
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində işğalçı Ermənistanla bağlı da ciddi fikirlər bildirib. Pezident qeyd edib ki, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar Ermənistandakı biabırçı mənzərəyə indiyə qədər göz yumurdular.
İlham Əliyevin nitqində ən maraqlı məqamlardan biri Ermənistanın beynəlxalq arenada konyak diplomatiyasını işə salması və bir çox siyasətçiləri bu yolla satın alması barədə fikirlər olub. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amilinin birinci yerdə olduğunu vurğulayan dövlət başçısı Ermənistandakı kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilərin məsuliyyətə cəlb olunması məsələsini qaldıraraq bəyan edib ki, Serj Sərkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var.
Ölkə başçısının diqqət çəkdiyi və Ermənistanda 20 il mövcud olmuş rejimi ifşa edən daha bir məsələ son parlament seçkilərində Sərkisyanın partiyasının 5 faiz belə səs qazanmaması ilə bağlı olub. İlham Əliyev bu nüansa diqqət yetirərək məntiqi sualla Sərkisyan rejiminin illər uzunu saxta seçkilər keçirdiyini ifşa edib: “Son parlament seçkilərində 5 faiz belə səs yığa bilməyən, lakin əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?!”
Azərbaycan prezidentinin fikirləri siyasi ekspertlər və politoloqlar tərəfindən ətraflı təhlil edilməkdədir.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti Ermənistanla bağlı bir sıra mühüm istiqamətlərə diqqət çəkib və beynəlxalq təşkilatların bu ölkəyə olan münasibətinin əsasında dayanan məqamları gün işığına çıxarıb: “Cənab prezident tamamilə doğru qeyd etdi ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Belə olmasaydı, uzun illər boyu Avropa Parlamenti, Avropa Şurası və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar Ermənistandakı biabırçı mənzərəyə göz yummazdılar. Faktlara diqqət yetirək: 1999-cu il oktyabrın 27-də bir qrup sifariş icra edən silahlı dəstə sərbəst şəkildə Ermənistan parlamentinin binasına daxil olur, canlı yayımda baş nazir Vazgen Sərksiyanı, parlamentin sədri Karen Dəmirçiyanı, onun müavinləri Yuri Baxşyan və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonid Petrosyanı və deputatlardan Armenak Armenakyanı, Henrix Abramyanı, Nikael Kotanyanı xüsusi amansızlıqla, hər kəsin gözü qarşısında qətlə yetirir. Bu hadisə baş verəndə hərbi-cinayətkar Robert Köçəryan 1 il 7 ay idi ki, Ermənistan prezidenti idi. Parlamentdə, ictimaiyyətin gözü qarşısında qətlə yetirilən şəxslər isə onunla eyni mövqeyi bölüşmürdülər. Xüsusilə də baş nazir Vazqen Sərksiyan və parlamentin sədri Karen Dəmirçiyan ondan daha üstün nüfuza malik edilər. Vazqen Sərksiyan Ermənistan doğumlu idi. Azərbaycan torpaqlarının işğalı prosesində ”Yerkrapa" hərbi birləşmələrinə rəhbərlik etmişdi və Ermənistanın ilk müdafiə naziri olmuşdu. Özünü “müharibə qəhrəmanı” hesab edən Köçəryanın ən böyük rəqibi hesab olunurdu. Buna baxmayaraq, o və Karen Dəmirçiyan münaqişəyə son qoymağın tərəfdarı idilər.
Əgər onlar sülh sazişinin imzalanmasına nail ola bilsəydilər, şübhəsiz ki, hakimiyyət “Qarabağ klanı”nın əlindən birdəfəlik alınıb onların əlinə keçəcəkdi. Köçəryan isə buna imkan verə bilməzdi. Beləliklə, terrorçu Köçəryan öz siyasi rəqiblərinin öhdəsindən ən yaxşı bacardığı işlə - terrorla gəldi. Bütün bunlardan sonra Robert Köçəryan daha 9 il Ermənistan prezidenti oldu və ədalətdən, demokreatiyadan dəm vuran beynəlxalq təşkilatlar onunla yaxından əməkdaşlıq etdilər. 2003-cü ildə həmin o beynəlxalq təşkilatlar bu hərbi-cinayətkarın kütləvi saxtakarlıqla yenidən prezident seçilməsinə göz yumdular. Eyni hadisə Köçəryan öz yerini terrorçu yoldaşı, vaxtilə onun “seçki kampaniyası”nı aparan Serj Sərkisyan həkimiyyətə gələndə də təkrarlandı. Seçkidən sonra keçirilən etiraz aksiyalarının dağıdılması zamanı dinc nümayişçilərə qarşı silah işlədildi, 10 nəfər qətlə yetirilidi, 230 nəfər ağır bədən xəsarəti aldı, yüzlərlə insan həbs edildi. Amma buna baxmayaraq, Azərbaycan prezidentinin dediyi kimi, “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar” hər kəsin gözü qarşısında baş verən bu cinayətlərin nəinki üzərindən keçdilər, hətta hərbi-cinayətkar Serj Sarkisyanı Avropada qəhrəman kimi qarşıladılar. Onunla uzun illər boyu əməkdaşlıq etdilər, cinayətlərinə göz yumdular, dəstəklədilər, himayə etdilər.
Bu baxımdan prezident İlham Əliyev tamamilə haqlı olaraq bildirdi ki, Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Çünki Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var".
Politoloq vurğuladı ki, son parlament seçkilərinin nəticələri də son 15 il ərzində ən yüksək kürsülərdən Ermənistanın hərbi-cinayətkar rejiminin əməllərinə diqqət çəkən prezident İlham Əliyevin işğalçı ölkədə cərəyan edən prosesləri nə qədər dəqiq və obyektiv şəkildə dəyərləndirdiyini sübuta yetirdi: “Çünki 20 il ərzində Ermənistanı cinayətkar üsullarla idarə edən Köçəryan-Sarkisyan cütlüyünün ”komandası" 2018-ci ildə keçirilən parlament seçkilərində heç 5 faiz səs toplaya bilmədi. Amma cəmi 5 il öncə keçilən parlament seçkilərində Serj Sarkisyan 58,64 % səs toplamışdı, 2017-ci ildə keçirilən parlament seçkilərində isə Sərkisyan və onun Sarukyan Alyansı və Daşnaksyutunda olan əlaltıları birlikdə səslərin 81,1%-ni “qazanmışdılar”. Amma cəmi 1 il sonra Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Serj Sarkisyanın partiyası cəmi 4,7% səs toplaya bildi. Maraqlıdır, 1 il ərzində nə baş verdi?
Dünyanın siyasi tarixində hər hansı siyasi təşkilatın belə qısa müddətdə 76% səs itirməsi faktına rast gəlmək mümkün deyil. Şübhəsiz ki, 20 il ərzində hərbi-cinayətkar xuntanın Ermənistanda keçirilən seçkilərdə topladığı səs 5%-dən yüksək olmayıb, yerdə qalan səslər isə oğurlanıb və demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar da bu oğurluqda uştirak ediblər. Qərb siyasətçilərinin Ermənistanın “konyak diplomatiyası”nın təsiri altında necə əridiklərini təkcə Azərbaycanda deyil, Ermənistanda da etiraf edirlər. Məsələn, erməni araşdırmaçısı Ruben Giziryan erməni konyakını “diplomatiya üçün yanacaq” və yaxud “diplomatiya üçün sürtkü yağı” adlandırır. Doğrusu, sonuncu ifadəni daha dəqiq hesab edirəm. Çünki qərb diplomatlarının erməni “sürtkü yağı” ilə necə yağlandıqlarını görmək üçün bu sahə üzrə mütəxəssis olmaq lazım deyil".
