"ABŞ Suriyanı arxa plana atdıqdan sonra Ukraynada aktivləşə bilər" - POLİTOLOQ

 Nəzakət Məmmədova: "Donald Tramp Amerikanın prezidenti olsa da, həlledici məsələlərlə bağlı qərar verən adam deyil"
"Çinin Avropa, Rusiya və İranla birgə həyata keçirdiyi qlobal layihələri Amerikanın maraqlarına cavab vermir"
"Səudiyyə Ərəbistanı Vaşinqtonun dəstəyi ilə yaradılacaq "Ərəb NATO-su" vasitəsiylə regionda İrana və onun müttəfiqlərinə qarşı aktivliyini artıracaq"
Ötən sayımızda qeyd etdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Suriyadakı amerikalı hərbçilərin çıxarılması ilə bağlı qərar qəbul edib. Həmin qərardan qısa müddət sonra isə ABŞ mediasında Trampın Əfqanıstandakı Amerika ordusunun bir hissəsini çıxarmaq barədə göstəriş verdiyinə dair informasiya yayılıb. Belə ki, bununla əlaqədar "Vol Strit Jurnal" qəzetində dərc olunan məlumatda deyilir ki, Əfqanıstandakı ABŞ ordusunun sayının yaxın zamanlarda 7 min nəfərə qədər azaldılması nəzərdə tutulub. Qəzetin mənbəsinin sözlərinə görə, Donald Tramp uzun zaman davam edən konfliktlərdən uzaq durmaq və ABŞ-ı yeni münaqişələrə cəlb etməmək məqsədiylə belə bir addım atıb.
Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, həm Amerikanın, həm də digər bir sıra Avropa dövlətlərinin yetkili şəxsləri Trampın ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı qərarını tənqid edib. Məsələn, Almaniyanın xarici işlər naziri Hayko Maas hesab edir ki, sözügedən qərar İŞİD-lə mübarizəyə mənfi təsir göstərəcək: "İŞİD təhlükəsi tamamilə sona çatmayıb. İŞİD-lə həm hərbi, həm də mülki vasitələrlə mübarizə aparılmalıdır". ABŞ-ın müdafiə naziri Ceyms Mettis isə öz növbəsində, Donald Trampın xarici siyasəti ilə razılaşmamasını əsas gətirərək, dekabrın 20-də prezidentə özünün istefa ərizəsini göndərib. Siyasi analitiklər bu qənaətdədirlər ki, Trampa ünvanladığı məktubunda "Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz. Mən ölkəmizin gücünün tərəfdaşlarımız və unikal alyans sistemimizlə ayrılmaz şəkildə bağlı olduğuna həmişə inanmışam. ABŞ azad dünyanın əvəzolunmaz ölkəsi kimi qalsa da, biz güclü alyansı qorumadan və müttəfiqlərimizə hörmət etmədən öz mövqelərimizi qoruya və ya bu vəzifəni icra edə bilmərik" deyən Mettisin bu qərarı ABŞ prezidentinin Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Qeyd edək ki, Donald Trampın Mettisə cavabı özünü çox gözlətməyib. Belə ki, o, "Twitter" səhifəsində Pentaqon rəhbərinə vəzifədə olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edib: "General Mettis fevralın sonunda hörmətlə istefaya gedəcək. O, son iki ildə mənim administrasiyamda müdafiə naziri vəzifəsində işləyib. Ceymsin vəzifədə olduğu müddətdə xüsusən ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika alınması sahəsində böyük uğura nail olundu". Bununla yanaşı, Tramp tezliklə yeni müdafiə nazirinin adını açıqlayacağını da bildirib. ABŞ prezidenti ilə Pentaqon rəhbəri arasında bir sıra məsələlərdə fikir ayrılığının mövcud olduğunu etiraf edən Ağ Evin mətbuat katibi Sara Sanders Ceyms isə Mettisin istefasını şərh edərkən, qeyd edib ki, prezident və nazir müxtəlif fikirlərdə olsalar da, onların münasibəti əvvəlki kimi yaxşıdır: "Mettis ölkəyə və prezidentə yaxşı xidmət edib, onların arasında münasibət yaxşı olaraq qalacaq".
