Putinin yeni qurbanı


Putinin yeni qurbanı

Son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinə etimad 3 faiz azalaraq 33,4 faizə düşüb.

Bunu “Ümumrusiya İctimai Rəy Tədqiqatlar Mərkəzi”nin yanvarın 9-13 arası keçirdiyi sorğunun nəticələri göstərir. Mərkəzin məlumatına görə, 2018-ci ilin sonlarında pensiyaya görə yaş həddinin qaldırılması haqqında qanunun qəbulundan sonra Putinin reytinqi düşməkdə davam edir. 2018-ci il payızında Rusiya prezidentinin reytinqi 37,4 faiz, dekabrın 29-da isə 36,5 faiz təşkil edirdi. Bu, 2006-cı ilin yanvar ayından bəri adıçəkilən sorğu mərkəzinin əldə etdiyi ən aşağı göstəricidir.Halbuki, ötən ilin martında bu göstərici 55 faizdən çox olub.

Amma Mərkəz bildirir ki, bu rusiyalıların çoxunun Putini istəmədiyi anlamına gəlmir.Mərkəzin məlumatına görə, Putin yenə də ölkədə ən yaxşı siyasətçi hesab olunur və rəyi soruşulanların 62 faizi ümumilikdə onu dəstəkləyir.Amma son vaxtlar bu göstərici də aşağı düşür.

Adıçəkilən sorğu mərkəzinin direktoru Valeri Fyodorovun sözlərinə görə, V.Putinə inamın itməsi müşahidə olunmur. Sadəcə olaraq, pensiya islahatından sonra başlayan yavaş bir azalma prosesi var. İctimai Rəyin Formalaşması Faktorları Agentliyi (FOM) isə yanvarın 19-da açıqladığı məlumatda Rusiya hakimiyyətindən narazı qalan və ya hiddətlənənlərin sayının 54 faiz artaraq 2018-ci ilin may ayı ilə müqayisədə 36 faizə çatdığını bildirir. FOM-un sosioloqu Qriqori Kertman ötən il əlavə dəyər vergisinin və qiymət artımının Putinin reytinqinə mənfi təsir göstərdiyini deyib. Qeyd edək ki, neftin qiymətinin kəskin ucuzlaşdığı və Rusiyaya iqtisadi sanksiyaların tətbiq olunduğu 2015-2017-ci illərdə prezident Putinin reytinqi düşməyib.Əksinə, 2012-2013-cü illərlə müqayisədə V.Putinin siyasi nüfuzunun artması müşahidə olunub.İndi isə mövcud sorğuların nəticələri Rusiya prezidentinə etmadın azaldığını göstərir.Bu baxımdan, Putinin reytinqindəki dəyişikliyin Rusiyadakı siyasi vəziyyətə mümkün təsirləri sualı gündəmə gəlib.

Politoloq Elşən Manafovun fikrincə, Putinin reytinqində geriləmənin baş verməsi yalnız ölkədə pensiya yaşının artırılması ilə bağlı deyil. 2018-ci ilin prezident seçkilər öncəsi verilən bir sıra vədlərin yerinə yetirilməməsi və digər sosial-iqtisadi problemlər ictimai rəydə Rusiya prezidentinin mövqeyini zəiflədib: 

“Hər iki sorğu mərkəzi Kremlə yaxın qurumlardır. Ona görtə də həmin sorğuların nəticələrinə şübhə ilə yanaşmağa əsas yoxdur.Rusiya prezidentinin reytinqinin aşağı düşməsi ilk növbədə, vətəndaşların pensiya yaşı həddinin artırılması ilə bağlıdır. Eyni zamanda, Putinin seçki kampaniyasının gedişində dövlətin sosial-təminat sisteminə böyük önəm vercəyini, xüsusilə də əhalinin az imkanlı təbəqəsinin müdafiəsi ilə bağlı işlər görəcəyini vəd etsə də, bu istiqamətdə Rusiya hakimiyyəti seçicilərin və vətəndaşların gözlədiyi etimadı doğrulda bilməyib. Hazırda Rusiyada kasıblıq həddində yaşayan əhalinin maddi vəziyyəti getdikcə aşağı düşür.Bu da Rusiya iqtidarına olan inamın səngiməsinə səbəb olur.Digər tərəfdən, vətənpərvərlik ruhunda və imperiya iddialarını ortaya qoymaqla xalqın dəstəyini qazanmaq mümkün deyil.Rusiya həmişə imperiya dövləti olub.Krımın ilhaqından sonra prezident Putinin reytinqinin artması bu amillərdən irəli gəlirdi.Digər müsbət amil Suriyanın parçalanması və Rusiyanın ərəb dünyasından sıxışdırılması ilə bağlı Qərbin, əsasən də ABŞ-ın planlarına Kremlin alternativ mövqe qoyması ilə bağlı oldu.Rusiya güc dövləti olduğunu bir daha nümayiş etdirdi.Bununla yanaşı, Rusiyanın səsdən sürətli raketləri sınaqdan keçirməsi və bu hadisənin Qərbdə böyük ajiotaja səbəb olması Putinin hakimiyyəti dövründə baş verib.

