Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində kəskin ritorikanın artması müşahidə olunur.
2016-cı ilin aprel döyüşlərindən sonra dayanmış danışıqlar prosesi ötən ilin sonlarından başlayaraq qismən bərpa olunsa da, Ermənistanın yeni rəhbərliyi müharibə əhval-ruhiyyəsinə köklənmiş bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyanın son bəyanatları Ermənistanın danışıqlar prosesində heç bir kompromisə getmək istəmədiyini göstərir. Hətta Paşinyan parlamentdə çıxışı zamanı “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”, -deyə sərt ifadə işlədib.
“Biz Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görürük, lakin bu o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır. Məsələnin həlli üçün sülh atmosferinin bərqərar olması zəruridir. Bu gün regionda sülh atmosferi yoxdur”, - parlament deputatlarının suallarını cavablandıran N.Paşinyan belə deyib.
Xalqların sülhə hazırlaşdırılması haqqında danışarkən N.Paşinyan qeyd edib:
“Deyirlər xalqları sülhə hazırlaşdırın, xalqı yox. Buna müvafiq olaraq, əgər bir ölkədə hökumət xalqını sülhə hazırlaşdırmırsa, digər ölkənin hökuməti də öz xalqını sülhə hazırlaşdıra bilməz. Biz vəziyyətdən çıxış edərək hərəkət edəcəyik”, - deyə Ermənistanın baş naziri bildirib. Ona görə də siyasi ekspertlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin fevralın 17-si və ya 18-də Münhendə keçiriləcək görüşünün müsbət nəticə verməyəcəyini proqnozlaşdırır.
Politoloq Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyanın bəyanatları Azərbaycanı təxribata çəkmək məqsədi daşıyır. Baş nazirinin verdiyi son açıqlamalar Ermənistanın ictimai-siyasi durumu kontekstində qiymətləndirilməlidir:
“Paşinyanın verdiyi açıqlamalarda müharibə ritorikası özünü açıq-aşkar şəkildə biruzə verir. Bundan əvvəl də Paşinyan bəyan etmişdi ki, biz Azərbaycanla münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma sülhün müqabilində ərazilərin qaytarılmasından söhbət gedə bilməz. Paşinyanın bu sözləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mahiyyətinə, ATƏT-in Minsk Qrupunun indiyə qədər təklif etdiyi müxtəlif modellərə və danışıqların əsasını təşkil edən “Madrid prinsipləri”nə ziddir. Həmin sənədlər münaqişənin sülh yolu ilə həllini nəzərdə tutur. Amma Paşinyan danışıqları davam etdirməklə yanaşı, sülhün müqabilində əraziləri qaytarmamaq kimi absurd və anlaşılmaz şərt irəli sürür. Əgər danışıqlar davam edirsə, deməli problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycan da bir qayda olaraq bəyan edib ki, Dağlıq Qarabağın erməni icmasının arzu və istəyini nəzərə alaraq onlara beynəlxalq hüquqla təsbit olunmuş muxtar özünüidarəetmə statusu verə bilər. Ancaq görünür, Paşinyan danışıqları danışıqlar xatirinə aparmaqla vaxt qazanmaq istəyir. Əks təqdirdə, Azərbaycan 2016-cı ilin aprel təcrübəsinə qayıtmalı olacaq. Paşinyan yaxşı bilir ki, Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya duruş gətirmək iqtidarında deyil. Ermənistanın dövlət büdcəsi Azərbaycan silahlı qüvvələrinin bir illik hərbi xərclərindən azdır. Azərbaycanın da təzyiqi və təkidi ilə Ermənistanın bölgənin geoiqtisadi layihələrindən kənarda qalıb. Amma son vaxtlar yaranmış yeni vəziyyəti də nəzərə almaq lazımdır. Qərbi dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın ilkin mərhələdə Rusiya ilə münasibətləri çox soyuq idi. Lakin son zamanlar Gürcüstanın sərgilədiyi mövqedən sonra Ermənistan blokadadan çıxmaq imkanı əldə edib. Abxaziya və Cənubi Osetiya üzərindən Ermənistana yükdaşımaların həyata keçirilməsinə başlanılıb. Cənubi Osetiya və Abxaziyanı Rusiya ilə birləşdirən dəmir yolu xəttinə qoşulmaqla və Yuxarı Lars nəqliyyat dəhlizinin açılması ilə Rusiyadan Ermənistana strateji əhəmiyyətli yüklərin daşınması təmin edilir. Bununla da, Ermənistan iqtisadi blokadadan çıxır. Çox təəssüf ki, bu proses Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanın xeyir-duası və Gürcüstanın loyal mövqeyi ilə baş tutur. Əgər Rusiya Ermənistana təzyiq etməsə, Minsk Qrupunun digər həmsədr dövlətləri kimi ikili standartlardan çıxış etsə, o zaman Azərbaycanın əlində beynəlxalq hüququn yeganə vasitəsi qalır. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, təcavüzə məruz qalmış Azərbaycan hakimiyyəti Ermənistana müharibə elan edə bilər. Lakin buna ehtiyac olmadan, Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər. Amma döyüş meydanında Ermənistanın Azərbaycan ordusuna qalib gəlmək gücü yoxdur. Çox güman ki, Paşinyanın mövqeyi Azərbaycanı təxribata cəlb etmək, Ermənistanın sülh tərəfdarı olduğu, Azərbaycanın isə müharibə siyasətinə əl atdığına dair beynəlxalq ictimaiyyətdə, o cümlədən ATƏT-də rəy formalaşdırmaq məqsədi daşıyır.
