Putinin öz NATO-su: YENİ PLAN

            

 


Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tərəfdaş təsisatının yaradılmasını nəzərdə tutan protokolun imzalanması barədə hökumətin təklifini təsdiq edən sərəncam imzalayıb.KTMT tərəfdaşı bu təşkilatla qarşılıqlı maraq kəsb edən sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quracaq dövlət və təşkilatlardır.Müşahidəçilərdən fərqli olaraq tərəfdaşlar həmçinin KTMT-nin tədbirlərində də iştirak etmək öhdəliyi qəbul edirlər.

Maraqlıdır, Rusiyanın bu addımı nəyə hesablanıb?KTMT üzvü olmayan təşkilatlar və ölkələr, o, cümlədən Azərbaycan bu qurumda birləşə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın bu addımını “Cümhuriyət” qəzetinə şərh edib. E.Şahinoğlu hesab edir ki, Rusiyanın bu siyasəti uğurlu olmayacaq:

“Rusiya istəyir ki, təşkilatın sıralarını genişləndirsin. Bir çox ölkələr KTMT-yə üzv olmaq istəmirdi, amma indi Putin tərəfdaş kimi bu təşkilatın sıralarını genişləndirmək istəyir.Bu prinsip NATO-da da var. Bir var NATO dövlətləri, bir də var NATO-ya tərəfdaş dövlətlər.Məsələn, Azərbaycan NATO-nun tərəfdaş dövlətidir və bütün toplantılarına Azərbaycan prezidenti, nazirlər və digər rəsmi şəxslər dəvət olunur.Görünür Putin də eyni prinsiplə addım atır.KTMT-nin 5 üzvü var, ancaq Rusiya çalışır ki, çoxlu tərəfdaşları olsun. Azərbaycan, Çin, Hindistan və sair digər dövlətlər də KTMT-nin tərəfdaşı olsun. Bu, bir qədər də neytral statusa bənzəyir, yəni tərəfdaş ölkələr prosesləri kənardan izləyəcək.

Düşünürəm ki, elə məqsəd də budur.Rusiya gələn ildən də çalışacaq ki, ətrafında tərəfdaş ölkələrin sayı artsın.Putin onu da düşünür ki, tərəfdaşların sayı çox olarsa, Qərbin təzyiqləri qarşısında daha rahat duruş gətirə bilər.Amma bunun da çox uğurlu siyasət olduğunu düşünmürəm.Ona qalsa KTMT-nin tərəfdaşları onsuz da var, amma hamısının da Rusiya ilə münasibətləri problemlidir.Belarus ən yaxın tərəfdaşı sayılır, amma Belarus prezidenti KTMT-ni sərt şəkildə tənqid edib.Hətta Rusiyanın Krımı ilhaqını da qəbul etmir.Eləcə də Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, KTMT-nin üzvü olsa da, Rusiya ilə münasibətlərində problemlər var. Ermənistanın özündə də əhalinin əksəriyyəti Rusiyadan narazıdır.Baxmayaraq ki, Ermənistan KTMT-nin üzvüdür.Yəni, Putin bu istəyinə nail olsa, təşkilata tərəfdaş dövlətlər cəlb etsə belə Qərblə qarşıdurma uğur əldə edə bilməyəcək.Əslində, Rusiyanın müttəfiqləri qorxudan müttəfiq olublar.Ermənistan, Qazaxıstan, Belarus və digərləri Rusiyadan ehtiyat edir.Rusiya Gürcüstana və Ukrynaya təcavüz etdi.Abxaziya və Cənubi Osetiya.Krım ilhaq olundu.Donbas separatçılarını dəstəklədi, Ermənistan üzərindən isə Qarabağ separatçılarını dəstəkləyir.Bütün bunlara görə dövlətlərin əksəriyyəti Rusiyadan ehtiyat edir”.

E.Şahinoğlu hesab edir ki, separatçıların KTMT-yə tərəfdaş kimi cəlb olunması, Rusiyanın bu siyasətinin iflasına səbəb olacaq: 

“Əgər Rusiya Azərbaycanı tərəfdaş kimi görmək istəyirsə və bununla yanaşı, Abxaziyanı KTMT-yə tərəfdaş kimi cəlb edərsə, rəsmi Bakı bundan dərhal imtina edəcək. Bu gün Abxaziyanı ora dəvət edən sabah da Qarabağ separatçılarını dəvət edəcək. Yəni, KTMT-də separatçılar bu və ya digər şəkildə tərəfdaş statusu qazanacaqsa, orada Azərbaycan və digər dövlətlər iştirak etməyəcək”.

Elxan Şahinoğlu KTMT-nin heç bir perspektivə malik olmadığını deyib:

“İndi KTMT-nin nə perspektivi var ki, gələcəkdə də olsun. NATO strukturlaşmış təşkilatdır.Rusiya KTMT-ni yaradanda düşünürdü ki, NATO-ya alternativ təşkilat yaradır.Amma alınmadı.Rusiyanın yürütdüyü ağalıq siyasətidir, hamıya diktə etməyə çalışır.Rusiya Krımı ilhaq edəndə öz müttəfiqləri ilə razılaşdırmışdı? Təkbaşına qərar verib Krımı ilhaq etdi, Donbas separatçılarına dəstək verdi, Gürcüstanı parçaladı. Ona görə də bu təşkilat yekdil deyil.Sadəcə olaraq bu dövlətlər Rusiyadan çəkindiklərinə görə onun yanında yer alıblar.Azərbaycan da zamanında bu təşkilatın üzvü idi.Rusiyanın bu siyasətinə görə mərhum dövlət başçısı Heydər Əliyev bu təşkilatda uzaqlaşdı.Doğru verilmiş qərar idi.Hesab edirəm ki, Azərbaycanın o təşkilata yenidən qayıtması da doğru olmaz”.

Cebhe.info

Tarix: 27-12-2018, 22:21
Xəbəri paylaş





Xəbər lenti