Prezident Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə qərarının icrasına başlanılıb. 60-100 gün ərzində ABŞ-ın koalisiya qüvvələri tərkibində Suriyada yerləşən iki min nəfər zabit və əsgər heyəti bu ölkəni tərk edəcək. Alınan məlumatların təhlili ABŞ-ın Suriyada YPG/PYD terror təşkilatları ilə müttəfiqlik münasibətlərinə də son qoyulacağını deməyə əsas verir. Xatırladaq ki, ABŞ üçün PKK-nın Suriya qolları ilə hərbi müttəfiqlik kürd planının tərkib hissəsi olub. Bu layihə ilk növbədə, Yaxın Şərqdə İraq, Türkiyə, İran və Suriyanın bölünməsi hesabına müstəqil kürd dövlətinin yaradılmasını nəzərdə tuturdu.
İkinci istiqamət isə İraqda və Suriyada “Kürdüstan Demokratik Qüvvələrin” adı altında təşkilatlandırılmış PYD və YPG terror təşkilatları ilə birlikdə İŞİD terror qruplaşmasına qarşı birgə mübarizənin aparılmasından ibarət idi. Bu məsələdə ABŞ xüsusilə İŞİD-in paytaxtı adlandırılan Raqqa şəhərinin terrorçulardan azad edilməsi üçün YPG/PYD yaraqlılarından istifadəyə önəm verirdi. Lakin həm müstəqil kürd dövlətinin yaradılması, həm də kürd terrorçularının ABŞ tərəfindən ən müasir silahlarla təmin edilməsi Türkiyənin milli təhlükəsizliyi üçün problem yaratdığından ciddi narazılıqla qarşılandı. Lakin kürd dövləti ideyasının dünya dövlətləri tərəfindən ciddi etirazla qaşılanması regionun xəritəsini dəyişilməsinin qarşısını aldı.
İndi isə ABŞ Suriyada İŞİD-ə qarşı mübarizəni demək olar ki, başa çatmış hesab edir və münaqişə bölgəsini tərk etməyə üstünlük verir. Bu da öz növbəsində Türkiyənin cənub sərhədləri yaxınlığında kürd terrorçularına qarşı fəal mübarizə aparmaq imkanlarını artıracaq.
Qeyd edək ki, pezident Tramp ABŞ qoşunlarını Suriyadan çıxartmaq planları barədə hələ 2018-ci il mart ayının 29-da özünün “Twitter” səhifəsində yazmışdı:
"Orada olmağımızın yeganə səbəbi İŞİD idi. Başqa bir səbəb yoxdur. Məqsədimizə böyük ölçüdə çatdıq".
Bir neçə gündən sonra, yəni aprelin 4-də Ağ Evin rəhbəri bu yöndə növbəti açıqlama verərək amerikalı hərbçiləri Suriyadan çıxartmaq niyyətini bəyan etmişdi.
"Biz İŞİD-lə mübarizədə böyük uğura nail olduq və mən qoşunları çıxarmaq, hərbçiləri evə qaytarmaq istəyirəm".
Lakin bu prosesin müəyyən qədər ləngiməsi ilk növbədə, ABŞ prezidentinin administrasiyasında və Dövlət Departamentində Donald Trampın mövqeyinə etirazla bağlı olub. Lakin Prezident Tramp Ağ Evdə və hökumət strukturlarında onunla həmfikir olmayan vəzifəli şəxslərin əksəriyyətinin istefaya getməsinə nail olub. Artıq bir çox siyasi qərarların verilməsində prezidentin şəxsi rəyi üstünlük təşkil edir. Onunla razılaşmayanlar isə təmtəraqlı şəkildə, xüsusi minnətdarlıqla tutduğu postdan uzaqlaşdırılır. Müdafiə naziri Ceyms Mətts də dekabrın 21-də yazdığı istefa məktubunda vəzifədən getməsinin səbəbi kimi hərbi qüvvələrin Suriyadan çıxarılmasında prezident Trampla aralarında ciddi fikir ayrılığının olmasını göstərib.
