Avropa İran üçün “SWIFT” sisteminin alternativini yaradıb.
Belə ki, Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə rəsmi olaraq xüsusi ödəmə kanalını yaradıblar.Bununla da, İranla nüvə sazişinin avropalı iştirakçıları Amerika sanksiyalarına qarşı Tehrana verdikləri iqtisadi zəmanət vədini yerinə yetiriblər.
Bildirilir ki, ABŞ sanksiyalarından yan keçəcək xüsusi ödəmə kanalı “INSTEX” (Instrument In Support Of Trade Exchanges - Ticarət Birjasının Dəstəklənməsi Aləti) adlanacaq.İranla biznes əlaqələri olan qeyri-Avropa xarici şirkətlər də bu kanal vasitəsilə ödəmə əməliyyatlarını icra edə biləcək və Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər.
“INSTEX” şirkətinin mənzil-qərargahı Parisdə yerləşəcək və quruma bank sahəsində təcrübəsi olan Almaniya vətəndaşı rəhbərlik edəcək.Şirkətin Müşahidə Şurasına britaniyalı rəhbərlik edəcək və hər üç ölkədən nümayəndə daxil olacaq.Digər Avropa ölkələri də şirkətin Müşahidə Şurasına üzv olmaq üçün müraciət edə bilər.
Qeyd edək ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəlmişdilər.
Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayından beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən “SWIFT” ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankını (İMB) və digər təşkilatları öz sistemindən kənarlaşdırdı. Bundan sonra İMB açıqlama yayaraq bildirmişdi ki, “SWIFT” sistemindən kənarlaşdırma onun beynəlxalq maliyyə sistemindəki fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək.Bu vaxta qədər beynəlxalq ödəmələr və pul köçürmələrinin hansı qaydada həyata keçiriləcəyi dəqiqləşməmişdi.Vaşinqton İran banklarını “SWIFT” sistemindən kənarlaşdırmaqla İranın maliyyə əməliyyatlarına ciddi nəzarət etmək, həmçinin onun dünya maliyyə bazarlarına çıxışını məhdudlaşdırmaq istəyirdi.
Maraqlıdır, SWIFT sisteminə alternativ proqramın yaradılması İrana sanksiyaların təzyiqini azalda biləcəkmi?
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, SWIFT sisteminə alternativ sistemin yaradılması nəzəri cəhətdən mümkündür:
“Dəfələrlə müxtəlif ölkələr arasında ticarət əməliyyatlarında dollardan imtina edilməsi və ödənişlərin milli valyutalarla aparılması barədə məlumatlar yayılıb. İndi isə “SWIFT” sisteminə alternativ sistemin yaradılması haqqında bəyanat səslənib.Bu kimi məsələlərin hamısını nəzəri cəhətdən həyata keçirmək mümkündür.Ancaq ani bəyanatla bir sistemdən digərinə keçilmə və yaxud başqa valyuta ilə ticarət əməliyyatları aparmaq mümkün deyil.Çünki hər bir şeyin icra mexanizmi var. Bunun üçünsə müəyyən tədbirlər planını həyata keçirməyi şərtləndirən amillər ardıcıllıqla həyata keçirilməlidir.ABŞ təsadüfən bu bacarığa yiyələnməyib.İllər boyu dünya maliyyə sistemi formalaşdıqca məhz ABŞ digər ölkələr üçün flaqman rolunu oynaya bilib.Bu gün istənilən tranzaksiya və köçürmə əməliyyatları məhz bu sistemin üzərində həyata keçirilir.
Yeni ödəmə sistemini pilot layihəsi səviyyəsində həyata keçirmək mümkündür, amma bunun kütləvi formada tətbiqi üçün ən azı 15-20 il zaman lazımdır. Bu əməliyyatlar həyata keçirilməsi üçün bir ölçü vahidinin olması mütləqdir.Bu gün rus rublu ilə İran rialı, eləcə də avro ilə funt sterlinq arasında gedən mübadilədə yenə də ölçü vahidi lazımdır.Bu nöqteyi-nəzərdən yeni sistemə inteqrasiya ilə İranı vəziyyətdən çıxarmaq mümkün deyil.İran ən azı siyasi baxışlarında dəyişiklik etməlidir ki, sanksiyalara məruz qalmasın.Məlumdur ki, hazırda Rusiyaya qarşı da sanksiyalar tətbiq olunub.Rusiya qüdrətli dövlətlərdən biri hesab olunur.Yəni, daxili imkanlar hesabına bu ölkə özünü vəziyyətdən çıxara bilər.Amma buna baxmayaraq, sanksiyalarla ölkə iqtisadiyyatını tamamilə iflic vəziyyətə gətirib çıxara bilirlər.Bunun hamısının qarşısında məhz köçürmələrin və maliyyə institutlarının olmaması dayanır.Hesab edirəm ki, yeni köçürmə sisteminin yaradılması əsası olmayan bəyanatdır və bu layihənin iqtisadi dayanıqlığı yoxdur”.
“Avropa ABŞ-ın əksər sanksiyalarını dəstəkləməyə məcbur olacaq”
Adıçəkilən ölkələrin İranla ticarət əlaqələrinin genişliyinə gəlincə iqtisadçı deyib ki, tarixən hər 3 dövlətin İranla ticarət dövriyyəsi yüksək olub:
“Fransanın, Böyük Britaniyanın və Almaniyanın İranla ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edib və ticarət dövriyyələri kifayət qədər yüksək olub. Ticari əlaqələr hətta sanksiyalar dövründə belə davam etdirilib.Əlbəttə ki, hər üç dövlət sanksiyalardan yan keçmək məqsədi güdür.Hər üç dövlətin ABŞ-la olan biznes və ticarət partnyorluğu İranla müqayisədə ticarət balansını ən azı 2-3 dəfə üstələyir.Yəni, bu ölkələr üçün, ilk növbədə ABŞ əlverişli ticarət partnyorudur.Hesab edirəm ki, sonda sanksiyalara bağlı olan siyasi baxışlar üstünlük təşkil edəcək.İstər-istəməz hər üç dövlət ABŞ-ın əksər sanksiyalarını dəstəkləməyə məcbur olacaq.Yəni, İranı seçmiş olduqları halda ziyanla üzləşə bilərlər”.//Cebhe.info//