ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlara de-fakto start verilib. Növbəti seçkilərdə hakim Respublikaçılar Patiyasının namizədinin yenə də Donald Tramp olacağı şübhə doğurmur. Artıq Trampın seçki strategiyası da elan edilib. 2016-cı ildə səsverməyə “Ən güclü Amerika!” şüarı ilə gedən D.Trampın 2020-ci ildə strategiyası “Trampın qələbəsi” adlanacaq. Respublikaçılar Partiyası daxilində prezidentliyə iddialı digər siyasətçinin olmaması D.Trampın qurultayda vahid namizəd seçilməsinə şərait yaradır.
Ağ Evin hazırkı rəhbərinin yenidən namizəd elan edilməsi və seçki qərargahının qurulması üçün respublikaçıların daxilində təbliğat işlərinə başlanılıb. Ancaq D.Trampın ikinci müddətə prezident seçilməsi ilk növbədə, onun siyasi reytinqindən asılı olacaq. Son rəy sorğuları D.Trampın siyasi reytinqinin 36 faiz təşkil etdiyini göstərir. Bu isə prezident üçün ən başlıca maneədir. Buna baxmayaraq, Trampın prezidentlik etdiyi son iki ildə ABŞ-da işsizliyin səviyyəsi ən aşağı həddə enib. Eyni zamanda, daxili istehsalın və ixracın stimullaşması, əmək haqlarının artımı da D.Trampın siyasətinin əsas uğurları hesab edilir. Trampın daha çox diqqət yetirdiyi sahələrdən biri də dövlət büdcəsinin xərclər hissəsinə maksimum qənaətdir. Buna baxmayaraq, Trampın prezidentliyi dövründə dövlət borclarının artaraq 2,2 milyard dollara çatması qarşıdan gələn seçkilərdə respublikaçıların namizədinə ciddi problem yarada bilər. Ekspertlərin hesablamalarına görə, əgər iqtisadi vəziyyət belə davam edərsə, 2020-ci ilə qədər ABŞ-ın büdcə kəsiri 1 trilyon dollara çata bilər. Ona görə də Tramp yenidən prezident seçilmək üçün ciddi hazırlaşmalıdır. Donald Trampın qələbə qazanması həm də onun siyasi rəqibinin kimliyindən çox asılı olacaq. Demokratlar Partiyası hələlik vahid namizəd müəyyənləşdirə bilməyib. Bu isə respublikaçıların və D.Trampın seçki prosesində mövqeyini möhkəmlədə bilər.
Demokratlar Partiyası daxilində prezidentliyə real namizəd kimi daha çox üç siyasətçinin adı çəkilir. Müxalif düşərgədə ən yüksək reytinq sabiq vitse-prezident Co Baydenə məxsusdur. Ona demokratik düşərgədən səs verməyə hazır olanların sayı 32 faiz təşkil edir. İkinci yeri Texas ştatından Konqresmen Betti O`Rurka tutur. Üçüncü real namizəd ixtisasca psixiatr olan Massaçutes ştatının senatoru Elizabet Uorrendir. Xanım Uorren artıq seçkilərə qatılacağını bəyan edib. Noyabrda keçirilən rəy sorğularında respondentlərin cəmi 8,5 faizi Elizabet Uorreni dəstəkləmişdi. Ancaq son günlər prezident Trampın E.Uorreni bir neçə dəfə tənqid etməsi onun reytinqinin xeyli artmasına səbəb olub.
“Fox News” telekanalına müsahibəsində D.Trampa “Elizabet Uorrenin qələbə şansını necə qiymətləndirirsiniz” sualı verilib. ABŞ prezidenti isə buna “Mən bilmirəm, siz bu barədə psixiatrdan soruşun”-deyə eyhamla cavab verib.
Bundan başqa o, Elizabet Uorreni “Pokaxantas” (hindu şahzadəsi) adlandırıb. Tramp “Bizim siyasətimizin heç bir hindu əcdadı yoxdur”-deyə xanım Uorrenin barəsində sərt danışıb.
Xatırladaq ki, E.Uorren 2012-ci ildə Konqresə keçirilmiş seçkilər zamanı özünün hindu əsilli olduğunu söyləyib. Lakin sonradan aparılan analizlər onun hindu mənşəyinin olmadığını üzə çıxarıb. Yalan danışması E.Uorrenin reytinqinin xeyli aşağı düşməsinə səbəb olub. Ancaq indi Trampın xanım senatoru tez-tez tənqid etməsi demokratlar arasında onun tərəfdarlarını artırıb. Analitiklərin fikrincə, 2020-ci ildə Co Bayden prezidentliyə namizədliyini irəli sürməsə, demokratlar daha çox Elizabet Uorrenə üstünlük verəcək. Gənclər arasında xeyli populyar olan Elzabet Uorren prezident seçiləcəyi təqdirdə sabiq dövlət katibi Hillari Klintona vitse-prezident postunu təklif edəcəyini bildirib.
Politoloq Natiq Miri isə Trampın qələbə şansını daha yüksək qiymətləndirir:
“Sabiq prezident Barak Obamanın dövründə ABŞ-ın daxili və xarici borcu 5 trilyon dollar artaraq 21 trilyon dollara çatmışdı. Ancaq Trampın prezidentliyi dönəmində, yəni seçkilərə iki il qalmış həmin borcların həcmi 1 trilyon təşkil edib. Bu baxımdan, “”Güclü Amerika” layihəsi çərçivəsində Trampın atdığı addımlar var ki, bu da yeni ticarət müqavilələri çərçivəsində ABŞ-a yeni iqtisadi dividendlər qazandıra bilər. Nəticədə, Trampın Amerika cəmiyyətində mövqeləri güclənə bilər. Həmçinin yeni istehsal sahələrinin yaradılması, xaricdə fəaliyyət göstərən bir çox ABŞ şirkətlərinin ölkəyə qayıdaraq istehsalla məşğul olması müsbət töhfəsini verərsə, Trampın ikinci dönəm prezident seçilməsi mümkündür. 2018-ci il noyabrın 6-da Konqresə keçirlmiş aralıq seçkilərin nəticələri də göstərdi ki, bütün deyilənlərə rəğmən Tramp ABŞ-ın ictimai rəyində hələ də güclü mövqeyini qorumaqdadır. Regionlarda əsas üstünlüyü Trampın komandası-respublikaçılar qazandı. Ona görə də hesab edirəm ki, Donald Trampın növbəti seçkilərdə qələbə çalmaq imkanlarını qeyri-real hesab edirsə, bu tələsik düşünülmüş bir yanaşmadır. Rəqibinin kimliyindən asılı olmayaraq, Tramp çox güclü bir alternativ namizəd olacaq, ona qalib gəlmək asan olmayacaq. Demokratlar Partiyasında Donald Trampı məğlub edə biləcək güclü bir namizəd görmürəm. Co Bayden ciddi siyasi təfəkkürə, yüksək nüfuza malik siyasətçi deyil. Ona görə də Trampa real alternativ rəqib hələ ki yoxdur. Ona görə də ola bilsin ki, Barak Obama Demokratlar Partiyasından öz namizədliyini yenidən irəli sürmək məcburiyyətində qalsın”.(Cebhe.info)