Avropanın Türkiyəyə qarşı “FETÖ kartı"


Avropanın Türkiyəyə qarşı “FETÖ kartı"

Türkiyənin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə apardığı bir vaxtda İsveç yüzlərlə gülənçiyə sığınacaq verib.İsveçin bu qərarı Türkiyə ilə münasibətləri pozacaq addım kimi qiymətləndirilir.Qeyd edək ki, bununla bağlı məlumatı İsveç dövlət televiziyası ölkənin Miqrasiya İdarəsinə istinadən yayıb.Məlumatda bildirilir ki, İsveç 15 iyul 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra yüzlərlə FETÖ-çüyə yaşayış və işləmək icazəsi verib.

Bildirilir ki, 2015-ci ildə 253, 2016-cı ildə 738, 2017-ci ildə 872, 2018-ci ildə isə 493 Türkiyə vətəndaşı İsveçdən sığınacaq istəyib.Onların böyük əksəriyyətinin FETÖ terror təşkilatı ilə bağlılığı olub. İsveç qanunlarına görə, fasiləsiz iş icazəsi verilən şəxslər 5 ildən sonra İsveç vətəndaşı ola biləcəklər. Maraqlıdır, bu qərar Türkiyə ilə münasibətlərə necə təsir göstərəcək?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında Avropanın terrorçulardan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini deyib. Politoloq sözügedən məsələnin iki ölkə arasında siyasi qarşıdurma yaratmayacağı qənaətindədir:

“PKK-çılar, gülənçilər Avropada öz evlərindəki kimidirlər.Ona görə İsveçdə yüzlərlə FETÖ üzvünə sığınacaq verilməsində təəccüblü heç nə yoxdur.Bu yaxınlarda türkiyəli nazir Mövlud Çavuşoğlu Lüksemburqlu həmkarına PKK-çıların Avropada necə rahatlıqla məskən salması haqqında “dərs keçdi”.Lüksemburqlu nazir də başını aşağı salıb türkiyəli həmkarının gözünə baxa bilmirdi.Necə baxsın?!Avropa ölkələri NATO-dakı müttəfiqi Türkiyəyə qarşı açıq düşmənçilik edirlər.SSRİ və onun varisi Rusiyadan sonra Avropa və ABŞ PKK terror təşkilatını bəsləyir.Bunu artıq gizlətmirlər də.İsveçə gəldikdə isə bu ölkənin Türkiyə ilə o qədər yaxın münasibətləri, milyardlıq iqtisadi əlaqələri yoxdur.

Ona görə düşünmürəm ki, Türkiyə ilə İsveç arasında ciddi skandal yaşansın.Təbii ki, Türkiyə İsveçə etirazını bildirəcək.İsveç səfiri Xarici İşlər Nazirliyinə çağrıla, ondan izahat tələb edilə bilər.Lakin İsveç nə iqtisadi, nə siyasi baxımdan Türkiyədən asılı olmadığından bu hərəkətlərindən özlərinə heç bir təhlükə görmürlər.Ona görə çox güclü, əzəmətli olmaq lazımdır ki, sənə qarşı bu cür hərəkətlər etməyə belə düşünməsinlər.Avropa ölkələri Türkiyəyə PKK, qondarma erməni soyqırımı və son zamanlar da FETÖ məsələləri ilə bağlı təzyiq edir.Onda Türkiyə gərək Avropa ölkələrinin bir çoxu ilə münasibətlərini pozsun.Bu da mümkün deyil.Ona görə də avropalılar tərəfindən bu cür demarşlara hazır olmaq lazımdır.Bütün bunlara ən gözəl cavab güclü, böyük, əzəmətli olmaqdır.Türkiyə güclü, böyük, əzəmətli olandan sonra keçmişdə olduğu kimi qoca Avropa özü İstanbulun ayağına gələcək”.

Politoloq Məhəmməd Əsədullazadə isə İsveçin bu addımının iki ölkə arasında siyasi gərginliyə səbəb olacağını deyib: 

“Türkiyə 2016-ci ildən başlayaraq FETÖ-yə qarşı həm daxildə, həm də xaricdə mübarizə aparır. Məlum hərbi çevrilişə cəhddən sonra ABŞ FETÖ rəhbəri Fətullah Güləni ekstradisiya etmədi.Bu təşkilatın yenidən güclənməsi Ankaranı narahat edir.Avropanın bəzi dövlətləri FETÖ üzvlərinə sığınacaq verib.

Türkiyəyə qarşı bu siyasət yolverilməzdir.Hesab edirəm ki, İsveçin hazırda FETÖ üzvlərinə sığınacaq verməsi, iki ölkə arasında gərginliyə diplomatik qalmaqala səbəb olacaq.

Ola bilsin ki, Türkiyə bu ölkədəki səfirini geri çağırsın.FETÖ məsələsi Türkiyə üçün “qırmızı xəttdir”.İsveçin bu terror təşkilatının üzvlərinə sığınacaq verməsi, görünür, Türkiyənin Suriyada YPG terror təşkilatına qarşı keçirəcəyi əməliyyatla bağlıdır.

Avropa ölkələrinin Türkiyənin bu hərbi əməliyyatına qarşı olduğunu dəfələrlə rəsmi şəkildə bildiriblər.Ona görə də İsveçin terrorçulara sığınacaq verməsi Türkiyəyə təzyiq vasitəsidir.Türkiyə bu siyasətə kəskin cavabını verəcək.Qeyd edim ki, İsveç bu qərarı müstəqil verməyib.İsveçdən bu istənilib.Hesab edirəm ki, İsveç Türkiyə ilə konfontrasiyaya getməklə öz mövqeyini zəiflədəcək”.//Cebhe.info//


Tarix: 16-01-2019, 20:30
Xəbəri paylaş





Xəbər lenti