ABŞ, Rusiya və Çin arasında “ən güclü bomba” yarışı


“Bütün bombaların anası... və atası”

Çinin dövlət şirkəti NORİNCO təsir gücünə görə “bütün bombaların anası” kimi təqdim olunan H-6K bombasını sınaqdan keçirib. Mütəxəssislər qeyd edirlər ki, bu bomba təsir gücünə görə yalnız nüvə başlıqlı bombadan geri qalır. Qeyd olunur ki, H-6K Çinin ən güclü bombası sayılır. Bu bombanın çəkisi bir neçə tondur və havadan hərbi təyyarə vasitəsi ilə atıla bilər.

Bu barədə məlumatı “The Global Times” Çinin “Xinhua” Dövlət Xəbər Agentliyinə istinadən yayıb. NORİNCO-nun saytında həmin partlayışın video görüntüləri də yayımlanıb. İlk dəfədir ki, Çin belə bir addım atır və hərbi sınaqla bağlı ictimaiyyətə məlumat verir.

“The Global Times” çinli hərbi ekspertə istinad edərək yazır ki, bombanın uzunluğu 5-6 metrdır. Bu bomba istənilən yerüstü obyekti məhv etmək gücündədir.

Qəzet yazır ki, ABŞ da öncə “bütün bombaların anası” kimi təqdim etdiyi “The Massive Ordnance Air Blast (MOAB) adlı bombanı sınaqdan çıxarmışdı. Çəkisinin ağırlığına görə hərbi təyyarəyə yalnız bir belə bomba yükləmək olar.

Ağ Ev ilk dəfə bu bombadan 2017-ci ildə talibana qarşı Əfqanıstanda istifadə etmişdi. Həmin bombanın sınağı son dərəcə uğurlu hesab olunmuşdu, ancaq qarşı tərəfin itkiləri barədə konkret rəqəmlər açıqlanmadı.

Çinli hərbi ekspert Vei deyib ki, Çinin “ana bomba”sı ABŞ analoqundan xeyli yüngül və kiçikdir və hədəfə istiqamətlənməsi də xeyli asandır. Çinli mühəndislər bu məqama xüsusi diqqət ediblər.

Bu arada Rusiyada da belə böyük dağıdıcı gücə malik bomba istehsal olunub. Ruslar öz super bombalarına “Bütün bombaların atası” ləqəbi verib. Rusiyanın bombası daha böyükdür. Partlayış zamanı qazdan da istifadə olunur. Ona görə də od-alov dalğası daha yüksək səviyyəyə qalxır. Bəziləri iddia edir ki, Çin də H-6K bombasında qazdan istifadə edib.

Ekspertlər hesab edir ki, Rusiyanın “bütün bombaların atası” 44 ton trotil partlaması gücündədir. ABŞ-ın “bütün bombaların anası” isə 11 ton trotil partlaması təsirinə malikdir. Çinin “bütün bombaların anası”nın trotil ekvivalenti nə qədərdir? Bu sualın cavabı havadan asılı qalıb.

Elbəyi Həsənli,

Musavat.com

Yazının hazırlanmasında aşağıdakı qaynaqdan istifadə olunub:

http://www.globaltimes.cn/content/1134436.shtml

Tarix: 5-01-2019, 19:43
Xəbəri paylaş





Xəbər lenti