İrana müharibə yolu açılır: SON DURUM

 



Vaxtilə İraqda kütləvi qırğın silahlarının olmasına dair kəşfiyyat məlumatları əsasında ABŞ bu ölkəyə müharibəyə başlatdı.İraq əməliyyatı on minlərlə insanın faciəsinə, müəyyən müddət ərzində ölkədə xaosun yaranmasına, ölkə iqtisadiyyatının zəifləməsinə səbəb oldu.Sonradan İraqda kimyəvi silahların olmadığı ortaya çıxdı.

ABŞ -ın mövcud hakimiyyəti bu yanlışlıqdan nəticə çıxarmaq qərarına gəlib. Belə ki, prezident Donald Tramp Amerika kəşfiyyat xidməti orqanlarının İranın nüvə sazişinə əməl etməsi fikri ilə razı olmadığını bildirib: 

“Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razı olmalıyam". Donald Tramp kiçik Corc Buşun İraqda hər növ kütləvi qırğın silahının olmasına dair kəşfiyyat məlumatlarına inanmasını nümunə gətirib: “Kəşfiyyatın həmin əməkdaşları nə etdiklərini tamamilə anlamırdılar və bizi iştirak etməyin heç vaxt lazım olmadığı müharibəyə cəlb etdilər".

Göründüyü kimi, kəşfiyyat məlumatlarına inam illər əvvəl İraqın əleyhinə oldusa, bu dəfə isə əksinə inamsızlıq İranın əleyhinə yönələ bilər.Və ya belə də ifadə etmək olar - ABŞ hakimiyyətləri lazım gəldikdə kəşfiyyat məlumatlarına əsaslanır, lüzum bilmədikləri hallarda isə “inanmırlar”.Belə bir şəraitdə Donald Tramp İrana qarşı təzyiqləri artıra bilərmi?

Politoloq Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ İranın nüvə proqramına əvvəldən şübhə ilə yanaşır: 

“Bunun da səbəbləri var. Çünki, İran nüvə texnologiyasını əldə edəndə dünyanın heç bir ölkəsinə bu barədə məlumat verməmişdi. Yəni, İran nüvə texnologiyası proqramını gizli şəkildə həyata keçirməyə başlamışdı.Buna görə ABŞ İrana qarşı ilk sanksiyanı 1995 -ci ildə tətbiq etdi.Sonrakı mərhələdə beynəlxalq ictimaiyyəti İranın şübhəli, şəffaf olmayan atom nüvə proqramı olduğuna inandıra bildi.Nəticə etibarilə BMT Təhlükəsizlik Şurası İrana qarşı üç qətnamə tətbiq etdi.Bundan sonra İrana qarşı sanksiyalar başlandı.2015-ci ildə ümid var idi ki, İranın atom nüvə proqramı ilə bağlı məsələ öz həllini tapıb və heç bir hərbi müdaxilə baş vermədən bu məsələ yekunlaşdı.Amma növbəti il prezidentliyə namizəd Donald Tramp bəyan elədi ki, İranın atom-nüvə proqramı şübhəlidir və prezident seçiləcəyi təqdirdə bu razılaşmadan çıxacaq”.

Ötən il İrana qarşı iki sanksiya tətbiq edildiyini xatırladan politoloq hesab edir ki, Donald Tramp kəşfiyyat məlumatlarına inanmamaqda haqlıdır: 

“Kəşfiyyat məlumatlarını diqqətdən kənarda saxlamaq olmaz. Amma bir sıra hallarda kəşfiyyat da yanlışlıqlara yol verə bilər.Necə ki, İraqda vermişdi.İraqla bağlı kəşfiyyat məlumatları bu ölkənin dağılmasına, hakimiyyətin devrilməsinə, çox ciddi fəsadlara səbəb oldu.İndi kəşfiyyata inanmaq isə İranın atom nüvə proqramı əldə etməsi ilə nəticələnə bilər.Ona görə də, hesab edirəm ki, Donald Tramp İrana qarşı təzyiqlərin artırılması mövqeyində haqlıdır və bu təzyiqlər davam etməlidir. Bu yaxınlarda İranın Atom Agentliyi Təşkilatının rəhbəri Salehi bəyan etdi ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini aldadıb, onlara stansiyada saxta qurğunu göstəriblər. İranın atom nüvə proqramının həyata keçirilməsi əvvəldən şəffaf olmadığına görə, bu günə qədər şübhələr qalmaqdadır.Əvvəlcədən şəffaf olsaydı, şübhələr olmazdı”.

İranın nüvə proqramını təkbaşına həyata keçirdiyini qeyd edən politoloqun sözlərinə görə, bu istiqamətdə Şimali Koreya ilə sövdələşmələrin olması ilə bağlı da iddialar var: 

“Bu səbəbdən də ABŞ beynəlxalq təşkilatların kəşfiyyat məlumatlarına inanmamaqda haqlıdır”.//Cebhe.info//


Tarix: 6-02-2019, 22:14
Xəbəri paylaş





Xəbər lenti