Donald Trampın bu addımına ABŞ-ın dövlət katibi Mayk Pompeonun və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun da etiraz etdiyi bildirilir. “Qırğı” diplomatlar Ağ Evin rəhbərini inandırmağa çalışır ki, hərbi qüvvələrin Suriyadan çıxarılması ABŞ-ın dörd düşməninin-İŞİD, İran, Rusiya və Əsəd rejiminin güclənməsinə səbəb ola bilər. Ona görə də Trampla yaranmış fikir ayrılığı sərt xarici siyasət tərəfdarı olan hər iki diplomatın da istefası ehtimalını düşünməyə əsas yaradır. Əks halda, Trampın qərarını hələ məlum olmayan strateji planın tərkib hissəsi adlandırmaq olar. Yəni Amerika hərbçilərinin Suriyadan çıxarılması bu halda daha çox taktiki addım kimi qiymətləndirilə bilər.
Prezident Tramp bu məsələdə sanki ABŞ-ın geosiyasi maraqlarını Yaxın Şərqdəki rəqibləri olan İrana və Suriyaya güzəştə gedərək geri çəkilmiş kimi görünən açıqlama verib. "İŞİD qruplaşması ilə mübarizəni ilk növbədə Rusiya, İran və Suriya aparmalıdır, çünki onlar öz coğrafi mövqelərinə görə regiona daha yaxındırlar".
ABŞ Prezidenti Donald Tramp bu barədə özünün Twitter səhifəsində yazıb: "ABŞ qoşunlarının Suriyadan çəkilməsi sürpriz deyil. Mən bir neçə ildir bu istiqamətdə kampaniya aparmışam və altı ay əvvəl bu addımı atmaq istədiyimi bildirmişəm”.
Ekspertlərin fikrincə, ABŞ-ın Suriyadan çəkilməsi İranın regionda fəallaşması ilə nəticələnəcək. Bunun qarşısını almaq üçün Vaşinqton İrana qarşı ərəb dövlətlərinin yeni koalisiyasının formalaşmasına nail ola bilər. Yəni İranın Suriyadan, İraqdan və Yəməndən çıxarılmasından ərəb birliyinin imkanlarından istifadə olunacağı ehtimal olunur. Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu da ABŞ qoşunlarının çıxmasından sonra Suriya ərazisində İrana qarşı hərbi əməliyyatları gücləndirəcəklərini bildirib.
Vaşinqtonun öz hərbi kontingentini Suriyadan çıxartmaq qərarı barədə ilk açıqlamanı “Reuters”ə amerikalı məmurlar verib. “The Wall Street Journal” isə bu xəbəri belə təqdim edib: “Amerikalı məmurlar Suriyadan çıxmaq planları ilə bağlı PKK terror təşkilatına və YPG-yə xəbərdarlıq edib. Ötən həftə prezident Tramp İŞİD terror təşkilatının cəmi 30 gün ömrü qaldığını bəyan edib“.
“Bu xəbəri oxuyanda təəccüblənmək lazım deyil. Çünki ABŞ-da hər şey prezident Trampın təsir dairəsinə keçirsə, Amerika ümumiyyətlə Suriyada ola bilməz. Arxivləri qaldırdıqda, siz Trampın prezident seçilməzdən əvvəl “Amerikanın Suriyada nə işi var” ruhunda fikirlər səsləndirdiyini görmək olar.
Dövlət başçısı seçildikdən sonra, 2016-cı il noyabrın 12-də Tramp “The Wall Street Journal”a verdiyi ilk müsahibəsində Suriya müxalifətinə münasibətini bildirmişdi: “Biz onları dəstəkləyirik, ancaq tanımırıq”.
Elə ilk müsahibəsində Tramp Suriya məsələsində Obama administrasiyasından fərqli siyasət yürüdəcəyini demişdi: “Suriya məsələsində mənim mövqeyim çoxlarından fərqlənir. ABŞ regiondakı qüvvələrini İŞİD-ə qarşı cəmləşdirməlidir”-Tramp belə deyib.
Hərbi kontingentin Suriyadan çıxarılmasına dair qərarın verilməsi ilə bölgədə tamamilə yeni bir şərait yaranıb. İlk növbədə, Fərat çayının sağ və sol sahillərindəki vəziyyətə münasibətlə bağlı ABŞ və Türkiyə arasında yaranmış gərginlik aradan qalxacaq.
