İran çəmbəri daralır: Ağ Evin “SSRİ ssenarisi”


İran çəmbəri daralır: Ağ Evin “SSRİ ssenarisi”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi sanksiyalar İrana ciddi ziyan vurub.

Sanksiyalar azmış kimi ABŞ-ın bu ölkəyə qarşı müharibəyə başlayacağı ehtimal edilir. MSNBC telekanalına müsahibəsində ABŞ Xarici Əlaqələr Şurasının başçısı Riçard Haass müharibəni istisna etməyib. O, "2019-cu ildə ABŞ və İran arasında müharibə olacaq”, deyə açıqlama verib.

O, 2019-cu ildə baş verə biləcək müharibələrdən danışıb və il ərzində ABŞ və İran arasında silahlı qarşıdurmanı istisna etməyib:  "2019-cu ildə təhlükəli müharibənin Şimali Koreya ilə başlayacağı iddiası üzərinə sizinlə mərc gələrəm, bu müharibə Cənubi Çin dənizində də olmayacaq. Putinin Ukraynada nə edəcəyi barədə ehtimalımız yoxdur. Lakin belə bir müharibənin İranla olacağı iddiası üzərindən sizinlə mərc gələ bilərəm. Bu, təhlükəli müharibə olacaq”.

Maraqlıdır, ABŞ-İran münasibətləri bu il hərbi müstəviyə keçəcəkmi?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, müharibə edən tərəf əvvəlcədən bunu açıq bəyan etməz: “Xüsusilə də ABŞ kimi bir dövlət. Bu həqiqət olsaydı bunu Riçard Haas bilməzdi, bilsəydi də bu haqda heç nə deməzdi. Bu çıxış daha çox şou bəyanata bənzəyir. Bu cür məlumatlar açıq  söylənilmir. Görünür, Haas özünü amerikan cəmiyyətinə çox bilgili olduğunu göstərmək üçün bu cür bəyanatlar verir. Onun tutduğu vəzifə də heç kimi çaşdırmasın. Haasın rəhbərlik etdiyi Xarici Əlaqələr Şurası adi QHT-dir.  Amerikada bu yöndə QHT-lər çoxdur. Ona görə də, Riçard Haasın MSNBC telekanalına bu sözlərini o qədər də ciddiyə almayın”.

“İranda SSRİ ssenarisi təkrarlana bilər”

Əhəd Məmmədli hesab edir ki, ABŞ İranla bu ildə heç bir silahlı qarşıdurmaya getməyəcək:“Ənənəvi təhdidlər olacaq, İsrail Suriya, Livanda haranısa bombalayacaq və s. Məsələ bundan o yana gedən deyil. Lakin ABŞ İran daxilində sosial etirazlara, milli zəmində qarşıdurmalara zəmin yarada, təkan verə bilər. SSRİ-ni məgər ABŞ müharibə ilə dağıtdı? SSRİ ssenarisi İranda da təkrarlana bilər. Sanksiyalar şiddətlənsə növbəti etiraz dalğası bütün ölkəni bürüyə bilər. Türk, ərəb, kürd, bəluc  problemləri İranda gündəmə gələ, gətirilə bilər. Tehranın zəif yerləri az deyil. Daxildən İran qarışa bilər. Amma xaricdən İrana hər-hansı bir hücum gözləmirəm. İran İslam çoğrafiyasında həm Qərb, həm Rusiya, həm də Çinə, hətta İsrailə belə lazımdır. Ələlxsus da Türkiyənin iddia qoyduğu vaxtlarda, müstəqil xarici siyasət sürdüyü zamanda vahid, güclü İranın qorunub saxlanılması xarici oyunçular üçün vacibdir. Sadəcə ola bilsin İranda yenidən rejim dəyişikliyi baş versin. Klerikal şiəliyi fars sekulyarlığı əvəzləyə bilər. 

Amma İran kimi dövlətlərdə inqilab olarsa, ölkə parçalana bilər. Buna dünya da, region da, biz də hazır olmalıyıq. Unutmayaq ki, İranda 40 milyon soydaşımız yaşayır. Şəxsən mən İranın parçalanmasını istəmirəm. Çünki İrana türk dövləti kimi baxıram. Türk dili, fars dili ilə bərabər İranda dövlət dili elan edilməlidir. İranda türklərin də milli kimliyi, dilinin, bərabər statusu olmalıdır. Türklərlə farslar bərabər hüquqlu statusa malik olmalıdırlar. Mən İranın gələcəyini belə görmək  istəyirəm. Bunun olması üçün də Türkiyə, Azərbaycan da ola biləcək İran məsələsinə seyrçi qalmamalıdır”.

“ABŞ İran ətrafında halqa yaradır”

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın İrana zərbə endirməsi üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər: “ABŞ-la İran arasında siyasi qarşıdurma Yaxın Şərqi siyasi palitrasını dəyişməkdədir.Vaşinqtonun ötən ilin mayın 8-də İranla altılıq ölkələri arasında bağlanmış “Nüvə sazişi” olan "Hərtərəfli birgə fəaliyyət" proqramından çıxması regionda hərbi müstəvini yenidən gündəmə gətirdi. Ötən ilin avqustunda tətbiq olunan sanksiyalar və ikinci partiya olaraq noyabrdan enerji sektoruna qarşı sanksiyaları İrana qarşı iqtisadi müharibədi. Hazırda ABŞ İran ətrafında halqa yaradır. ABŞ-ın məqsədi  İranı regiondan təcrid etmək və İsrailin və özünün geosiyasi maraqlarını qorumaqdır. Həqiqətən də İran son iki ildə regionda güclənib və demək olar ki, burada bütün münaqişələrdə tərəfdir. Hesab edirəm ki, ötənilki iqtisadi müharibənin bu il aktiv hərbi qarşıdurmaya keçəcəyi gözlənilməsə də, Vaşinqtonun Fars körfəzinə və Yaxın Şərqdə hərbi gəmilərini göndərməsi İrana qarşı psixoloji müharibənin təzahürləridi. İran da öz növbəsində aktiv müharibə hazırlıqlarına başlayıb. Ötən həftə ballistik raketlərin sınağı bunun əyani göstəricisidir. ABŞ dövlət katibi Pompeo sərt təpki göstərsə də, Tehranda cavabsız qalmadı. Söz atışması, kəskin ritorika körfəzdə hər an silahların işə düşməsinə  gətirə bilər. Qeyd edim ki, ABŞ-ın əsas strategiyası İranı ram etməkdir. Bundan əlavə, Trampın siyasətini də proqnozlaşdırmaq mümkün deyil. Çünki sabah bir əmrlə ABŞ raketləri İranın strateji obyektlərini vura bilər. 

Bu ssenari də mümkündür. ABŞ hərbçiləri İranla müharibənin riskli olduğunu bilirlər. Hesab edirəm ki, bu regionda dağıdıcı müharibəyə, xüsusi ilə Üçüncü Dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Körfəzdəki ərəb ölkələri dərhal İran tərəfindən vurulacaq. İsrail və ərəb ölkələri İrana qarşı hərbi əməliyyata başlayacaq. Bir tərəfdən İran, digər tərəfindən Çin və Rusiya da müharibəyə başlaya bilər. Belə risklər var. Ona görə də ABŞ yalnız yumşaq gücdən istifadə edərək, İranda daxili etirazların formalaşmasına zəmin yaradan sanksiyaları inkişaf etdirəcək”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 9-01-2019, 22:25
Xəbəri paylaş





Xəbər lenti