Amerika növbəti dəfə kürdləri satdımı?


Amerikadan sonra kürdləri taleyinin necə olacağı ilə bağlı mümkün ehtimallar

ABŞ prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılması prosesinin uzana biləcəyini deyib. ABŞ prezidenti deyib ki, çəkilmə zaman tələb edir, eyni zamanda bununla bağlı daha əvvəl vaxt demədiyini qeyd edib. Sitat: “Mən heç zaman sürətli və ya yavaş demədim. Bəziləri 4 ay dedi, amma mən vaxt demədim”.

Eyni zamanda Tramp kürdləri tənqid edərək deyib ki, YPG İrana neft satır. Lakin əlavə edib ki, “kürdlər ABŞ-la birlikdə İŞİD-ə qarşı yaxşı savaşıb, yenə də onları qoruyacağıq”.

Tramp etiraf edib ki, Suriya Obamanın prezidentliyi dövründə itirilib, indi isə orda sadəcə “qum və ölüm” var.

ABŞ prezidentinin son açıqlamaları Amerika ordusunun Suriyanı tərk etməyə hazırlaşmadığını göstərir. Doğrudur, son məlumatlara görə, Suriyanın İraqla sərhəd bölgələrindəki ABŞ bazalarından hərbçilər İraq ərazisinə köçürülür. Amma ümumilikdə Trampın çəkilmənin uzun zaman alacağı və kürdləri qoruyacaqları ilə bağlı açıqlamaları ABŞ ordusunun Suriyanı tamamilə tərk edəcəyi ilə bağlı şübhələrə səbəb olub.

Xatırladaq ki, ABŞ hərbi qüvvələrinin Suriyanı tərk edəcəyi ilə bağlı ilk məlumat dekabrın 19-da açıqlanıb. Ağ Evin mətbuat katibi Sara Sanderin yaydığı açıqlamada qeyd olunur ki, ümumi sayı 2 min nəfərə yaxın olan ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması prosesi başlayıb. Qeyd edək ki, bununla eyni saatlarda ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabından bildirib ki, ABŞ ordusunun Suriyada qalmasının əsas səbəbi olan İŞİD-ə qarşı mübarizəsi qələbə ilə başa çatıb.

ABŞ ordusu 2014-cü ildən sonra Suriyaya yerləşməyə başlayıb. Həmin il İŞİD Mosul şəhəri də daxil olmaqla, İraqın, eləcə də Suriyanın Raqqa şəhəri də daxil olmaqla, mühüm bir hissəsini işğal edib qlobal terror təhlükəsinə çevrildikdən sonra avqust ayında ABŞ 64 ölkənin qatıldığı beynəlxalq antiterror koalisiyası yaradıb. Daha sonra isə ABŞ Suriya kürdlərinə quru əməliyyatında dəstək verib və 5 ay ərzində İŞİD-in Suriyanın Kobani (Ayn əl-Ərəb) şəhərini ələ keçirməsinə imkan verməyib. Sonrakı dövrdə isə ABŞ kürdlərdən faktiki olaraq İŞİD-ə qarşı quru qüvvələri kimi istifadə edib və paralel olaraq kürd (daha sonra Suriyanın şimalındakı etnik və dini qrupları birləşdirərək Suriya Demokratik Qüvvələri adlı koalisiya yaradıldı - K.R.) silahlılarına-YPG, YPJ və silah-sursat, hərbi texnika verməyə başlayıb və döyüş təlimlərini də amerikalı hərbçilər keçməyə başlayıb. 2017-ci ilin aprelində isə Vaşinqton Raqqa əməliyyatına hazırlıq məqsədilə SDQ-yə 300 milyon dollar dəyərində silah və texnika bağışladı.

