Kürd məsələsi növbəti dəfə Ankara - Vaşinqton böhranını yarada bilər


Tramp Türkiyəni yenidən sanksiyalarla təhdid edib, Ankara isə YPG-yə qarşı əməliyyat aparmaqda israrlıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, ordu qüvvələri Suriyadan çıxarılır. O, eyni zamanda İŞİD-ə qarşı mübarizəni davam etdirir. Qeyd edək ki, ötən həftə Pentaqon nümayəndəsi ordunun Suriyadan çıxarılmağa başladığını bildirmişdi.

Eyni zamanda ABŞ prezidentinin Suriya kürdləri ilə bağlı açıqlaması qalmaqala səbəb olub. ABŞ prezidenti sosial şəbəkə hesabından növbəti dəfə Suriya kürdləri barədə yazıb. O qeyd edib ki, əgər Türkiyə kürdləri vurmağa başlasa, Vaşinqton Türkiyəni iqtisadi embarqolarla məhv edər. Eyni zamanda o, Türkiyə və Suriya kürdləri arasında 20 mil uzunluğunda ayırıcı zona yaradılacağını, kürdlərin Türkiyəyə qarşı təhdid yaratmasını istəmədiyini deyib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Trampın iddialarına cavab verib. Kalın bildirib ki, Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır. Məlum olduğu kimi, Ankara PYD/YPG-ni Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatının Suriya qolu adlandırır. Bu təşkilatların ideoloji və siyasi bağlarının olduğunu bildirir. Ancaq Vaşinqton bu iddiaları qəbul etmir. ABŞ dövlət rəsmiləri isə YPG-ni İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqlərindən biri hesab edir. Bu səbəbdən də Trampın ordunu Suriyadan çıxarmaq haqda qərarı ilk növbədə Vaşinqtonda ciddi etirazlara səbəb oldu. Çünki əksər siyasətçi və dövlət adamına görə ABŞ ordusu Suriyadan çıxdıqdan sonra kürdlər yalnızlaşacaq və Türkiyə ordusunun hücumları qarşısında əzilib məhv olacaq.

Yeri gəlmişkən, ötən həftənin əvvəlində Ankaraya səfər edən prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun da əsas məqsədi məhz Türkiyəni Suriyada kürdlərə qarşı əməliyyatdan çəkindirmək məqsədi güdürdü. Ancaq belə görünür ki, Türkiyə hakimiyyəti hələlik razılaşmır.

Yeri gəlmişkən, ötən həftə bölgəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü bildirib ki, o, Amerika qoşunları Suriyadan çıxandan sonra iki ölkənin orada ABŞ-ın dəstəklədiyi kürd üsyançıları qorumaq yolu üzərində razılıq əldə edəcəyinə əmindir.

“Amerikanın Səsi”nin məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışandan sonra Pompeo deyib ki, razılıq üzərində hələ də işlər gedir. Amma elə bir razılıq əldə oluna bilər ki, türklər kürdlərə təhlükə yaratmadan ölkələrini müdafiə etməyə davam edə bilsin.

Sitat: “Biz Türkiyə xalqının haqlarını və prezident Ərdoğanın ölkəsini terrorçulardan müdafiə etmək hüququnu tanıyırıq. Lakin biz həm də bilirik ki, terrorçu olmayan, bütün bu zaman ərzində bizimlə yanaşı döyüşənlər müdafiə olunmağa layiqdirlər və biz əminik ki, hər iki tərəf üçün faydalı nəticə əldə bilərik, yəni həm türkləri həqiqi terror təhlükələrindən qoruya və Türkiyə üçün terror riski yaratmayan insanlara qarşı hər hansı risklərin qarşısını alarıq”.

İlgili resim

Pompeo heç bir detal paylaşmayıb, lakin deyib ki, ABŞ-ın Suriya və İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Cim Ceffri ötən həftənin əvvəli məsələni həll etmək üçün Suriyanın şimalına səfər edib və müzakirələri davam etdirmək üçün Türkiyəyə geri dönəcək.

Qeyd edək ki, Türkiyə ordusu ötən həftə Suriyanın şimalına əlavə qüvvələr cəmləşdirməyə davam edib. Cümə günü Suriya sərhədi yaxınlığında yerləşdirilən Türkiyə qoşunlarını ziyarət edən Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, onun ölkəsi terrorçu hesab etdiyi kürd yarıhərbi dəstələrinə qarşı döyüşməkdə qətiyyətlidir. O deyib ki, hərbi hazırlıqlar davam edir.

Bu arada Səudiyyə şahzadəsi Türki bin Faysal ABŞ qoşunlarının Suriyadan çıxmasına qarşı xəbərdarlıq edib. BBC-yə deyib ki, bu addım İran, Rusiya və Bəşər Əsədin hakimiyyətini daha da gücləndirəcək. Krallığın keçmiş kəşfiyyat naziri və “qara qutusu” adlandırılan bin Faysal deyib ki, dünya birliyi Suriya xalqının aqibətinə laqeydlikdə günahkardır və ABŞ qoşunları çıxandan sonra vəziyyət daha da pisləşəcək.

PKK/PYD Amerika ile ilgili görsel sonucu

Sitat: “ABŞ-ın addımları, məncə, vəziyyəti daha da mürəkkəbləşdirəcək, yalnız iranlıların deyil, eləcə də rusların və Bəşər Əsədin mövqeyini daha da gücləndirəcək. Mənim fikrimcə, bu, addımın mənfi təsiri olacaq”.

Türki bin Faysal hazırda rəsmi vəzifə tutmasa da, uzun illər kəşfiyyata rəhbərlik edib, ABŞ-da səfir işləyib. O, Səudiyyə Ərəbistanının xarici siyasətini ən yaxşı bilən şəxslərdən biri, Yaxın Şərqdə bütün mürəkkəb proseslərdən xəbərdar şəxs kimi tanınır. İndiki halda Türki bin Faysal kimi nüfuzlu bir şəxsin “xora” qoşularaq qoşunların Suriyadan çıxarılmasına qarşı olması Trampın Suriya qərarına qarşı aparılan kampaniyanın miqyasını göstərir. Ancaq aydın olur ki, Tramp Suriyadan qüvvələri çıxarmaqda qəti fikirdə olsa da, Türkiyə ilə bağlı Vaşinqtonda narahatlıq hələ də qalır. O da bəlli olur ki, Vaşinqton istənilən halda kürdləri Suriyada köməksiz buraxmaq fikrində deyil, Tramp kürdləri Türkiyənin hücumundan qorumağa çalışacaq. Bu isə Vaşinqtonla Ankaranı növbəti dəfə qarşı-qarşıya gətirə bilər. Artıq ötən gün Trampın açıqlamasından dərhal sonra Türkiyədə lirənin dəyərində ucuzlaşma qeydə alınıb. Bu isə o deməkdir ki, kürd mövzusu hələ bir müddət Vaşinqton və Ankara arasında əsas problemlərdən biri olaraq qalacaq. Baxmayaraq ki, prezident Ərdoğan yaxın zamanlarda Trampla görüşüb kürd məsələsində anlaşmağa çalışır. Ancaq hazırkı şərtlərdə anlaşma elə də real görünmür.//“Yeni Müsavat”//


Tarix: 15-01-2019, 09:54
Xəbəri paylaş





Xəbər lenti