Digər tərəfdən, Paşinyan başa düşür ki, indiki şəraitdə danışıqlar prosesində Dağlıq Qarabağı Azərbaycana güzəştə germəsi mümkün deyil. Bu da, Qarabağ klanının hazırda Ermənistan siyasətinə təsir imkanlarının hələ qalması ilə bağlıdır. Ona görə də Paşinyanın kompromisə getməsi Paşinyanın hakimiyyəti üçün ciddi fəsadlar yarada bilər. Bunu Rusiya ilə əlaqədə olan Qarabağ klanı da başa düşür. Ermənistan hökumətinin başçısı üçün indiki şəraitdə yeganə çıxış yolu danışıqları davam etdirmək, ABŞ-ın, Qərbin, Rusiyanın bu məsələdə mövqeyinin nədən ibarət olacağını gözləməkdir. Hələ ki, nə Qərbin, nə də Rusiyanın mövqeyində Dağlıq Qarabağ probleminə münasibətdə kəskin dönüş müşahidə olunmur”.
Qeyd edək ki, hələ ötən il siyasi ekspertlər ABŞ-ın dəstəyi ilə Ermənistanda “məxməri inqilab” baş verməsini Vaşinqtonun Dağlıq Qarabağ problemini aradan qaldırmaq, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması strategiyasının tərkib hissəsi olduğunu bildirirdilər. Hətta ABŞ prezidetinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 2018-ci il oktyabrın 25-də İrəvana səfəri zamanı N.Paşinyandan dekabr ayındakı parlament seçkilərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində cəsarətli addımlar atmağı xahiş etmişdi. Yəni, ABŞ Paşinyanın danışıqlar prosesində siyasi iradə nümayiş etdirərək güzəştə gedəcəyinə ümid etsə də, baş nazirin son zamanlar Ağ Evin tələblərindən yayınmaq cəhdləri müşahidə olunur.
Elşən Manafov hesab edir ki, Paşinyanın bu mövqeyi ABŞ-la münasibətlərinə təsir göstərəcək. Lakin hazırkı mərhələdə Ermənistanda Qərb və Rusiya qarşıdurması səngiyib:
“Qərbin də Rusiyanın da diqqəti son vaxtlar Ukraynada qarşıdan gələn seçkilərə yönəlib. Qərblə Rusiyanın qarşıdurması əsasən Ukraynada baş verir. Paşinyan da bunu yaxşı başa düşür. Nə ABŞ, nə də Rusiya indiki məqamda MDB məkanında ikinci cəbhəni açmağa ehtiyac görmür. Rusiyanın buna maliyyə imkanları çatmır. Çünki Ukrayna və Suriya ilə yanaşı, Ermənistanda da Qərblə münaqişəyə girmək yaxşı heç nə vəd etmir. Qərb isə Putinin dünyaya açıqladığı müasir silahların nümayişindən sonra Rusiya ilə qarşıdurmaya getməyin mənası yoxdur. Paşinyan da bilir ki, bu ziddiyyət onun başı üzərindən ötüb keçəcək. Hal-hazırda Rusiyanın və Qərbin əsas diqqət mərkəzində Ukrayna və Suriyadır. Ona görə də Paşinyan danışıqları uzatmaq və manevrlər etmək istəyir”.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan Paris görüşündə status və təhlükəsizlik məsələsinin müzakirə olunduğunu demişdi. Lakin sonradan Paşinyan sülh müqabilində ərazilərin qaytarılması prinsipini inkar etməklə xarici işlər nazirinin sözlərini təkzib etdi. Hətta separatçıların nümayəndəsi Aşot Qulyan nə status, nə təhlükəsizlik, nə ətraf rayonların qaytarılması müqabilində Dağlıq Qarabağın Azərbaycana qaytarılmayacağını bəyan etdi.
Elşən Manafovun fikrincə, Z.Mnasakanyanla Paşinyanın və separatçıların sözlərinin üst-üstə düşməməsi Rusiya ilə məxfi anlaşmadan xəbər verir:
“Görünür, Paşinyan Rusiya ilə apardığı danışıqlarda məxfi razılaşma əldə edib. Bu razılaşma da Azərbaycan diplomatiyasını daha uzaqgörən siyasət yürütməyə vadar edəcək. Azərbaycan təxribata uyub Paşinyanın əlinə fürsət verməməlidir”.
Müşfiq Abdulla
Cebhe.info