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin müşavirəsindəki çıxışının Ermənistanla bağlı hissəsi beynəlxalq qurumların və bir sıra dövlətlərin Ermənistanda uzun illər rüşvətxor, hərbi xunta rejiminin hökm sürməsində rolunun olduğunu bir daha ortaya qoyur: “Prezidentin çıxışının bir hissəsindən həm də onu anladım ki, Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanın dekabr ayındakı parlament seçkisində qələbə qazandığını şübhə altına almır. Həqiqətən də Ermənistandakı son parlament seçkisində Robert Köçəryanın və Serj Sərkisyanın dövründə olan ciddi saxtakarlıq halları qeydə alınmadı. Əksi olsaydı, həm Paşinyana qarşı kəskin müxalifətdə olan ”Qarabağ klanı", həm də beynəlxalq təşkilatlar kəskin bəyanatlar verərək seçkinin nəticələrini tanımazdılar. Bunların heç biri olmadı. Azərbaycan prezidenti də haqlı olaraq bunu nəzərə alır. İlham Əliyev məhz bu reallıqdan çıxış edərək Ermənistanda bundan əvvəlki bütün seçkilərin saxtalaşdırıldığını bildirir. Prezident çox mühüm məqama toxunub. Həqiqətən Qarabağ klanı bu neçə illərdə seçkilərdə necə “qələbə” qazanıb ki, son seçkidə 3-4 faiz belə səs toplayıb parlamentə düşə bilmədi. Qarabağ klanının son seçkilərdə biabırçı məğlubiyyəti onu sübut etdi ki, Ermənistanda 20 ildə bütün seçkilər saxtalaşdırılıb, Köçəryan və Sərkisyan rejiminə saxta səslər yazılıb. Onlar hakimiyyətdə saxta seçkilərlə,dövləti cinayət törətməklə sahibləniblər. Həmin klanın seçki saxtakarlıqları etməsində bir çox beynəlxalq təşkilatların da ən azından seyrçi mövqe sərgiləməsi, həmin qurumların təmsilçilərinin rüşvətə bulaşması da rol oynayıb. Azərbaycan prezidenti çıxışında beynəlxalq təşkilatların Ermənistandakı bundan əvvəlki seçki nəticələrinə etiraz etməsəməsinə məhz buna görə diqqəti çəkdi. Ermənistanda seçki saxtakarlıqlarına göz yuman, saxtakarlığa şərait yaradan həmin beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə münasibəti hər zaman mənfi olub. İlham Əliyev “ikili standartları” vurğulamaqda haqlıdır. Azərbaycandakı seçkilərə tənqidi münasibət bəsləyən beynəlxalq təşkilatlar 2008-ci ildə Ermənistanda prezident seçkisi zamanı saxtakarlığa qarşı küçəyə çıxan insanların qətlinə seyrçi qaldılar, Serj Sərkisyanla əməkdaşlıq etdi. İkincisi, İlham Əliyev çıxışında nahaq yerə “konyak diplomatiyası” ifadəsini işlətmədi. Azərbaycan prezidenti Avropanın “konyak diplomatiyasına” təslim olduğunu bu açıqlama ilə bildirdi. Bundan sonra Azərbaycanın hakimiyyət mənsubları “konyak diplomatiyası” ifadəsindən hələ çox istifadə edəcəklər".
Politoloq prezidentin “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” fikrinin üzərində də xüsusi dayanmasını təsadüfi saymır: “İlham Əliyev hər iclasda bu fikri xatırlatmaqla Ermənistan hakimiyyətinə və cəmiyyətinə önəmli mesaj göndərir. Mesajın əhəmiyyəti budur ki, Ermənistan öz istəyi ilə Azərbaycan torpaqlarını boşaltmasa, buna məcbur ediləcək və bu zaman işğalçı ölkənin itkiləri böyük olacaq. Necə ki, qonşu dövlət 2016-cı il aprel savaşında üzləşdiyi itkilərdən hələ özünə gəlməyib. Azərbaycan prezidentinin müşavirədə ötən il Naxçıvanda azad olunan torpaqları da misal olaraq xatırlatması təsadüfi deyildi. Yəni Azərbaycan ordusu irəriləməkdə davam edəcək. Bu işğalçı dövlətə təzyiq vasitəsidir və Azərbaycan Ermənistana təzyiqi getdikcə artıracaq. Bizim başqa alternativimiz yoxdur. Ermənilər anlamalıdırlar ki, Azərbaycan torpaqlarının işğalı üzərində özlərinə gələcək qura bilməyəcəklər, biz buna imkan verməyəcəyik. Azərbaycan prezidenti Ermənistan hakimiyyətinə və cəmiyətinə bunu anlatmaq istəyir”.