Bu arada, ABŞ-ın Özbəkistandakı keçmiş səfiri Con Herbst isə hesab edir ki, ölkəsinin Əfqanıstandakı əməliyyatı yanlış addım idi. Bu əməliyyatın ABŞ-ın qarşısına qoyduğu hədəflərə çatmasına imkan yaratmadığını deyən Herbstin fikrincə, Əfqanıstanı Suriya kimi tərk etmək qərarı zamanında atılmış addımdır: "Corc Buşun İraq müharibəsi dəhşətli, Əfqanıstan əməliyyatı isə ciddi səhv idi. Əfqanıstandan qoşunların çıxarılmasından sonra ABŞ ehtiyac yaranacağı təqdirdə Əfqanıstana zərbə endirib, buradakı hökuməti dəstəkləyə bilər. İndiki halda biz Əfqanıstanda taliblərlə yetərli qədər bacara bilmirik".
"ABŞ-ın böyük siyasi məsələlərlə, eyni zamanda hərbi mövzuda qərarlarında Tramp heç bir rola malik deyil"

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, ABŞ hərbçilərinin Suriya və Əfqanıstandan çıxarılması ilə bağlı qərar Donald Tramp tərəfindən yox, məhz Amerikanın hərbi-siyasi elitası tərəfindən qəbul olunmuş ola bilər:"Tramp isə sadəcə, prezident kimi bu qərarı öz adından elan edir. Ümumiyyətlə, ABŞ-ın böyük siyasi məsələlərlə, eyni zamanda hərbi mövzuda qərarlarında Tramp heç bir rola malik deyil. Çünki bu cür məsələlərlə bağlı qərarları Pentaqon və digər mühüm strukturlar müəyyən edir. Yeri gəlmişkən, onu da qeyd edim ki, ABŞ-ın hərbçilərini Suriya və Əfqanıstandan çıxaracağı bir o qədər də inandırıcı görünmür. Bildiyiniz kimi, Amerika indiyədək dəfələrlə İraqdan gedəcəyini bəyan edib. Lakin hələ də İraqı tərk etməyib. Bu səbəbdən də hesab edirəm ki, ABŞ-ın Suriya və Əfqanıstandan çıxması heç də inandırıcı deyil. Bəlkə həmin ərazilərdə elə bir fors-major vəziyyət yaradılacaq ki, bundan sonra Amerika "Mən getmək istəyirdim, ancaq bu səbəbə görə qalmağa məcburam" tipli açıqlama verərək fikrindən daşındığını bəyan edəcək".
"Amerika PYD/YPG terror qruplaşmasını təlimatlandırıb, maliyyələşdirib orada öz yerinə qoyacaq"
Rəsmi Vaşinqtonun sadəcə, gözdən pərdə asmaq məqsədiylə bəzi qoşun hissələrini Suriya və Əfqanıstandan çıxara biləcəyini vurğulayan politoloqun sözlərinə görə, ABŞ adıçəkilən ölkələri birdəfəlik tərk etməyəcək: "Əminəm ki, həmin ölkələrdə Amerikaya yaxın qüvvələr qalacaq. Belə ki, PYD/YPG terror qruplaşması Suriyada qalıb ABŞ-ın planlarını icra edəcək. Yəni ABŞ-ın Suriyadan çıxması inandırıcı olmasa da, əgər bu, baş verərsə, o zaman Amerika PYD/YPG terror qruplaşmasını təlimatlandırıb, maliyyələşdirib orada öz yerinə qoyacaq. O da ola bilər ki, ABŞ Suriyadan çıxdıqdan sonra dünyanın başqa qaynar bölgələrindəki proseslərə daha fəal şəkildə qoşulsun. Məsələn, Suriyanı arxa plana atdıqdan sonra Ukraynada aktivləşə bilər. Çünki Poroşenko artıq Ukraynanı döyüş hazırlığı vəziyyətinə gətirib. Odur ki, ABŞ-ın Qara dəniz istiqamətində fəaliyyətini daha da gücləndirməsi versiyası da reallaşa bilər".
