Türkiyə Suriya bataqlığına çəkilir


Türkiyə Suriya bataqlığına çəkilir

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona sərt cavab verib.

“Türki silahlı qüvvələrinin mübarizəsi min illərdir eyni coğrafiyanı, eyni çörəyi paylaşdığımız kürd qardaşlarımızla deyil. Bizim mübarizəmiz başda kürd, ərəb və türkmən qardaşlarımız olmaqla bütün etnik və dini cəmiyyətlərə təhdid təşkil edən PKK/YPG və İŞİD-çi terrorçulardır”-deyə Akar bildirib. 

Xatırladaq ki, Con Bolton ABŞ-ın Suriyadan geri çəkilməsi müqabilində Türkiyədən kürdlərin təhlükəsizliyinə təminat istəyib. Donald Trampın müşaviri bildirib ki, ABŞ Suriyadan çəkilmək istəyir, ancaq bu çəkilmə zamanı Amerikaya bağlı olan qüvvələri də qorumaqda qərarlıdır: "Prezident Tramp, əlbəttə, İŞİD-in tamamilə məhv edilməsini istəyir. Lakin bizim Suriyadan tam geri çəkilməyimiz üçün oradakı Amerikaya bağlı qüvvələrin qorunması vacibdir. Ona görə də, kürdləri qorumaya yönəlik anlaşma imzalanmadan əsgərimiz Suriyadan çıxmayacaq".

Bolton qeyd edib ki, Ankaraya səfərində bununla bağlı Türkiyə rəhbərliyi ilə geniş müzakirə aparacaq. Trampın müşaviri Con Bolton bu bəyanatına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın da etirazını bildirib: "Türklərin kürdləri hədəfə alması iddiası ağılasığmazdır. Türkiyənin hədəfi kürdlər deyil, İŞİD, PYD/YPG/PKK terror təşklatlarıdır"-deyə Kalın bəyan edib. 

Prezident Trampın ABŞ hərbi kontingentini Suriyadan çıxartmaq qərarı Vaşinqton və Ankara arasında razılaşma hesab olunsa da, Boltonun açıqlaması vəziyyəti dəyişib. Ağ Ev rəsmisinin sözləri qoşunlar Suriyadan çəkildikdən sonra da Amerikanın PYD və YPG-yə dəstəyini davam etdirəcəyindən xəbər verir. Türkiyə rəhbərliyi isə mart ayında yerli özünüidarəetmə orqanlarına  keçiriləcək seçkilərə qədər hərbi əməliyyatlara başlamaqda maraqlı görünür. Ancaq Menbiçin və Fərat çayının azad edilməsi Cerablus, Azez, Əl-Bab, Afrin və digər ərazilərdən fərqli olaraq Türkiyə üçün heç də asan görünmür. Çünki ABŞ kontingenitnin tərk etdiyi ərazilərdə YPG terrorçularından ibarət güclü silahlandırılmış 40 min nəfərlik qoşun yaradılıb. Ona görə də yeni hərbi əməliyyatlara başlaması Türkiyəni daha dərin və uzunmüddətli münaqişəyə sürükləyə bilər. 

Vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Con Boltonun bəyanatı ABŞ-ın qoşunlarını çıxartmasına baxmayaraq, Suriyadakı maraqlarından imtina etmədiyini göstərir: “Yaxın Şərqdə fəaliyyət göstərən bölücü kürd qruplaşmaları ABŞ-ın ənənəvi müttəfiqləridir. Yəni kürd silahlı dəstələri ABŞ-ın Yaxın Şərq siyasətində mühüm rola malikdir. Bu mənada, Amrika öz müttəfiqlərinə müəyyən təminat almağa çalışır. Həmin zəmanəti də ilk növbədə Türkiyədən almaq istəyir.

Çünki Türkiyə iki ildir ki, Suriyanın şimalında və vaxtaşırı İraqın şimalında anti-terror əməliyyatları aparır. Bununla da Türkiyə Suriyanın şimalında kürd zolağının formalaşmasının qarşısını almağa çalışır. Ona görə də ABŞ müttəfiqlərinin təhlükəsizliyinə Türkiyədən təminat almağa çalışır. Ancaq Türkiyənin belə bir təminat verəcəyi inandırıcı görünmür. Çünki ABŞ “kürdlər” terminindən istifadə edir. Türkiyənin hədəfi hər hansı bir etnos deyil. Türkiyənin hədəfi radikal dini yönümlü İŞİD olduğu kimi, həm də etnik-separatçı PYD, YPG terror təşkilatlarıdır. Bu təşkilatlar Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradır. Türkiyə də həmin təhlükənin aradan qaldırılması üçün əvvəl “Fərat qalxanı”, sonra “Zeytun budağı” əməliyyatlarını apardı. İndi isə Menbiçdə və Fərat çayının sağ sahilində yeni əməliyyatlara hazırlaşır. Ona görə də Türkiyənin kürd terrorçularının təhlükəsizliyinə təminat verməsi absurddur”. 

Vüqar Zifəroğlu hesab edir ki, Türkiyə Yaxın Şərq dövləti olduğuna görə onu Suriyada dərin münaqişə bataqlığına salmaq mümkün deyil. Çünki Türkiyənin Yaxın Şərqdəki proseslərdə idarəçilik təcrübəsi var. Türkiyə həmin regionun idarə edilməsi üsullarını ABŞ-dan yaxşı bilir. Amma Türkiyəni yeni münaqişəyə cəlb etmək istəyən qüvvələr var: “Növbəti mərhələdə Yaxın Şərqdə yeni ssenarilərin, hətta məzhəb qarşıdurmaların baş verməsi gözləniləndir. Hətta ərəb-türk qarşıdurması yaradıla bilər. Bu mənada Türkiyə yeni münaqişələrə sürüklənir. Lakin bölgədə baş verən proseslər Türkiyənin daxilinə təsir göstərdiyindən rəsmi Ankara kənarda dayanıb baş verənləri seyr edə bilməz. Bölgədə Türkiyəyə xeyli bağlı olan türkmən və ərəb əşirətləri var. Bəziləri etnik, digəri məzhəb baxımından Türkiyəyə yaxındır. Yəni Türkiyə Osmanlı idarəçiliyi dövründən bu təcrübəyə yiyələnib və ipləri əlində saxlamaqla bölgəni idarə edə bilir. Doğrudur, PYD/YPG terrorçularından ibarət, nizami olmasa da 40 minlik bir ordu yaradılıb. Bu isə hərbi əməliyyatlarda Türkiyə silahlı qüvvələrinin itki verməsi ilə nəticələnə bilər. Amma unutmaq olmaz ki, Türkiyə özü də həmin bölgədə müəyyən qruplaşmalara dəstək verir və özünə lojistik dəstəyi formalaşdırmaqdadır. Hətta Cerablus, Əl-Bab uğrunda gedən əməliyyatlarda hərbi hazırlıq keçmiş türkmən və ərəb tuqayları iştirak edirdilər. Yəni Türkiyə özünə uyğun hərbi müttəfiqlər tapa bilir. ABŞ Yaxın Şərqə 1970-ci illərdə daxil oldu. Bu isə altı günlük İsrail-ərəb müharibəsindən başlamış İran İslam İnqilabına qədər böhranlar meydana gəldi. Amma Türkiyənin Yaxın Şərqi idarə etmək üçün min illik təcrübəsi var və bölgəni yaxşı tanıyır”. 

Müşfiq Abdulla
Cebhe.info

Tarix: 8-01-2019, 22:13
Xəbəri paylaş





Xəbər lenti