
Elşən Mustafayev: “Sosial şəbəkələr bir növ onların köməkçilərinə çevrilib”
Əhəd Məmmədli: “Twitter dünya liderlərini canlı ünsiyyətdən uzaqlaşdıra bilməz”
Amerika prezidenti Donald Tramp prezidentlik müddətinə başlamasının iki ili tamam oldu. Bu illər ərzində onun digər qəribə addımları ilə yanaşı, Amerikanı və dünyanı belə demək mümkünsə, tvitter hesabından istifadə etməsidir. Ağ Ev sahibi xalqına və dünyaya mesajlarını, fikirlərini bu sosial şəbəkə üzərindən çatdırır. Artıq dünya ölkələrinin rəhbərləri arasında tvitterdən istifadə etmək ənənə halını almaqdadır.
Belə fikirlər var ki, yaxın gələcəkdə dünya rəhbərlərinin bir-biriləri ilə görüşlərindən daha çox tvitter yazışmaları əsas rol oynayacaq. Bu da idarəçilikdə yeni metodun meydana gəlməsi kimi təqdim olunur. Bu novatorluğu daha çox Trampın adına bağlayırlar.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu üsulun yeni olduğunu söylədi: “Trampın bir çox fikirlərini, hətta bəzi qərarlarını tvitter vasitəsi ilə açıqlaması ABŞ siyasətində yeni bir üsuldur. Bir çoxları Trampın bu yaşda sosial şəbəkələrdən aktiv istifadə etməsini təəccüblə qarşılayırlar. Əslində isə Trampın bu sahədə böyük və çox gənc komandası fəaliyyət göstərir. Əminəm ki, prezidentə bu üsuldan istifadə etmək məsləhətlərini də məhz onlar veriblər və bu istiqamətdə yardımlarını edirlər.. Buna siyasətə yeni ənənənin gətirilməsi kimi də baxmaq olar. Əvvəllər prezidentin mövqeyi, qərarları onun mətbuat xidməti vasitəsilə jurnalistlərə çatdırılırdı və onların vasitəsilə yayılırdı. Yaxud prezidentin özü Ağ Evdə həftəlik brifinqlərdə fikirlərini ictimaiyyətə çatdırardı. İndi də bu ənənə qalıb və davam etdirilir. Eyni zamanda Tramp gündəlik tvitlər vasitəsilə məlumatlar yaymaqla birbaşa onu izləyən milyonlara daha operativ informasiya çatdırmağa nail olub. Hətta artıq mətbuat da tvitterdə gedən yazılara istinad edərək mövqelər açıqlayır. Tramp kənardan idarəolunmaz, gözlənilməz qərarlar verən biri kimi görünsə də, elə hesab edilməməlidir ki, kefi istədiyi vaxt klaviaturanın qarşısında oturub istədiyi yazını paylaşır. Hesab edirəm ki, yayılan bütün məlumatlar çoxsaylı köməkçilərinin iştirakı ilə hazırlanır və razılaşdırılır. Bu siyasəti isə ABŞ-ın rəsmi mövqeyi kimi dəyərləndirmək lazımdır. Bir çox ölkə rəhbərləri xeyli vaxtdır ki, gündəlik siyasi həyatlarında facebook , tvitterdən çox aktiv istifadə edirlər. Bu yenilik deyil. Yəni sosial şəbəkələr bir növ onların köməkçilərinə çevrilib. Lakin ABŞ bütün dünyanın diqqət mərkəzində olduğu və prezidentin yaydığı məlumatların dünyada baş verən siyasi proseslərə təsirinin böyük olduğu üçün bu məsələ daha çox diqqət çəkir. və bu üsulun daha da yayılmasına görə narahat olmağa dəyməz. Öncədən hazırlansa belə buna həm də prezidentin insanlarla birbaşa ünsiyyəti kimi yanaşmaq lazımdır”.
Politoloq Əhəd Məmmədli bildirdi ki, tvitter Türkiyə və Avropada əsas siyasi sosial şəbəkəyə çevrilib: “Bu baxımdan tvitter facebooku üstələyib. ABŞ prezidentlərindən tvitterdə postları ilə Tramp fəaldır. Məsələn, Obamada biz bunu müşahidə etməmişdik. Tramp tvitter vasitəsilə qərarlar verməyi bir dəb halına saldı. Suriyadan ABŞ ordusunun çıxarılma qərarını da məhz tvitter postu ilə Tramp cəmiyyətə bildirmişdi. Bu yeni müasir idarəetmə növüdür. Həm də bununla Tramp müasir olduğunu, texnologiyalardan geri qalmadığını göstərir. Və beləliklə gənc elektoratın simpatiyasını qazanmağa çalışır. Həmçinin tvitter vasitəsi ilə qərar verməklə Tramp amerikalı seçiciyə yaxın olan kovboy obrazını özündə yaradır, orta statistik amerikalı üçün fərqli, dəliqanlı bizim oğlan obrazı. Tvitterdə siyasi qərarlar verməyi doğru hesab etmirəm. Dəblə siyasətçilər də ayaqlaşmalıdır, amma baxır harada və necə. Tvitter, facebook, instaqram kimi sosial şəbəkələrdə bir çox müasir siyasətçilərin rəsmi səhifələri var? lakin bu o anlama gəlmir ki, orada taleyüklü siyasi qərarlar verməlisən. Görünür Tramp, elə fikirləşmir. Ola bilsin ki, Amerika cəmiyyəti bunu normal qəbul edir və yaxud artıq Trampın özünəməxsus odiozluğuna, fərqliliyinə öyrəşib. İstənilən halda ABŞ-ın tvitterdə idarəedildiyi fikirdən uzağam. Tramp istəsə də bunu edə bilməz. Çünki ABŞ-da prezidentin səlahiyyətlərində məhdudiyyətlər var. Ənənə deməzdim gətirir. Çünki Trampdan başqa hansısa dövlət başçısının bu qədər twitterdə vaxt keçirdiyini görmürəm. Ən azı tvitterdə siyasi qərarlar vermirlər. Tvitterdə ciddi, məsuliyyətli siyasət yürütmək mümkün deyil. Bu sosial şəbəkə uzağı bir hobbi, alışqanlıq ola bilər. Tvitter siyasi qərarlar üçün operativ deyil, bu tipli sosial şəbəkələr xaos, inqilaba təkan vermək üçün rahat mühitdir. Belə sosial şəbəkələrin həmçinin yuxarıda qeyd etdiyim məsələlər üçün qurulduğu fikrindəyəm. Tvitter dünya liderlərini canlı ünsiyyətdən uzaqlaşdıra bilməz. Ünsiyyət qurmaq istəyən onsuzda quracaq. Sizi inandırım ki, heç bir dövlət başçısı, o cümlədən, Donald Tramp da klaviatura arxasında dövlət idarə etmir. Müasir dünyamızda sosial şəbəkələrdə aktivlik daha çox imic məsələsidir”.
Rubrika.Az