Napoleonun xanımının qaldığı türk sarayı - Foto



Əgər sultan isəniz, üstəlik İstanbulda yaşayırsınızsa, özünüzə tikdirəcəyiniz saray mütləq Mərmərənin sahilində olacaq. Hər sabah günəşin dənizin üzərində doğmasına tamaşa edəcək, xarici qonaqlarınızı axşam böyük masalara sərilmiş süfrəyə dəvət edəcəksiniz.

Osmanlı sultanı Əbdüləziz (1861-1876) də bizim kimi düşünüb, boğazda dincəlmək üçün Bəylərbəyi sarayını tikdirib.

Bu yaxınlarda həmin sarayı gəzdim. İçəridə foto çəkmək qadağan olunduğu üçün sarayın əzəmətli görünən çöl hissəsini yaddaşa köçürməklə kifayətləndim.

Sarayın tikintisinə 6 avqust 1863-cü ildə başlanılıb, 21 aprel 1865-ci ildə cümə günü rəsmi təntənə ilə açılıb.
Tikintisinə 500 min Osmanlı lirəsi xərclənib.

2500 kv.m sahədə tikilən saray iki mərtəbəlidir, memarı Sarkis Balyandır.

Sarayın cənub hissəsi Mabeyn-i Hümayun, şimal hissəsi isə Validə Sultan Dairəsi kimi düzənlənib, 6 salon, 24 otaq və bir hamam mövcuddur.

Geniş bir bağçanın içində yazlıq saray ilə birlikdə Mərmər Köşk, Sarı Köşk, Ahır Köşk və iki kiçik dəniz köşkündən ibarətdir.

Əbdüləziz və II Əbdülhəmidin dönənimdə saray ölkəyə qonaq gələn xarici dövlət başçılarına, baş nazirlərə iqamətgah olaraq verilib.

Sarayda qalan ilk önəmli xarici qonaq Fransa imperatoru III Napoleonun xanımı Eugenie olub.

Daha sonra bu saray Avstriya-Macarıstan imperatoru Frans Cozef, Prussiya şahzadəsi, vəliəhd Frederik Nikola Çarles (1869), İtaliya vəliəhdi (1869), Qacar şahı Nəsrəddinin (18 avqust 1873) xidmətində olub.

Sultan II. Əbdülhəmidin (1876-1909) 33 illik padşahlığı dönəmində saray həm də xarici qonaqlara təqdim edilən muzey kimi də rəsmi protokola salınıb.

II Əbdülhəmid ömrünü bu sarayda başa vurub, 10 fevral 1918-ci ildə vəfat edib.

Cümhuriyyət dövründə də bu saray xarici qonaqları qarşılamaq üçün istifadə olunub.

1934-cü ildə İran şahı Rza Pəhləvi Türkiyəyə gəldiyi zaman Atatürk onu bu sarayda müsafir edib.

1936-cı ildə sarayda Balkan oyunları festivalı keçirilib.

Mustafa Kamal həmin günü saraydakı tarixi yataq otağında keçirib.

Saray hazırda muzey kimi fəaliyyət göstərir.

Sarayın yanından ucalan Boğaziçi körpüsü ümumi görüntüyə xələl gətirsə də, Bəylərbəyi əzəmətli şəkildə ziyarətçiləri heyrətləndirir. 

 
Tarix: 6-01-2019, 07:34
Xəbəri paylaş





Xəbər lenti