Boltonun tələbi absurddur: Türkiyə zəmanət verməz…
Ümumiyyətlə, Trampın Suriyadan ABŞ ordusunun çıxacağı ilə bağlı açıqlamasını ilk dəfə eşidəndə məsələyə skeptik yanaşdım.Bu sözləri
Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, çünki Tramp tez-tez qərarlarını dəyişən adamdır:
“Üstəlik, ABŞ-ın Suriyadan çıxmaq qərarı şəxsən Trampa məxsusdur. Tramp Ərdoğanla telefon danışığından sonra bu qərara gəlmişdi. Dərhal da istər respublikaçılar, istərsə də demokratlar düşərgəsindən Trampa sərt təpkilər gəldi. Müdafiə naziri istefa verdi. Gözlənildiyi kimi, Tramp qərar verdi ki, amerikalı əsgərlərin Suriyadan çıxışı 4 aya uzadılsın. İndi də Bolton deyir ki, Türkiyədən zəmanət istəyirik. İstənilən halda Türkiyənin Menbiçə girməsi vaxt məsələsidir. Çünki PKK-PYD-YPG Türkiyə üçün qırmızı xətdir. Bunu amerikalılar da, ruslar da bilir. ABŞ gec-tez Menbiçdən çıxacaq”.
Politoloq vurğulayıb ki, Türkiyə terrorçulara heç bir təhlükəsizlik zəmanəti verə bilməz:
“Harda görünüb ki, dövlət terror təşkilatına zəmanət versin?! Boltonun Türkiyədən istədiyi cəfəngiyyatdır. Yerli əhaliyə gəldikdə isə, türk ordusu haradadır, zəmanət, təhlükəsizlik, əmin-amanlıq da oradadır. Afrin əməliyyatı buna bariz nümunədir. Bir nəfər sivilin burnu da qanamadan TSQ bu əməliyyatı həyata keçirdi. Afrin terrorçulardan təmizlənəndən sonra yerli əhali ərəb, kürd, türkman sülh və əmin-amanlıq içində yaşayır. Bunların hamısı TSQ-nin sayəsində baş verdi. ABŞ və Rusiyanın İraq, Əfqanıstan, Suriyada keçirdiyi hərbi əməliyyatlar nəticəsində minlərlə günahsız insan qətl edildi. Türkiyə ordusu isə Şimali Suriyada elə bir təmiz antiterror əməliyyatı apardı ki, ancaq terrorçular məhv edildi. Ona görə Bolton narahat olmasın, Menbiçdə də yerli kürd əhalisi tam şəkildə türk ordusunun təhlükəsizliyi altında olacaq”.
Qeyd edək ki, ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyənin Suriyanın şimalındakı kürdləri izləməyi dayandırmaqla bağlı zəmanət verməyənə qədər ABŞ qoşunlarının bu ölkədən çıxmayacağını bildirib.
Tarix: 8-01-2019, 09:33