Yanvarın 16-da Menbicdə baş verən terror aktı ABŞ ordusunun Suriyadan çıxarılması qərarını yenidən müzakirəyə çıxarıb. Xatırladaq ki, baş verən terror aktı nəticəsində 7 mülki sakin və ABŞ ordusunun 4 əməkdaşı ölüb.
Terror aktını İŞİD öz üzərinə götürüb. ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bəyan edib ki, terror aktı nəticəsində ölənlərin ikisi hərbçi, bir nəfər Müdafiə Nazirliyinin mülki işçisi, bir nəfər isə tərcüməçi olub. 3 amerikalı hərbçi və 9 yerli sakin isə yaralanıb.
Terrordan dərhal sonra bütün dünyanın diqqəti Vaşinqtona çevrilib. Çünki hər kəs ehtimal edir ki, planlaşdırılmış bu terror ABŞ ordusunun İŞİD-ə qarşı mübarizə missiyasını bitirdiyi üçün bu ölkədən çıxarılma prosesinə mənfi təsir edə bilər. ABŞ müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahan Suriyada İŞİD-ə qarşı mübarizənin davam edəcəyini bildirsə də, Menbic terrorunun ordunun Suriyadan çıxarılması prosesinə təsir edib-etməyəcəyi barədə suala cavab verməyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terror aktı ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı qərara təsir etmək məqsədilə törədilə bilər.
Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, terror prezident Trampın ordunun Suriyadan çıxarılması ilə bağlı qərarını dəyişməyəcək. Lakin respbulikaçı senator Lindsi Qrem Menbic hadisəsi ilə bağlı Trampı tənqid edib. Senator deyib ki, İŞİD Trampın ordunu Suriyadan çıxarmaq qərarından ilhamlanıb.
Ancaq terrordan bir sutka keçməmiş kürd tərəfi skandal iddia ortaya atıb. Suriyanın şimalında Menbic də daxil olmaqla böyük bir əraziyə nəzarət edən Suriya Demokratik Qüvvələri koalisiyası tərkibində fəaliyyət göstərən “Menbic Hərbi Məclisi” bölgədə terror törətməyə hazırlaşan şəxslərin ələ keçirildiyini açıqlayıb. Və iddia ediblər ki, ələ keçirilən terrorçular Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq edib və MİT-dən (Milli İstihbarat Təşkilatı - K.R.) əmrlər alıb. Kürd qüvvələrinin Menbic terrorundan dərhal sonra məlum qrupu ələ keçirməsi və bu qrupun tez bir zamanda Türkiyə ilə bağlarının olmasını aşkarlaması sual və şübhə doğurur. Şübhə ona görə ki, nədən bu günə qədər deyil, məhz bu gün? Və necə olur ki, ələ keçirilən terrorçular dərhal Türkiyə ilə əlaqələrini açıqlayır?
Əcəba, Menbicdə terror Türkiyə üçün nə qədər lazımlı ola bilər? Kürd tərəfi tutulan terrorçularla mesaj vermək istəyir ki, Menbic terroru Türkiyənin sifarişi ilə törədilə bilərdi. Lakin məlum məsələdir ki, ABŞ ordusunun Suriyadan çıxması və ya orada qalması Ankara üçün xüsusi önəm kəsb etmir. Digər tərəfdən, bir neçə gün əvvəl Ərdoğan-Tramp telefon danışığında da Suriyadan ABŞ ordusunun çıxarılması məsələsinə toxunulub və Ərdoğan bu prosesə dəstək verib. İndi nə oldu ki, Türkiyə birdən-birə ABŞ ordusunun qalmasını istədi? Üstəlik, Türkiyə açıq şəkildə bəyan edir ki, ABŞ ordusu kürdləri qoruyur və PKK-nın Suriya qolu olan PYD/YPG ilə əməkdaşlıq edir. O zaman Türkiyənin ABŞ ordusunun Suriyada qalıb kürdlərə daha çox dəstək verməsində hər hansı marağı olduğunu demək çətindir.
