Elxan Şahinoğlu: “Rusiya Ukraynada dini münaqişə yarada bilər”
Gürcüstan Pravoslav Kilsəsi Ukrayna Avtokefal Kilsəsini dəstəklədiyini bəyan edib. Cebhe.info-nun məlumatına görə, bu barədə rəsmi qərar Sinodun yanvar ayında keçiriləcək yığıncağında çıxarılacaq.
Tsilkani və Duşeti mitropolu Zosime Gürcü patriarxının Ukrayna Avtokefal Kilsəsəni dəstəklədiyinə dair yanvar ayında rəsmi açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Bütün Rusiyanın və Moskvanın Patriarxı Kiril Gürcü Patriarxı İkinci İlyaya bir neçə məktub göndərərək Ukrayna Avtokefal Kilsəsinə dəstək verməməyə çağırıb.
Lakin Ukraynada olduğu kimi Gürcüstan Pravoslav Kilsəsinin mövqeyində görünür, daha çox siyasi münasibətlər nəzərə alınıb. Bu isə pravoslav dünyasında getdikcə dərinləşən bölünmə prosesini bir az da gücləndirə bilər. Rus Pravoslav Kilsəsinin kanonik tabeliyində olan kilsələrin Qərbin dəstəyi ilə ayrılaraq Konstontinopol Ortodoksal Kilsəsinin himayəsinə keçməsi post-sovet məkanındakı xristian millətlərin Kremlin nəzarətindən çıxması ilə müşahidə olunur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, pravoslav dünyasında baş verən parçalanmanın səbəbkarı Rusiya rəhbərliyidir. Rəsmi Moskvanın yürütdüyü imperiya siyasəti slavyan və digər xristian-pravoslav xalqları arasında mərkəzdənqaçma prosesi ilə nəticələnir: “Rusiya Krımı işğal etdikdən və Donbasda separatizmə dəstək verdkdən sonra heç bir özünə hörmət edən ölkə Rusiyanın öz üzərində hakim mövqedə olmasını istəmir. Bu məsələ Ukraynanın sabiq prezidenti Yuşşenkonun dövründə də var idi. Müəyyən addımlar atılsa da Yuşşenko bu prosesi axıra qədər davam etdirmədi. Ancaq Krım işğal olunandan sonra Ukrayna hakimiyyətinin başqa yolu qalmadı. Ukrayna öz torpaqlarını işğal edən bir dövlətin kilsəsinin nəzarəti altında qalmaq istəməz. Bu da pravoslav kilsəsinin parçalanması deməkdir.
Ukrayna İstanbuldakı Ortadoks Kilsəsinin, yəni Yunan patriarxının nəzarəti altına keçdi. İndi Gürcüstan da öz mövqeyini bildirir. Bölgədəki bütün bu problemlərin də səbəbləri, bölgədəki ABŞ-Rusiya qarşıdurması, Krımın ilhaqından sonra başlayıb. Əgər Krım ilhaq olunmasaydı, Donbasda separatizm baş qaldırmasaydı, nə Rusiyaya qarşı sanksiyalar olacaqdı, nə də pravoslav kilsəsi bölünəcəkdi. Bunların başlıca səbəbi Krımın ilhaqıdır və bu hələ son deyil. Rusiya rəhbərliyi həmişə pravoslav kilsəsindən siyasi təzyiq vasitəsi kimi istifadə edib. İndi bu təzyiq vasitələri onun əlindən alınır. Mən Ukraynaya tez-tez gedirəm. Ukrayna xalqı din amilinə mühüm dəyər verir. Hətta Ukrayna vətəndaşı maşın alanda belə, keşişi çağırıb onu xaç suyuna saldırır və ona pul verir. Ukrayna Kilsəsi Rusiyanın tabeliyində olanda bu yolla külli miqdarda pul qazanırdı və həmin vəsait Moskvann nəzarətinə keçirdi. Rusiyanın bu yolla Ukraynadakı proseslərə təsir etmək imkanı var idi.
Ona görə də Ukrayna Avtokefal Kilsəsi Rusiyadan ayrılmaq qərarına gəldi. Amma orada proseslər hələ yekunlaşmayıb. Rusiyanın nəzarəti altında qalan kilsələr hələ müqavimət göstərir. Ona görə də Rusiya din amilindən istifadə edib gələcəkdə Ukrayna ərazisində münaqişə ocağı yaratmağa çalışacaq. Ukraynada qarşıdan prezident seçkiləri gəlir. Özünə hörmət edən namizəd Krımın ilhaqından sonra Rusiya ilə yaxınlaşma siyasəti yürütməz. Amma oktyabr ayında keçiriləcək parlament seçkilərində Rusiya çalışacaq ki, öz adamlarını daha çox Ali Radaya yerləşdirə bilsin”.
Politoloq onu da bildirdi ki, Gürcüstanla Rusiyanın münasibətləri gərgin olduğundan Sinodun qərarından sonra mənfiyə doğru dəyişikliyin baş verəcəyini söyləmə mümkün deyil. Amma pravoslav dünyasında baş verən parçalanma prosesinin Rusiyanın yaxın müttəfiqi olan Belarusa da keçəcəyi istisna edilmir. (Cebhe.info)