Gürcüstan və Ukraynadan Avropada sığınacaq istəyənlərin sayı artıb
Bu ilin birinci yarısında 9680 Gürcüstan vətəndaşı Avropa Birliyinə (AB) üzv ölkələrdən sığınacaq istəyib. Bu barədə Avropa Komissiyasının hesabatında bildirilir. Sənədə əsasən, illik müqayisədə AB ölkələrinə Gürcüstan vətəndaşlarının sığınacaqla bağlı müraciətləri iki dəfə artıb. Qurum sığınacaqla bağlı Gürcüstan vətəndaşlarının müraciətlərinin sayının artmasının narahatlıq doğurduğunu qeyd edib. Hesabatda AB-yə üzv ölkələrə üz tutan Ukrayna vətəndaşlarının da sayında bu il artım olduğu qeyd edilib.
Bəzi ekspertlərin fikrincə, hər iki ölkənin AB ilə “Şərq tərəfdaşlığı proqramı”na qoşulması və tərəfdaşlıq sazişini imzalaması bu ölkələrin vətəndaşlarının Birlik ölkələrinə axın etməsinə təsir edən amillərdəndir.
Azərbaycan da AB ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Lakin Azərbaycan hələ ki təşkilatla tərəfdaşlıq sazişini imzalamayıb. Azərbaycanın sazişi imzalamağa tələsməməsində yuxarıda qeyd olunan məqam - vətəndaşların kütləvi axınının ola biləcəyi məsələsi də rol oynaya bilərmi?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Avropa Komissiyasının hesabatında qeyd olunmasa da, məlumatlara görə, Avropa İttifaqına üzv olan ölkələrdən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsi ermənilərdir, digər hissəsi isə Mixail Saakaşviliyə yaxın olan, onu dəstəkləyən insanlardır: “Xüsusilə də paytaxt Tiflisdə yaşayan ermənilər yaranmış vəziyyətdən istifadə edərək, Aİ-yə üz ölkələrə üz tuturlar. Digər tərəfdən, viza rejiminin ləğvindən sonrakı zaman kəsiyini və psixoloji amilləri nəzərə alsaq, Avropa Komissiyasının açıqladığı rəqəm bir o qədər də böyük deyil. Viza rejiminin aradan qaldırılmasına qədər uzun müddət keçib, bu barədə KİV-də geniş məlumatlar yayılıb və təbii ki, köçmək fikri olan insanlar da buna hazırlaşıblar. Şərait yaranan kimi də bundan dərhal istifadə ediblər. Qənaətimə görə, növbəti il ərzində belə müraciətlərin sayı çox az olacaq. Ukraynaya gəldikdə isə bu ölkədən köçənlərin əhəmiyyətli hissəsi münaqişə bölgəsinə yaxın ərazilərdə, yaxud münaqişə bölgələrində yaşayan insanlardır. Ukraynadakı qeyri-sabit vəziyyəti və iqtisadi problemləri nəzərə alsaq, insanların AB-yə axınını təbii qarşılamaq olar”.
E.Mirzəbəyli vurğuladı ki, Azərbaycanla Aİ arasında imzalanacaq saziş üzərində iş gedir və əsas məsələ də Azərbaycanın milli maraqları ilə bağlı məsələdir: “Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son qətnaməsi də, düşünürəm ki, sazişin imzalanması prosesini daha da sürətləndirəcək. Mən hökumətin sazişin hər müddəası üzərində ciddi şəkildə dayanmaq və müzakirə aparmaq cəhdlərini doğru hesab edirəm. Bizim üçün önəmli olan üzərimizə götürdüyümüz və qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərin milli maraqlarımıza uyğun gəlməsidir. Azərbaycanın qarşısında ”əhalinin kütləvi şəkildə AB ölkələrinə köç etməsi" kimi bir problem dayanmır. Bu baxımdan, sazişdə AB ilə viza rejimi barədə razılaşmanın fundamental əhəmiyyət kəsb etdiyini düşünmürəm. Qənaətimə görə, bu, ümumiyyətlə, ciddi müzakirə olunan məsələ deyil. Zənnimcə, hökumət ölkənin milli maraqları üçün fundamental əhəmiyyət kəsb edən məsələlər, xüsusilə də ərazi bütövlüyü, daxili bazarın qorunması, idxal və ixrac məsələləri və digər bu kimi məsələlərlə bağlı üstünlük verir".
Politoloq Nəzakət Məmmədova isə qeyd etdi ki, AB ölkələri siyasi baxışları, dini inancı, cinsi azlıqlara məxsus olması baxımından vətənində təqiblərə məruz qalan, habelə yaşadığı ölkədə irqi və milli münaqişələr, hərbi vəziyyət mövcud olan insanlara sığınacaq verilməsini mümkün hesab edir: “Bunlar bir sıra beynəlxalq konvensiyalar, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, habelə BMT Baş Assambleyasının 1967-ci il 2312 saylı qətnaməsinə əsasən Ərazi Sığınacağına dair Bəyannaməsi ilə tənzimlənir. Bu sahədə əsas beynəlxalq-hüquqi baza sənədlərindən biri 1951-ci il Qaçqınların statusu haqda Cenevrə Konvensiyasıdır. Son illərdə xüsusilə Avropa Birliyi ölkələrindən sığınacaq istəyənlərin sayı kəskin surətdə artıb. Lakin Gürcüstan və Ukrayna ilə yanaşı, sığınacaq almaq istəyən Rusiya vətəndaşlarının da sayı həddindən artıq çoxdur.
AB ilə tərəfdaşlıq sazişi imzalanmasının sığınacaq istənməsi arasında xüsusi bir əlaqə olduğu inandırıcı deyil. Çünki gördüyümüz kimi, çoxsaylı Rusiya vətəndaşları da AB və ABŞ-dan sığınacaq almaq üçün müraciət edirlər. Ölkənin tərəfdaş statusu olub-olmaması burada bir o qədər də əsas rol oynamır. Ukrayna və Gürcüstan AB ilə yanaşı, Qara dəniz akvatoriyasında vacib tərəfdaş kimi NATO-ya potensial üzvdürlər".
N.Məmmədova hesab edir ki, Azərbaycanın sazişi imzalamağa tələsməməsini daha çox nəhəng geosiyasi güc mərkəzləri arasında ölkənin balanslaşmış xarici siyasət kursu ilə əlaqələndirmək doğru olardı: “Çünki onsuz da Azərbaycandan gedib Avropada sığınacaq alan insanların sayı kifayət qədərdir və qeyd etdiyimiz kimi, bu məsələdə Avropa Birliyi ölkələri tərəfdaşlıq sazişini yox, müvafiq beynəlxalq konvensiyaları əsas götürür”.