Ancaq bunun əksinə, ilk növbədə kürdlər ABŞ ordusunun Suriyadan çıxmasından narahatdır. Bunu hələ dekabrın 19-da Tramp Suriyadan çıxma qərarını elan edəndə bildiriblər. Çünki hər kəs bilir ki, ABŞ ordusunun çıxması kürdləri Türkiyə və Suriya ordusu arasında qoyacaq. Bu mənada YPG və onun liderləri üçün ABŞ ordusunun çıxması heç cür əlverişli və xoş hadisə deyildi.
ABŞ ordusunun Suriyadan çıxmasından narahat olan ikinci qüvvə regionun səssiz oyunçusu İsraildir. Çünki İsrail birbaşa Suriya münaqişəsində iştirak etməsə də, Suriyada kəşfiyyat fəaliyyətləri həyata keçirir, o cümlədən Əsədə qarşı qüvvələrə gizli və aşkar dəstək verir. İsrail hakimiyyəti bəyan edib ki, ABŞ ordusunun Suriyanı tərk etməsi İran və onun region müttəfiqi Hizbullahın əl-qolunu açacaq. Və təbii ki, ABŞ-ın regiondakı digər müttəfiqləri də Trampın ordunu Suriyadan çıxarmaq qərarından narazı idilər. O cümlədən ABŞ ordusu və bir sıra siyasi dairələr də ordunun Suriyadan çıxarılmasından narazı idilər.
Bu mənada ABŞ ordusunun Suriyadan çıxarılmasını istəməyən qüvvələrin siyahısı çox genişdir. Bu siyahıda Türkiyə ya yoxdur, olsa belə sıralamada ən sonuncu sırada ola bilər. Əlbəttə ki, Menbic terrorunun əsas hədəfi, yəni bu aktı sifariş verənlərin məqsədi ABŞ ordusunun Suriyadan çıxarılması prosesinin dayandırılması, ya da ən azından ləngidilməsi olub. Ancaq hələlik Tramp qərarlıdır, ehtimal ki, Ağ Evdəki strateqlər də terrorun əsas hədəfinin nə olduğunu anlayırlar. Yeri gəlmişkən, iddialara görə, Menbicdə ötən gün öldürülənlərdən biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşı olub.
Bu arada Türkiyə mətbuatı hökumətin Suriyanın şimalında təhlükəsizlik bölgəsinin qurulmasının səbəblərini yazıb. “Sabah” qəzetində dərc olunan yazıda qeyd edilir ki, Türkiyə Suriyanın şimalında Türkiyə ordusunun nəzarətində “Daxili Təhlükəsizlik Qüvvələri” yaradacaq. İkincisi, bölgədə terror təşkilatlarına dəstəyin kəsilməsini təmin edəcək təhlükəsizlik mərkəzləri qurulacaq. Daha sonra adları terror təşkilatları ilə əlaqədə hallanmamış şəxslərdən ibarət yerli məclislər təşkil olunacaq. Türkiyə ordusu Suriyanın 32 kilometr içərilərinə qədər irəliləyəcək. Təhlükəsizlik bölgəsi ilk növbədə terrordan təmizlənmiş olacaq. O da bəlli olub ki, ilk növbədə hazırda Türkiyə ordusunun nəzarətində olan Afrin, Cerablus və əl-Bab məntəqələrində bu proses həyata keçiriləcək. Bu bölgələrdə təhlükəsizlik Türkiyə ordusu və “Azad Suriya Ordusu” tərəfindən təmin olunacaq.
Xatırladaq ki, Tramp bu həftənin əvvəlində bildirib ki, Suriyanın şimalında Türkiyə və kürdlər arasında 20 mil (33 kilomterə qədər - K.R.) uzunluğunda “təhlükəsizlik zolağı” yaradılacaq. Bununla da həm kürdlər Türkiyənin hücumundan qorunacaq. Həm də Türkiyə ərazisi kürd terrorçu qruplarının hücumundan mühafizə olunacaq. Pentaqon isə bəyan edib ki, “təhlükəsizlik zonası” müzakirələri aparılsa da, detallar dəqiqləşdirilməyib. Türkiyə ordusu son həftələrdə Suriya sərhədinə yeni qüvvələr toplamaqdadır./“Yeni Müsavat”/