Zaxarovanın özünü Rusiyanın lideri kimi aparmasının pərdəarxası


Elçin Mirzəbəyli: “O, ya Rusiya qanunlarından, hüquqdan üstündür, ya da dövlət içində dövlətdir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə də erməni təəssübkeşliyini nümayiş etdirib, növbəti dəfə Azərbaycana qarşı bəyanat verib. O, ötən həftə keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi ittiham edib:

“Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəssüflənirdilər ki, belə hallar  artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”.

Politoloqlar da hesab edir ki, M.Zaxarova ermənilərin istəyini ifadə edərək o cür açıqlamalar verir və həmin qüvvələr Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlıdırlar. Mariya Zaxarova XİN-in sözçüsü olsa da hətta Rusiya prezidentinin mətbuat katibi D.Peskov onun qədər irəli gedən açıqlamalarla çıxış etmir. Zaxarovaya bu qədər xüsusi status verən, onu sıradan bir mətbuat xidmətinin rəhbəri səviyyəsindən daha yüksəyə qaldıran xarici işlər naziri Sergey Lavrovdur. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Mariya Zaxarovanın özünü sanki Rusiyanın lideri kimi aparması və ermənilərə daim dəstək verməsi ilə bağlı sosial şəbəkədə maraqlı yazı yazıb. E.Mirzəbəyli qeyd edib ki, dünyada BMT üzvü olan 193 dövlət və onlardan hər birinin bəzən fərqli adlar altında olsa da eyni missiyanı həyata keçirən xarici işlər nazirliyi var. Və təbii ki, hər bir xarici işlər nazirliyinin də öz sözçüsü...

Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Amma onların arasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya bənzəyəni yoxdur: “Zaxarovanı xarici həmkarlarından fərqləndirən cəhətlərdən biri də onun eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi statusunu daşımasıdır. Lakin bu statusun Mariya Zaxarovanı daşıya bildiyini iddia etmək bir az mübahisəli məsələdir. Çünki onun ziddiyyətli, qərəzli və əksər hallarda bir-birini təkzib edən açıqlamaları onun daşıdığı və yaxud onu daşımalı olan statusun sərhədlərinə sığmır. Azərbaycana münasibətdə isə Mariyanın xüsusi bir yanaşma tərzi var. Hətta Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Moskvanın reallığı əks etdirən mövqeyini ifadə edəndə də Zaxarova konkret diplomatik sərhədləri olan bu rəsmi yanaşmaya ədviyyat olaraq zəhər əlavə etməyi də unutmur. Azərbaycanlıları dost xalq adlandırır və dərhal bu dost xalqın maraqlarını ifadə edən kütləvi informasiya vasitələrinin, jurnalistlərin ünvanına ən ağır ittihamları səsləndirir. İşğal altında olan Azərbaycan ərazilərinə Rusiya vətəndaşlarının səfərini onların şəxsi mövqeyi kimi dəyərləndirir, işğaldan azad edilmiş Azərbaycan ərazilərinə, Cocuq Mərcanlıya Rusiya ziyalılarının səfərini ikibaşlı ifadələrlə şərh etməkdən çəkinmir və hətta dolayısıyla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağı da unutmur.

Ermənistanla bağlı məsələyə gəldikdə isə Zaxarovanın çiçəyi çırtlayır. Moskvanın və təbii ki, Rusiya telekanallarının Ermənistanda hakimiyyət dəyişikliyinə aparan kütləvi aksiyalara kifayət qədər kəskin reaksiyasına baxmayaraq, Zaxarova “ən çətin anda birləşməyi bacaran erməniləri böyük xalq” adlandırır. Və bütün bunların fonunda belə bir təəssürat yaranır ki, Mariya Zaxarovanın xüsusi statusu var və o, rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Və yaxud Mariya Zaxarova Rusiya dövlətini deyil, bu dövlətin maraqları ilə yanaşı hansısa digər maraqları ifadə edən, yarımüstəqil xarici işlər nazirliyini təmsil edir. Hər halda, görünən mənzərə belədir".

E.Mirzəbəyli vurğulayıb ki, Zaxarova ya Rusiya qanunlarından, hüquqdan üstündür, ya da dövlət içində dövlətdir. Hər halda, bunu biz müəyyənləşdirməli deyilik...


“Yeni Müsavat”

Tarix: 15-01-2019, 10:02
Xəbəri paylaş





Xəbər lenti