Rusiya iqtisadiyyatı Qərblə konfrontasiya siyasətindən əl çəkməyənə qədər ağır qalacaq - ekspert


Bütün dünyada iqtisadi inkişaf tempinin azaldığı bir vaxtda Rusiya iqtisadiyyatının böyüdüyünü bəyan edir. Hətta “Moody's” reytinq agentliyi də Rusiyanın suveren kredit dərəcəsini artıraraq son illərdə aparılan siyasətin dövlətin onsuz da güclü maliyyəsini daha da möhkəmləndirəcəyini bildirib.

Lakin dünyanın nəhəng beynəlxalq sığorta şirkətlərindən sayılan “Coface”ın Rusiya üzrə nümayəndəsi Dominik Fruxter Fransanın “La Croix” qəzetinin yazarı Alen Gimola verdiyi müshibədə Rusiyanın statistik göstəricilərinin reallıqdan uzaq, iqtisadi situasiyanın isə hələ də ağır olduğunu bildirib.

“Sizə onu söyləyə bilərəm ki, bizim cari il üçün proqnozlarımız daha gerçəkdir. Biz Rusiyada 2019-cu ildəki iqtisadi böyümənin 1,6%-i keçməyəcəyinə əminik” - deyə ekspert söyləyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının inkişafını ölkəyə birbaşa investisiyların gətirilməsini dayandıran sanksiyalar əngəlləyir. Bundan başqa, Kreml dövlət hesablarını yaxşı vəziyyətdə saxlamaq üçün büdcə məsrəflərini qısaltmaq siyasəti həyata keçirir. Bunun nəticəsində o, neft və qazdan gələn gəlirlərin böyük qismini xəzinəyə axıtmır.

“Rusiya büdcəsi neftin bir barrelinə 40 dollar hesablanması üzərində balanslaşdırılmış sayılır. Lakin qiymət 40 dolların üzərində olduqdan sonra xəzinəyə gələn pullar dərhal Mərkəzi bankın rezervlərinə yönəldilir. Bunun nəticəsində isə fərdi təsərrüfatların gəliri azalır və onlar ciddi zərər çəkir”, - deyə iqtisadçı ekspert izah edib.

D.Fruxterin fikrincə, dövlət hələ də aqrobiznes istisna olmaqla idxal olunan məhsulları yerlilərlə əvəz etməyi bacarmayıb. Belə olan halda hər hansı diversifikasiyadan danışmaq mümkün deyil.

Ekspert Rusiyanın texnoloji cəhətdən geriqalmışlığını da problemlər sırasına daxil edib. “Ölkə olduqca çətin yerlərdə yerləşən neft və qaz yataqlarının isitsmarı üçün xarici texnologiyalardan hədsiz asılı vəziyyətdədir. Lakin bununla bərabər Rusiya silahlanmaya böyük pullar xərcləyir, ərazi də o qədər böyükdür ki, bir neçə inkişaf etmiş mərkəzin xaricində heç bir infrastruktur mövcud deyil. Dünyada ağalıq uğrunda can atırlar, amma hələ də SSRİ-nin süqutunun nəticələrini üzərlərindən ata bilməyiblər,” - deyə Dominik Fruxter bildirib.

Alman mütəxəssisin sözlərinə görə, Rusiyanın tək xilas yolu Qərblə sistematik konfrontasiya siyasətindən əl çəkməkdir.

Musavat.com

Tarix: 13-02-2019, 16:43
Xəbəri paylaş





Xəbər lenti