ABŞ-ın Suriya və Əfqanıstanda qarşısına qoyduğu missiyanı hələ başa çatdırmadığını qeyd edən Nəzakət Məmmədovanın fikrincə, Amerikanın adıçəkilən ölkələrdən gedişi, Suriyada Türkiyə, Rusiya və İranın, Əfqanıstanda isə Çin, Rusiya və İranın mövqeyini gücləndirə bilər: "İrana sanksiyaların tətbiq olunduğu, proseslərin yeni qızışdığı bir vaxtda ABŞ-ın İranla qonşu olan Əfqanıstandan çəkiləcəyi heç də inandırıcı deyil. Düşünürəm ki, bu, sadəcə, nəyinsə xatirinə verilmiş bir bəyanatdır. Odur ki, bir daha qeyd edirəm, ABŞ bu qədər xərc çəkdiyi proyektdən belə asanlıqla imtina edə bilməz. Yəni Vaşinqton hansısa formada orda iştirakını təmin edib gedəcək".
"Görünən odur ki, Mettis istefaya getmir, onu istefaya göndərirlər"
Pentaqonun rəhbəri Ceyms Mettisin gələn ilin fevral ayının sonunda istefaya gedəcəyi ilə bağlı yayılan informasiyaya gəlincə, politoloqun qənaətinə görə, burada əsas səbəb tərəflər arasında yaranmış fikir ayrılığıdır: "Görünən odur ki, Mettis istefaya getmir, onu istefaya göndərirlər. Yəqin Mettisin mövqeyi ABŞ-da söz sahibi olan qüvvələri qane etmədiyindən onu bu addımı atmağa vadar edirlər. Donald Trampa gəlincə, o, ABŞ-ın prezidenti olsa da, həlledici məsələlərlə bağlı qərar verən adam deyil. Üstəlik, hərbi məsələlər onun kurasiyasında deyil. Bu cür mövzular Pentaqon başda olmaqla, böyük qüvvələrin nəzarətindədir. Əgər Tramp həmin qüvvələrin qərarına qarşı çıxsaydı, onda onu dərhal istefaya göndərər, impiçment edərdilər. ABŞ-ın bütün bu kimi addımlara təhrik edən məhz Çin faktorudur. Çünki Çinin Avropa, Rusiya və İranla birgə həyata keçirdiyi qlobal layihələri Amerikanın maraqlarına cavab vermir. Heç kimə sirr deyil ki, Pekin iqtisadi gücü ilə dünyanı özünə tabe etməyə çalışır. Bu isə ABŞ-a real təhdiddir. Məhz elə bu səbəbdən də Amerika bəzi Yaxın Şəqr ölkələrini nəzarətə alıb Çinin qlobal layihələrinin qarşısını almağa çalışır. Onu da qeyd edim ki, şəxsən mən Amerikanın Suriya və Əfqanıstandan getməsini istəməzdim. Çünki bundan sonra orada terror güclənəcək, xaos yaranacaq. Düşünürəm ki, ABŞ yalnız bir halda Suriyadan çıxa bilər. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanının başçılığı altında 2019-cu ilin yanvarında "Ərəb NATO-su" adlı bir ordu yaratmağı planlaşdırırlar. Ola bilər ki, ABŞ Suriyadan çıxdıqdan sonra öz yerini "Ərəb NATO-su"na versin. Hesab edirəm ki, Amerikanın Suriyadan çıxması ilə bağlı verilmiş qərar məhz buna hesablanıb. Nəticədə isə Səudiyyə Ərəbistanı Vaşinqtonun dəstəyi ilə yaradılacaq "Ərəb NATO-su" vasitəsiylə regionda İrana və onun müttəfiqlərinə qarşı aktivliyini artıracaq".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org
Tarix: 22-12-2018, 15:08
Xəbəri paylaş





Xəbər lenti