Politoloq Natiq Miri hesab edir ki, ABŞ-ın hərbi kontingentini Suriyadan çəkmək qərarı İraqın şimalından Aralıq dənizinə qədər kürd terror dəhlizi yaratmaq planından imtina etməsi deməsi kimi başa düşülməməlidir:
“Bu layihədən ABŞ-ın imtina etdiyini qətiyyən iddia etmək olmaz. Həmçinin, bu layihədə ABŞ-ın Yaxın Şərqindəki İsrail də iştirak edir. Ona görə də bu plan ikinci dəfədir uğursuzluğa düçar olduğu üçün müvəqqəti geri çəkilmək kimi qiymətləndirilə bilər. ABŞ-ın bu uğursuzluğu həm də Türkiyə hakimiyyətinin bir zamanlar verdiyi qətiyyətli addımlarla da əlaqəlidir. Biz Türkiyənin qətiyyətli mövqe tutmasını Məsud Bərzani hökumətinin Şimali İraqda müstəqillik referendumu keçirdiyi günlərdə də gördük. Eləcə də Türkiyə əvvəlcə ”Fərat qalxanı”, sonra isə “Zeytun budağı” əməliyyatları ilə Suriyanın şimalında kürd terrorçularının nəzarətində olan əraziləri birləşdirmək planını pozdu. Artıq “Şərqi Fərat” əməliyyatı hazırlanıb ki, bunun həyata keçirilməsi ilə Suriyanın şimal-şərqində 500 km-lik bir ərazinin terrorçulardan təmizlənməsi nəzərdə tutulur. Bundan başqa, səkkizinci ildir ki, Rusiya, İran və Əsəd rejiminin bütün istəklərinə baxmayaraq, ABŞ Suriyadan çıxmırdı. Hətta ABŞ kürd qruplaşmaları ilə birlikdə Suriyanın strateji əhəmiyyətə malik yeraltı və yerüstü mənbələrinin üçdə ikisinə nəzarət edirdi. Ona görə də Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyat aparacağını bəyan etməsi Vaşinqtonda müsbət qarşılanmadı. ABŞ Dövlət Departamenti və “Pentaqon” apardığı araşdırmalardan sonra Türkiyənin hərbi əməliyyatlar keçirilməsi barədə informasiyaların aldadıcı deyil, gerçək olduğunu müəyyən etdi. Nəticədə, ABŞ üçün geri çəkilməkdən başqa yol qalmadı. Ola bilsin ki, yaxın 24 saat ərzində Türkiyə silahlı qüvvələri “Şərqi Fərat” əməliyyatına başlayacaq. Yəni indiyə qədər Rusiya kimi hegemon bir ölkənin Suriyada edə bilmədiyi bir əməliyyatı Türkiyə Suriyanın şimalında qətiyyəti ilə reallaşdırdı.
Politoloq bildirdi ki, ABŞ qoşunlarının çıxarılmasında Donald Trampın subyektiv mövqeyi də rol oynayır. Çünki Amerika prezidenti Suriyadakı silahlı qüvvələrin saxlanılmasına əlavə vəsait xərcləmək istəmir:
“2016-cı ilin prezident seçkiləri ərəfəsində Trampın verdiyi vədlərdən biri qoşunların Suriyadan çıxarılması idi. Ancaq Dövlət Departamenti və Pentaqon buna imkan vermədi. Buna rəğmən, nə Dövlət Departamenti, nə də Müdafiə Nazirliyi Suriyada hərbi iştirakla bağlı strateji əhəmiyyətli bir konsepsiya hazırlayıb prezidentə təqdim edə bilmədi. Bu da ABŞ-a yüz milyonlarla dollar xərcə başa gəlirdi.
Tramp isə siyasətə biznesdən gəlmiş adamdır. O, yaxşı anlayır ki, Suriyada qoşunları saxlamaq milyardları havaya sovurmaqdır. Ona görə də deyir ki, biz İŞİD-i məğlub etdik, bundan sonra kim Suriyada döyüşmək istəyirsə, buyurub döyüşə bilər”.
Müşfiq Abdulla
Cebhe.info