Böyük Britaniyada 1990-cı illərdən sonra postsovet ölkələri ilə aparılan diplomatik yazışmalar dərc edilib. Sənədlərdə maraqlı məqamlar yer alıb.
Cebhe.info xəbər verir ki, onlardan biri də Türkmənistanın sabiq prezidenti Saparmurad Türkmənbaşının hədiyyəsi olan atla bağlıdır.
At Britaniyanın baş naziri Con Meycor üçün nəzərdə tutulubmuş. Türkmənistan tərəfi onu Rusiyaya qədər göndərmək üçün məsuliyyət götürüb. Orada isə gömrük rəsmiləşdirilməsindən sonra at Britaniyaya göndərilməli idi. Hökumət bunun üçün at alqı-satqısında məşhur olan Roy Meddes adlı şəxslə anlaşıb. Daha sonra isə onun fırıldaqçılığa görə məhkumluq yaşadığı üzə çıxıb.
"Məqsəd" adlı atı başqa bir atla qatarda aparıblar. Digər at Fransaya hədiyyə olub. Qatar Qazaxıstan ərazisindən keçəndə vaqona silahlı şəxslər hücum edib. Onlar atı müşayət edənlərdən pul istəyiblər. Müşayətçilər isə üzərlərində nağd pul daşımadıqlarını deyiblər. Belə olanda soyğunçular vaqona daxil olub və bir neçə yemiş götürüblər. Atlar onların diqqətini çəkməyib.
Moskvada isə başqa problemlər ortaya çıxıb. Britaniya səfirliyinin əməkdaşı Lora Brendi hesabatda qeyd edib ki, əvvəlcə gömrük rəsmiləşdirilməsində problem yaşanıb. Sənədləşdirməyə cavabdeh olan diplomatların gömrükdə qəbulu prosesi yubanıb. Belə olanda, Lora Brendi Rusiya tərəfindəki məsul əməkdaşa qatarda aparılan atların vəziyyətindən danışıb. Gömrük əməkdaşı olan qadın heyvansevər olduğundan sənədləşməyə kömək edib. Bu arada isə britaniyalılara Finlandiya səfirinin tutuquşusu barədə danışıb.
Ancaq diplomatlar atları gətirdikləri stansiyada daha bir problemlə qarşılaşıblar. Onlardan 8,5 min dollar əlavə rüsum tələb edilib. Müzakirə gün ərzində davam edib və nəticəsiz qalıb. Səhəri gün də britaniyalılar atları vaqonlardan düşürə bilməyiblər. Diplomatlar bir saata yaxın baytar həkimin atların vəziyyətinə dair sənəd yazmasını gözləyiblər.
Atları vaqondan düşürəndə məlm olub ki, Türkmənistan tərəfdən olan müşayətçi özü ilə kartof və yerkökü dolu kisələr götürüb. Həmçinin, bir neçə yüz yemiş də daşıyırmış. Səbəbini isə belə izah edib ki, geri qayıtmaq üçün ona yol pulu verilməyib, bilet alınmayıb. Buna görə də kartof, yemiş və yerkökünü sataraq Aşqabda dönüş bileti almalıdır.
Britaniyalı diplomatlarla birlikdə bu prosesləri izləyən fransalı diplomat isə bütün bu hadisələrdın bərk təşvişə düşüb. O, bütün bunları gözləmirmiş.
Yük və atlar olan vaqonu stansiyada qəbul etməkdən imtina olunub. Səbəbi isə vaqonun həddən artıq çirkli olmasıyla əlaqələndirilib. Bildirilib ki, vaqonda at təzəyi var.
Diplomat xanım hətta təzəyin onun maşının baqajında daşınmasına da razı olub. Ancaq buna ehtiyacq almayıb və çıxış yolu tapılıb. Maşinistə bir neçə yemiş verilib və o, vaqonu kənara aparmağa razılaşıb. Orada təzəyi yolun kənarına boşaldıblar. Atları vaqonlardan düşürüb və müvəqqəti karantinə qoyublar.
"Mən son bir neçə gündə olduqca lazımlı əlaqələr yaratdım. Gələn dəfə Rusiyadan at gətirmək lazım olanda, bu, artıq sadə olacaq",- deyə Brendi hesabatda yazıb.