Dekabrın 25-də Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Aksiyanı ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar təşkil edir. Aksiyadan sonra səfirliyə petisiya təqdim olunacaq. Məqsəd bu ölkədəki 102-ci Rusiya hərbi bazasının fəaliyyəti, bazadakı rusiyalı hərbçilərin özbaşınalıqlarına qarşı etirazdır.
Aksiyaların davamlı olacağı gözlənilir.
Maraqlıdır, aksiyaların təşkili, davamlı olması Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə nəticələnə bilərmi? Yoxsa bu, Paşinyanın Rusiyadan əldə etmək istədiklərinə görə qurduğu yeni oyundur?
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu cür addımlar Paşinyanın sonunu gətirə bilər:
“Paşinyan az müddətə Putinlə görüşəcək. O, hər vəhclə Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır. Bunun üçün Putinin qarşısına bir qədər əlini gücləndirərək çıxmaq istəyir. Yəni, “Bax, xalq artıq səni istəmir, ancaq mən hər şeyə rəğmən səninlə əməkdaşlığa hazıram” kimi arqumentləri əsas gətirmək niyyətindədir. İkinci ehtimal ondan ibarətdir ki, bu cür aksiyalar Paşinyanı Putinin gözündən daha da salmaq istəyən qüvvələrin hərəkətə keçməsi ilə hazırlansın. Yəni, Putinə göstərmək istəsinlər ki, Paşinyan hakimiyyətə gələnə qədər hər şey yaxşı idi, ancaq o, iqtidara gəldikdən sonra ölkədə Rusiya əleyhinə geniş kampaniya başlayıb.
Üçüncü bir variant isə erməni millətçilərinin hərəkətə keçməsidir. Qərbə meyl edən Paşinyan iqtidarından istifadə edərək Rusiyanın təsirini zəflətmək istəyirlər. Onlar da belə düşünürlər ki, "Qarabağ klanı"ndan fərqli olaraq Paşinyan onlara dəstək verəcək. Hər üç ehtimal istisna deyil”.
Politoloqun fikrincə, Paşinyan da bu mitinqlərin təşkilində maraqlıdır və onların keçirilməsini istəyir:
“Çünki o, 5 illik müddətdə Rusiyanın siyasi təsirindən xilas olmağa çalışır. Buna nail olacağı ehtimalı isə çox aşağıdır. Regionda baş verən son siyasi hadisələri də nəzərə alaraq deyə bilərəm ki, bu siyasət, hətta Paşinyan iqtidarının sonunu gətirə bilər”.