Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Suriya kürdlərini tənqid dib. Ağ Evin rəhbəri Suriya kürdlərinin İrana neft satdığını bildirib. Ağ Evdə Nazirlər Kabinetinin görüşündə amerikalı hərbçilərin Suriyadan çıxarılması barədə çıxış edən Tramp Suriya kürdlərinin İrana neft satdıqlarını deyib. O, bu məsələ ilə bağlı müfəssəl danışmayıb. Tramp həmçinin Rusiya və İranın Amerika ordusunun Suriyadan çıxarılmasından məmnun olmadıqlarını bir daha dilə gətirib.
ABŞ qoşunlarının Suriyanı tərk etdiyi bir vaxtda prezident Trampın qeyd edilən açıqlama ilə çıxış etməsi diqqəti cəlb edib. Prezident Birləşmiş Ştatların Suriyada əsas müttəfiqi olan kürdləri indi Amerikanın düşməni olan İranla əməkdaşlıqda qınayır. Trampın bu bəyanatı ABŞ-ın hərbi kontingentini Suriyadan çəkdikdən sonra PYD/YPG terror təşkilatına dəstəyini dayandırması kimi də başa düşülə bilər. Ancaq siyasi ekspertlər ABŞ prezidentinin sözügedən mesajının arxasında başqa məqamların da dayandığını bildirir.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Donald Tramp açıqlamanı yalnız kürdlərə deyil, həm də Türkiyəyə və İrana ünvanlayıb:
“Donald Tramp həmin bəyanatında iki məqamı vurğulayır. Birincisi, Tramp kürdlər deyərkən PKK-nın Suriya qolu olan PYD/YPG terror təşkilatını nəzərdə tutur və bildirir ki, onlar əllərində olan xam nefti İrana satır. Bu isə Trampın xoşuna gəlmir. Eyni zamanda, Tramp YPD və YPG-nin tərkibinə daxil olduğu və “Suriya Demokratik Qüvvələri” adlandırılan təşkilatı qoruyacaqlarını bildirir. ABŞ- Suriya Demokratik Qüvvələrinin tərkibində PKK-çılardan ibarət 40 min nəfərlik qoşun yaradıb. Bu qoşunun sayını 70 min nəfərə çatdırmaq nəzərdə tutulub. ABŞ həmin yaraqlılardan Suriyanın təhlükəsizliyini təmin etmək və terrorçuluğa qarşı mübarizə aparmaq üçün istifadə etmək istəyir. Digər tərəfdən, Donald Tramp Türkiyənin PYD və YPG-yə münasibətinin mənfi olduğunu deyir. Eyni zamanda, PKK-nın İranla münasibəti pisdir. PKK-nın İran qolu olan terrorçu “PJAK” qruplaşması İranın, Türkiyənin, Azərbaycanın və dünyanın istənilən ölkəsində kürdlərin yaşadığı əraziləri ayırıb Kürdüstan adlı müstəqil dövlət qurmaq istəyir. Yəni belə bir sərsəm ideyanı həyata keçirmək istəyirlər. Ona görə də son illər Türkiyə və İran PKK-ya qarşı ikitərəfli razılaşmaya uyğun olaraq, birgə mübarizə aparır. Eyni zamanda, Suriyanın ərazi bütövlüyü məsələsində Türkiyə ilə İran ortaq mövqedən çıxış edir. Donald Tramp isə PYD/YPG-nin İrana neft satdığını deməklə Türkiyəni qıcıqlandırmağa çalışır. Yəni bu fikri ortalığa atmaqla Türkiyəni və İranı qarşı-qarşıya qoymağa çalışır.
