Venesuela örnəyi, Maduro anti-nümunəsi - seriallardakı abad Karakasın bərbad günü


Durduğumuz yerdən baxanda Venesuela Bolivar Respublikası dünyanın o başında, Cənubi Amerika materikinin təpəsindədir. Onun daxili işlərinin bizə aidiyyatı olmasa da, örnək və ibrət ögtürmək baxımından Venesuela təcrübəsinə nəzər salmaqda fayda var.

5 ildən artıqdır ki, Venesuela dünya mediasının gündəmindən düşmür (əslində bu ölkə son 50 ildə zaman-zaman dünyanın ən çox diqqət cəmləşdirdiyi ölkələrdən biri olub). Bu ölkədə keçirilən son prezident seçkiləri bu məsələni yenidən aktuallaşdırıb. Ölkənin daxilində olduğu kimi, xaricində də bir çox siyasi qüvvələr, əsasən də qüdrətli dövlətlər Nikolas Maduronun prezidentliyinə qarşı çıxırlar.

Biz Venesuelanı bu ölkədə istehsal olunan, 15-20 il öncə öləmizdə də dəb olan “sabun operası” səciyyəli seriallardan tanıyırıq.

Image result for Venesuela

O seriallarda, bir qayda olaraq, gecənin qaranlığında işıqları sayrışan möhtəşəm göydələnləri göstərirdilər (hər ölkənin kino sənayeçiləri öz meqapolislərinin parlaq görüntülərini çəkib göstərir, burada qəribə heç nə yoxdur) və tamaşaçıda belə bir qənaət yaranırdı ki, Venesuela zəngin ölkədir, onun paytaxtı Karakas isə dünyanın ən gözəl şəhərlərindən biridir.

Bu, qismən doğru, qismən yanlış qənaətdir.

Gerçəkdən də Venesuela neft ölkəsi olaraq bir ara neft milyardlarının içində üzürdü və Karakas yerin təkindən fəvvarə vuran bu sərvətin hesabına inşa edilən yeni-yeni tikililərlə gözəlləşirdi.

Ancaq neft bumu 6-7 il öncə səngidiı və ölkənin neft gəlirlərindən asılı olan iqtisadiyyatı çökməyə başladı. Korrupsiya və büdcə talançılığı Venesuelanın əhdini kəsdi. Bu gün ölkənin milli valyutası bolivar dünyanın ən dəyərdən düşmüş valyutalarından biridir, ölkədə inflyasiya tüğyan edir, ölkənin 30 milyon nəfərlik əhalisinin böyük hissəsi kasıblıq həddindən aşağıda yaşayır.

Image result for Venesuela

Seriallarda görünən abad, zəngin, parıldayan Karakasdan əsər-əlamət qalmayıb. O abad küçələr barrikada qurmuş insanlarla o barrikadaları dağıdan polis qüvvələrinin cəng meydanına çevrilib.

Onsuz da Venesuela daxili siyasəti baxımından ən qeyri-sabit ölkələrdən biriydi. Son yüz ildə hərbi çevrilişlərə, üsyanlarla, qiyamlara, inqilabi hərəkətlənmələrə, ictimai-siyasi təlatümlərə Venesuela qədər şahidlik edən dövlət yoxdur.
Bu ölkənin əsas problemlərindən biri elə bu, kasıbçılıqdan, ədalətsizlikdən doğan daxili qeyri-sabitlik olsa da, digəri Venesuela rəhbərliyinin öz xarici siyasətində də silsilə yanlışlıqlara yol verməsidir.

Image result for uqo çaves

Xarizmatik hərbçi, qırmızı köynəkli komandante Uqo Çavesin 1999-cu ildə hakimiyyətə gəlməsi ilə artıq Venesuelada sabitlik yaranmış kimi görünürdü, ancaq onun ölümü ilə ortalıq yenidən qarışdı. Çaves xalq tərəfindən sevilirdi, seçkilərdə dürüstlüklə seçilirdi. Onun zamanında ölkəyə böyük həcmdə neft milyardları gəlirdi, xalq pis-yaxşı dolanır, sıxıntı çəkmirdi deyə onun xalqdan səs almasında problem yaranmırdı.

Çavesin xərçəngdən vəfat etməsi ilə onun postunu tutan Nikolas Maduro isə birbaşa od-alovun içinə düşüb – nə güclü xarizması var, nə də sabit elektoratı. Onun əlindəki əsasən inzibati resurslardır, o da bundan kifayət edəcək qədər yararlanır.

Sadəcə, Çavesin keçmiş sürücüsü olmuş Maduronun hakimiyyət ehtirası sələfininkindən də güclüdür və hakimiyyətdə qalmaq üçün hər yola əl atır. Bu üzdən ona qarşı xalq etirazları gündən-günə şiddətlənir.

Image result for nikolas maduro

Artıq Amerika Dövlətləri Təşkilatı da Nikolas Maduronun Venesuelada yeni prezidentlik müddətini tanımayıb. Bu təşkilatın daimi şurası səs çoxluğu ilə 10 yanvar 2019-cu il tarixindən başlayan Nikolas Maduro rejimi dövrünün legitimliyini tanımadığını bəyan edib. İndi Karakası qara qış gözləyir...

Qəti şəkildə ABŞ düşmənçiliyi aparan 5 dövlətdən biri olan Venesuela indi dünya üzərində iki cüt bir tək dövlətlə müttəfiqlik büsatına malikdir. Bunun əvəzində o, əksər qonşuları və dünyanın hegemon dövlətləri ilə, necə deyərlər, qanlı-bıçaqdır.

Image result for Venesuela iÄtiÅaÅ

Venesuela təcrübəsi göz önünə bir neçə bariz həqiqəti çıxarır:

Neft və digər karbohidrogen ehtiyatları hələ ölkənin abadlığı, xalqın firavanlığı demək deyil. Bu sərvəti ağılla idarə etmək əsas şərtdir. Ağılla, cilovlanmış tamahla idarə edilməyən dövlət əvəvl-axır Veesuelanın aqibətini yaşayacaq;

Bir dövlətin öz qonşuları ilə mehriban münasibəti, beynəlxalq güclərlə hesablaşması, qüdrətli dövlətlərlə açıq qarşıdurmadan çəkinməsi zəruridir, əks təqdirdə, ölkədə sabitlik tez-tez pozulacaq, at izi it izinə qarışacaq;

Hakimiyyəti əldə zorla saxlamaq ölkədə vətəndaş qarşıdurmasını gücləndirir, iqtisadiyyatı çökdürür, xalqın rifahının hər keçən gün pisləşməsinə səbəb olur.

Bir sözlə, Venesuela bir dövlətin necə idarə edilməməsini əyani şəkildə göstərən parlaq modeldir. Rəsmi Karakasa baxmaq, onu öyrənmək və onun etdiyini etməmək istənilən ölkə üçün faydalı ola bilər. Bu, uğura aparmasa da, heç olmasa girdabdan qurtulmağa yardım edər.

 

Xalid KAZIMLI
Tarix: 12-01-2019, 13:56
Xəbəri paylaş





Xəbər lenti