Ukrayna Mərkəzi Seçki Komissiyası prezidentliyə 34 nəfərin namizədliyini qeydə alıb.
Martın 31-də keçiriləcək seçkilər 2014-cü il “Maydan hərəkatı”ndan sonra ölkədə baş vermiş ən qızğın siyasi hadisə hesab olunur. Namizədlərin sayının çox olmasına baxmayaraq, səsvermə prosesində əsas rəqabətin üç namizədin arasında gedəcəyi gözlənilir. Söhbət hazırkı prezident Pyotr Poroşenko, müxalif “Batkivşina” Partiyasının sədri, sabiq baş nazir Yuliya Timoşenko və müstəqil namizəd, şoumen Vladimir Zelenskidən gedir. Hər üç namizədin reytinq göstəriciləri arasındakı fərq 5 faizdən artıq olmadığından ekspertlər ikinci turun keçirilməsini qaçılmaz hesab edir. Həmçinin, heç bir namizədin reytinq göstəricisi 25 faizə çatmır. Bu baxımdan, Ukraynanın yeni prezidentinin ikinci turda müəyyənləşəcəyi gözlənilir.
Son vaxtlara qədər keçirilən bütün rəy sorğularının favoriti Yuliya Timoşenko olub. Xanım Timoşenko Poroşenkonun korrupsioner komandasını hakimiyyətdən qovmağın vaxtının çatdığını bəyan edir. Lakin P.Poroşenko reytinq cədvəlində sabiq baş nazirə uduzmasına baxmayaraq, prezident kürsüsünü asanlıqla əldən vermək niyyətində görünmür. Hətta hazırkı dövlət başçısının seçkiləri saxtalaşdırmağa çalışdığına dair məlumatlar yayılır.
“Politicus” telekanalının verdiyi məlumata görə, Petro Poroşenkonun komandası qarşıdan gələn seçkilərdə kütləvi səslərin alınması üçün genişmiqyaslı bir şəbəkə qurub. Bu məqsədlə bölgələrdəki təşviqatçılardan ibarət şəbəkə yaradılıb. Təşviqatçılara Poroşenkonu təbliğ etdiklərinə görə pul ödənilir. Bu layihəyə prezidentin seçki qərargahında Ali Radanın deputatı Sergey Beryozenkonun məsul olduğu bildirilir. Hazırlanmış sxemə əsasən, hər bir təşviqatçıya 1000 qriven ödənilir. Həmin vəsaitin 500 qriveni əvvəlcədən verilir və rəsmən Poroşenkonun təşviqatçısı kimi qeydə alınır.
Əgər Poroşenko seçki dairəsi üzrə lazımi sayda səs toplasa, qalan 500 qrivenin ödəniləcəyi vəd edilir. İkinci 500 qriven isə işləmək üçün motivasiya kimi verilir. Ölkə qanunvericiliyi təşviqatçıya pul ödənilməsini qadağan etmədiyinə görə, bu saxtalaşdırma faktı hesab olunmur. Reallıqda isə seçicilərin pulla ələ alınması prosesi aparılır. Ukraynada 100 seçki dairəsi var. Hər dairəyə isə min nəfər təşviqatçı ayrılıb. Həmin təşviqatçıların hər biri Poroşenkonun xeyrinə 10 nəfər seçici gətirməlidir. Beləliklə, yüz minlərlə adamın səsinin Poroşenkonun xeyrinə cəlb edilməsi nəzərdə tutulub. “Qroşi” layihəsinin jurnalistlərinin verdiyi məlumata görə, Poroşenkoya səs verəcək hər bir seçiciyə 500 qrivendən 1500 qrivenə qədər pu təklif edilir. Qeyd edilir ki, səslərin satın alınmasının qarşısını hüquq-mühafizə orqanları ala bilər. Amma Ukrayna Təhlükəsizlik Xidməti prezident Poroşenkonun mövqeyini dəstəkləyir. Daxili işlər naziri Arsen Avakov isə Yuliya Timoşenko ilə bazarlıq edir. Hətta Avakovun Timoşenkoya məsləhət verdiyi bildirilir. Bəzi məlumatlara görə, onlar razılığa da gəliblər.
Ekspertlər isə saxtalaşdırma cəhdlərinə rəğmən Ukraynada sosial-iqtisadi durumun heç də Poroşenkonun xeyrinə işləmədiyini qeyd edir. İnvestisiya isteklakçılar üçün ciddi problemə çevrilib. 2018-ci ildə ərzaq məhsullarının bazar qiyməti rekord həddə çatıb. Soğanın qiyməti 115 faiz, kələm 60 faiz, kartof 50 faiz bahalaşıb. Yanacağın qiyməti və ictimai nəqliyyatda gedişhaqqı da ifrat dərəcədə artıb. Ona görə də səsvermənin nəticələrinin saxtalaşdırılması Poroşenko üçün siyasi risk hesab olunur. Belə bir addım ölkədə növbəti “Maydan hərəkatı”ilə nəticələnə bilər.
Son rəy sorğularının nəticələri Poroşenkonun reytinqinin aşağı olaraq qaldığını göstərir. Lakin diqqət çəkən əsas məqam Y.Timoşenkonun reytinq siyahısında xeyli geriləməsi olub. Razumkov adına Sosial Tədqiqqatlar Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, Vladimir Zelenski birinci yeri tutub. Gənc namizədin 10 faiz irəliləyərək Y.Timoşenkonu geridə qoyub. Hazırda V.Zeenski 23 faiz göstəriciyə malikdir. İkinci yeri isə 16,40 faizlə Pyotr Poroşenko tutur. Yuliya Timoşenko 15,70 faizlik göstərci ilə üçüncü pillədə qərarlaşıb. Yuri Boyko isə 9, 30 faizlə dördüncü yerdəki mövqeyini qoruyub saxlayır. Onu dəstəkləyən respondentlərin sayında cüzi azalma var.
Lakin ekspertlər hesab edir ki, Ukrayna seçiciləri reytinq sorğularının nəticələrinə tam etibar etmir. Ona görə də hazırda Ukrayna cəmiyyətində hakimiyyəti və müxalifəti dəstəkləyən elektoratı tam müəyyənləşdirmək çətindir.
Cebhe.info