İkincisi, ABŞ PYD və YPG-nin Menbiçdə və digər ərazilərdə Bəşər Əsəd rejimi ilə əlaqəsinin olduğunu bilir. Hətta bu yaxınlarda PKK-çılar Menbiçi tərk edərək həmin əraziləri Əsəd ordusuna təhvil vermək barədə məlumat yaymışdılar. Bu prosesi Rusiya da dəstəkləmişdi. Yəni PYD və YPG-nin İranla və Bəşər Əsədlə əlbir olaraq Türkiyəyə qarşı mübarizəsi ortaya qoyulur. Bütün hallarda PYD və YPG-nin qanunsuz şəkildə neft alveri ilə məşğul olmasından söhbət gedir. Terrorçular Suriya xalqının sərvətini talayaraq satır. Eyni proses uzun illər Məsud Bərzaninin İraqın şimalında rəhbərlik etdiyi Kürd Muxtariyyatı tərəfindən də həyata keçirilib. Bərzani hökuməti İraq neftini qanunsuz olaraq daşıyıb Türkiyənin Ceyhan limanında satırdı. Yalnız İraq hökuməti bu cinayətkarlığa qarşı mübarizəyə başladıqdan sonra neft qaçaqmalçılığının qarşısı alındı. Bunun ardınca isə Bərzani hakimiyyətdən uzaqlaşdırıldı. İndi oxşar vəziyyət Suriyada yaranıb. PYD və YPG-nin Bəşər Əsədlə gizli əlaqələri var. Deməli, PKK terrorçuları dolayısı ilə İranla əlaqə saxlayır. Ona görə də Tramp belə bir açıqlama verməklə PYD və YPG-nin ABŞ-ın düşməni olan İranla əməkdaşlığını yada salır. Yəni biz sizin İranla əməkdaşlığınızı bilirik, amma bu hərəkətiniz gələcəkdə sizin üçün baş ağrısına çevrilə bilər. Beləliklə, Trampın bəyantının üç hədəfi var. İlk növbədə, Türkiyə ilə İranın arasını vurmaq, ikincisi, İrana xəbərdarlıq edilir ki, Türkiyənin terorçu hesab etdiyi qruplaşmadan neft alırsınız. Üçüncüsü, ABŞ sanksiyaya məruz qalan İrana neft satdığına görə YPG-yə xəbərdarlıq edir. Buna baxmayaraq, ABŞ PYD və YPG-yə dəstəyini davam etdirəcək. Hətta Vaşinqton PKK-nın İrana neft satmasına göz yuma bilər. Çünki Amerika PYD-nin və YPG-nin maliyyələşməsində maraqlıdır”.
Qeyd edək ki, bu arada Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefonda Suriya məsələsini müzakirə edib. Makron Putindən PKKYPG terror təşkilatlarını qorumasını istəyib. O, hər iki təşkilatı “müttəfiq” adlandırıb. Makron Suriyada ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD terror təşkilatına qarşı apardığı mübarizənin başa çatmadığını da diqqətə çatdırıb.
Emmanuel Makronun bu mövqeyini təhlil edən Sədrəddin Soltan hesab edir ki, hazırkı vəziyyətdə Fransa Yaxın Şərqdəki proseslərə təsir etmək və onu dəyişmək iqtidarında deyil. Ekspertin fikrincə, Fransada PKK üzvü olan və onu dəstəkləyən kürdlər sayca çoxdur. Ona görə də Fransa Yaxın Şərqdəki proseslərdə iştirak etməyə çalışır.
“Lakin “Böyük Orta Şərq” layihəsində bir az İngiltərə istisna olmaqla Avropa ölkələrinin heç birinin mənafeyi nəzərə alınmayıb. Fransa özünü bölgədə aktiv göstərmək istəyir. Həm də Fransa prezidenti belə bir çağırış etməklə ölkədə sabitliyi pozacaq, kütləvi aksiyalar keçirə biləcək kürdləri sakitləşdirməyə çalışır. Fransa hazırda PYD/YPG-yə təlim keçə bilər, uniformalar verə bilər, ancaq Suriyadakı PKK-çıları maliyyələşdirmək, onlara güclü dəstək vermək imkanında deyil. “Sarı jiletlilər” hərəkatının baş verməsindən sonra Fransa hökumətinin islahat aparmaq üçün özünün milyardlarla avro vəsaitə ehtiyacı var. Prezident Makronun bu açıqlaması daha çox siyasi konyukturadır və gələcəkdə bölgə dövləti Türkiyəyə təzyiq məqsədi daşıyır”.
Müşfiq Abdulla
Cebhe.info