Ancaq dekabrın 19-da gözlənilmədən Vaşinqton Suriyadan çıxacağını elan etdi. ABŞ ordusunun Suriyadan çıxarılmasının səbəbləri barədə daha əvvəl bir sıra versiyalar qeyd olunub. Trampın son açıqlamasından da aydın olur ki, Vaşinqton administrasiyası Suriyada hakimiyyət dəyişikliyi, yəni Bəşər Əsədin devrilməsi ilə bağlı ümidini itirib, indi bu ölkədə proseslər son mərhələdə olduğu bir vaxtda Suriyada onsuz da böyük xərc aparan hərbi missiyasını dayandırmaq istəyir. ABŞ prezidentinin də etiraf etdiyi kimi, Suriya əməliyyatları onsuz da baha başa gəlir və geniş mənada Vaşinqtonun maraqlarına xidmət etmir.

Ancaq o da var ki, Vaşinqton hələ 2013-cü ildən sonra Suriyada hakimiyyət dəyişikliyinə olan ümidini itirib. Bunu Vaşinqtonun Dəməşqdəki sonuncu səfiri Ford bir neçə il əvvəl etiraf edib. Lakin Suriyada və İraqda İŞİD-in fəallaşması, qlobal təhlükəyə çevrilməsi Vaşinqtonun beynəlxalq koalisiya yaradaraq Suriyaya yerləşməsinə səbəb oldu. Və bu zaman kürdlər, daha dəqiqi Suriya Demokratik Qüvvələri adlı koalisiya ABŞ-ın müttəfiqi kimi fəaliyyət göstərdi. Və Vaşinqton kürdlərin dəstəyi ilə Suriyada İŞİD-i ciddi şəkildə zəiflətdi.

Doğrudur, indi İŞİD tamamilə məğlub olmayıb. Üstəlik Vaşinqtonun daha əvvəl elan etdiyi kimi, kürdlərin gələcəyi ilə bağlı hər hansı təminat əldə olunmayıb. Ən azı rəsmi olaraq belə bir bəyanat yoxdur. Bu səbəbdən Trampın Suriya qərarı kürdləri məyus edib və Vaşinqtonda ciddi tənqidlərə səbəb olub. Çünki birincisi, kürdlər Suriyada ABŞ-a qarşı xeyli sadiq olub və Vaşinqtonun onları tərk etməsi onları Suriya hakimiyyəti qarşısında köməksiz qoyur. İkincisi isə bu hadisə Vaşinqtonun imicini zədələyə, müttəfiqlərini köməksiz qoyduğu görüntüsünü yarada bilər. Görünür ki, Tramp sonuncu açıqlamasında “kürdləri qoruyacağıq” deməsi də Vaşinqtonun Suriyadan çəkilmə qərarından sonra yaranmış suallara cavab məqsədlidir. Ancaq Tramp kürdləri hansı formada və necə qoruyacaqlarını açıqlamayıb. Çünki artıq kürdlər rəsmi Dəməşqə elçi göndərərək anlaşmağa çalışır.

Görünən odur ki, Vaşinqton indiki situasiyada bir tərəfdən Türkiyənin PYD barədə sərt mövqeyi və Vaşinqtona təzyiqləri, digər tərəfdən, Vaşinqtonun bölgədəki hərbi-siyasi dəstəyinin kürdlər üçün ağır nəticə verə biləcəyini nəzərə alaraq geri çəkilməyə və bununla da kürdlərə təzyiqi azaltmağa çalışıb.

Çünki göründüyü kimi, Vaşinqtonun çəkilməsi ilə kürdlər Dəməşqə üz tutaraq bir mənada gələcəklərini təminat altına almış oldular.

İndi kürdlərin gələcəyi ilə bağlı qərarı yanvarda toplanması planlaşdırılan Suriya Konstitusiya Komissiyası verəcək. Burada isə kürdlər üçün yüksək səviyyədə olmasa da, yerli özünüidarə hüququ verilməsi gözlənilir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Tarix: 3-01-2019, 21:56
Xəbəri paylaş





Xəbər lenti