Prezidentin reytinqinə təsir göstərən digər amil Rusiyanın bank sektorundakı problemlərdir.Rusiya oliqarxlarının son iki ildə əldə etdiyi gəlirlər Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində əhəmiyyətli dərəcədə azalıb.Rusiyanın özündə Putin sistemi ilə işləyən oliqarxlar olduğu kimi, sistemdən kənar oliqarxlar da var. Buna misal kimi Xadarkovskinin adını çəkmək olar.Xadarkovskinin Rusiyada baş verən proseslərə ciddi təsir imkanları yoxdur.Ancaq Rusiyanın sistem oliqarxları var ki, onların arasında alüminium kralı Qrişkanı göstərmək olar.Həmin oliqarxların gəlirlərinin azalması Kreml rəhbərinin reytinq göstəricilərinə təsir göstərməyə bilməz.Digər mühüm amil dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Rusiya iqsidaiyyatında yaratdığı problemlərdir.Yəni neftin ucuzlaşması Rusiyanın gəlirlərinin azalmasına səbəb olur.Nəticədə, Rusiyanın büdcəsindən sosial sahələrə ayrılan vəsaitlərin həcmi aşağı düşür.Maliyyə böhranı ilə üzləşən Rusiya ötürücü kəmərləri sıxmaq məcburiyyətində qalıb.Bu da Putinin sosial bazasına təsirsiz ötüşmür.

Hazırda Putin daha çox Rusiya hərbçiləri arasında yüksək reytinqə malikdir. Amma etiraf etmək lazımdır ki, bu gün Rusiyanın istər sistem müxalifətinin, istərsə də sistemdən kənar müxalifətin tərkibində Putinə real alternativ ola biləcək siyasətçi görünmür. Ən yaxşı halda, Putinin siyasi rəqibi kimi Aleksey Navalnının adı çəkilir.Amma Navalnının təşkil etdiyi mitinqlər sosial bazasına görə Putin iqtidarı üçün ciddi təhlükə təşkil etmir.Düzdür, iri şəhərlərdə göstəricilər Rusiya hakimiyyətinin xeyrinə dəyişmir.Putinin reytinqi Şimali Qafqazda, Dağıstanda, Çeçenistanda, İçkeriyada, Mərkəzi Rusiyada daha yüksəkdir.Sistem müxalifətinin də Dövlət Dumasında Putinin liderlik etdiyi Vahid Rusiya Partiyası ilə rəqabət aparmaq imkanı çox aşağıdır.Parlamentdəki bütün komitələrin rəhbərləri Vahid Rusiya Partiyasını təmsil edir. Ona görə də Putini prezident kürsüsündə əvəz edə biləcək ikinci nüfuzlu siyasətçi hələ ki, Rusiyada yoxdur ”.

Ekspert onu da bildirdi ki, Vladimir Putin ictimai narazılıqğı aradan qaldırmaq və siyasi reytinqini artırmaq üçün hökuməti və baş nazir Dmitri Medvedevi istefaya göndərə bilər: 

“Rusiyada yaranmış sosial-iqtisadi problemlərin artması şəraitində Putin bütün günahları Medvedev hökumətinin üzərinə yıxa bilər. Lazım olanda Medvedev qurban verilməyə hazır olan fiqurdur və o özü də bunu başa düşür.Vaxtilə maliyyə naziri Sergey Kudrin də qurban verilmişdi və onun yerinə kadr da tapa bildi.Düşünürəm ki, eyni qərarı Medvedevlə bağlı da verə bilər. O, icraçıdır və siyasi elitanı öz ətrafında birləşdirmək xüsusiyyəti Medvedevdə yoxdur. Bu baxımdan, şərait tələb etdiyi vaxt Medvedevin də qurban veriləcəyini istisna etmirəm”.


Cebhe.info

Tarix: 23-01-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti