyyətini, eləcə də demokratiyanı müdafiə edən fəallara təqribən 6 milyon avro pul ayıracaq. “Russia Today” xəbər verir ki, bu, Avropa Komissiyasının demokratiyaya dəstəklə bağlı yeni layihəsində nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, qrant formasında müsabiqə yolu ilə veriləcək pullar Rusiyada demokratiyanın inkişafı, sərbəst toplaşma və internetdə ifadə azadlığı, vətəndaş cəmiyyəti institutlarının mövqeyinin güclənməsi kimi sahələri əhatə edəcək. 

Avrokomissiyanın sənədinə əsasən, qrantın 1,5 milyon avro dəyərində ilk hissəsi yerli səviyyədə Rusiyada qeyri-hökumət təşkilatlarının potensialının güclənməsinə sərf ediləcək. Qrantın qalan hissəsi isə Rusiya kütləvi informasiya vasitələrinin daha azad və müstəqil fəaliyyətinə, eləcə də, sərbəst toplaşmaq azadlığının gücləndirilməsinə istiqamətlənəcək. Bu məqsədlə, qrant alanlar alternativ dialoq və debatlar təşkil etməli, həmçinin, daha geniş auditoriya, xüsusən də gənclərlə işləməlidir. Lakin Moskvada hesab edirlər ki, Aİ və bütövlükdə Qərb bu cür layihələri maliyyələşdirməklə Rusiyada müxtəlif destruktiv təşkilatların fəaliyyətini dəstəkləyir.

Artıq Rusiyadan bu planlarla bağlı açıqlamalar da gəlib. "Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür". Bunu xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Ermənistanda amerikapərəst QHT-lərin çoxalması və ABŞ səfirliyinin ən böyük xarici səfirliklərdən biri olması barədə verilən suala cavabında deyib. Nazir bildirib ki, amerikalıların öz iş meyarları var. Bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş Sovet İttifaqı məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli xərc deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Həmçinin Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir”, - rusiyalı nazir deyib. O, Ermənistanda ABŞ diplomatlarının rusiyalı həmkarlarından sayca çox olduğunu da etiraf edib: “Biz eyni say çoxluğu ilə cavab verə, yaxud bu qədər oyuncaq təşkilatlar yarada bilmirik”. S.Lavrov Qərbi “inqilablar hazırlamaq”da ittiham edib: “Hazırda Qərbin postsovet məkandakı işi-gücü inqilab hazırlamaqdır. Bu, bəlkə də bizim bəlamızdır, amma qəti bizim günahımız deyil”.

Ümumiyyətlə Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) zaman-zaman vətəndaş cəmiyyətinin inkişafı adı altında MDB ölkələrinə milyonlarla vəsaiti ayırması və sonradan həmin pulların siyasi partiyalara ötürüldüyünə dair məlumatlar var. Müəyyən qurumlar xüsusilə bu sahədə kifayət qədər təcrübəyə malik olan amerikalı milyarder Corc Sorosun rəhbəri olduğu Açıq Cəmiyyət İnstitutu vasitəsilə demokratiya adı altında siyasi qarşıdurmalar planlayırlar. Rusiyaya 6 milyonun ayrılması da bu planın tərkib hissəsi kimi təqdim edilir. Hesab olunur ki, analoji vəziyyət Azərbaycandan da yan keçməyə bilər. Yəni, Lavrovun da dediyi ki, post sovet ölkələri üçün hazırlanan ssenarilərdə Azərbaycanın da yer alması mümkündür. 

Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi-şərhçi Elçin Mirzəbəyli xaricdən ayrılan vəsaitlərin təhlükəsinin narahatlıq doğurduğu haqqında özünün “Facebook” profilində yenidən yazıb. Elçin Mirzəbəyli bildirib ki, Gürcüstan üzərindən Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə ötürülən vəsaitlərin donor təşkilatlarını araşdırıb:

“Gürcüstan üzərindən Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə ötürülən vəsaitlərlə bağlı məlumatların ümumi xarakter daşıdığını nəzərə alıb, sadəcə bir donor təşkilatı ilə bağlı araşdırma apardım. Təfərrüatına varmadan, Azərbaycana qarşı aparılan kampaniyaların başında dayanan Milli Demokratiya Fondunun (National Endowment for Democracy) 2011, 2012, 2014 və 2016-cı illərdə öz nüfuz müvəkkillərinə əsasən Gürcüstan üzərindən ötürdüyü vəsaitlərin məbləğini açıqlayacağam: 4 595 903 ABŞ dolları. NED əsasən Azərbaycana qarşı təxribat kampaniyalarının iştirakçısı olan radikal düşərgənin və onların QHT sektorundakı vasitəçilərinin xarici banklarda olan hesablarına 2011-ci ildə 1 207 839, 2012-ci ildə 1 403 867, 2014-cü ildə 913 578, 2016-cı ildə 1 070 619 ABŞ dolları vəsait köçürüb. Maraqlıdır ki, 2011, 2012 və 2014-cü illərdə bəzi istisnalar olmaq şərtilə MDF-nin qrant ayırdığı təşkilatların adı açıqlansa da, 2016-cı ildə qrant alan qurumların, yaxud şəxslərin adı gizli saxlanılıb. Doğrudur, MDF-nin daha öncəki illərdə maliyyələşdirdiyi qrant layihələrində də şəffaflıq prinsipinə əməl olunmayıb. Lakin 2016-cı ildə ayrılan qrantların kimlərə verildiyi barədə demək olar ki, məlumat yoxdur. Yalnız layihələrin adları və ayrılan vəsaitlərin məbləği açıqlanıb. Məsələn, “Mülkiyyət hüquqları”, “İnsan haqlarının monitorinqi”, “Regionlarda insan haqlarının monitorinqi”, “İnformasiya azadlığı”, “Siyasi institutların gücləndirilməsi”, “Azərbaycanlı tərəfdaşların seçki və siyasi proseslərin şəffaflığını və hesabatlılığını təşviq etmək istiqamətində fəaliyyətlərinin dəstəklənməsi” və s. Qeyd edim ki, 2016-cı ildə ən böyük məbləğ - 130 min ABŞ dolları məhz sonuncu - radikal düşərgənin təmsilçilərinə verildiyi açıq-aşkar nəzərəçarpan “layihəyə” ayrılıb: “Azərbaycanlı tərəfdaşların”, yəni nüfuz müvəkkillərinin maliyyələşdirilməsinə”.

Görünən odur ki, bəzi Qərb dairələri yenidən eyni prosesə start verib. İlkin olaraq hədəfdə Rusiya görünsə də, bu prosesin bütün MDB-yə yayılmasına çalışacaqları da gözləniləndir. Yayılan məlumatlara və gedən proseslərə diqqət yetirsək, Azərbaycanın da bu məsələdən kənarda saxlanılmayacağına cəhd ediləcəyini demək mümkündür. Artıq bunun ilk işartıları da görünür. Yerli mətbuatın yazdığına görə araşdırmaçı-jurnalist Xədicə İsmayıl artıq Qərb təşkilatllarından 500 min avro qrant alıb. Məlumata əsasən, həmin iri məbləğdə qrant Xədicə İsmayıla müxtəlif kanallarla və kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir. Mətbuatın yazdığına görə qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 19-12-2018, 21:50
Xəbəri paylaş





Xəbər lenti