Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakotanı və Fransanın İnkişaf Agentliyinin regional direktoru Hayel Asayaqı qəbul edib.
Cebhe.info xəbər verir ki, Mqer Qriqoryan Fransa ilə əməkdaşlığın inkişafı və genişləndirilməsinin vacibliyini vurğulayıb. Ermənistan hökumətinin mətbuat xidməti bu barədə məlumat yayıb. Səfir isə Fransanın Ermənistanla münasibətləri ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirməyə hazır olduğunu deyib. Diplomat bildirib ki, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Ermənistana rəsmi səfər etmək istədiyini bəyan edib. Makron deyib ki, bu səfər ikitərəfli proqramın müəyyənləşdirilməsinə və gələcəkdə genişləndirilməsinə imkan verəcək.
Fransa İnkişaf Agentliyinin regional ofisinin rəhbəri Ermənistanda proqramların həyata keçirilməsini, həmçinin təşkilatın islahatlara uyğun yeni proqramların hazırlanmasına hazır olduğunu bildirib. Siyasi müşahidəçilərin fikrincə, Emmanuel Makronun son vaxtlar Ermənistana diqqətini artırması Fransanın Cənubi Qafqazda fəallığının artması ilə bağlıdır. Bu proses daha çox Fransanın ABŞ-la geosiyasi rəqabəti fonunda müşahidə olunur. Mərkəzi və Qərbi Avropada, Yaxın Şərqdə ABŞ-ın maraqlarına qarşı çıxan Fransa analoji siyasəti Cənubi Qafqazda da yürütməyə başlayıb.
2018-ci ilin aprel ayında Ermənistanda ABŞ-ın dəstəyi ilə “məxməri inqilab”ın baş verməsindən sonra Paşinyan hökumətinin Vaşinqtonla daha çox yaxınlaşması Fransa ilə münasibətlərdə məsafə yaratmışdı. Lakin ötən ilin oktyabr ayında Frankofoniya sammitində iştirak etmək üçün prezident Makronun İrəvana, sonra N.Paşinyanın Parisə səfəri, nəhayət Fransa prezidentinin qondarma erməni soyqırımının qeyd edilməsi barədə qərarı son dövrlər iki ölkə arasında münasibətlərin yenidən sıxlaşmasına səbəb olub. Hətta Fransa axır vaxtlar Ermənistanın iqtisadi blokadadan çıxması üçün Gürcüstan-Cənubi Osetiya və Abxaziya üzərindən nəqliyyat dəhlizinin açılmasında əsas maraqlı tərəf kimi çıxış edir. Bu isə, Dağlıq Qarabağ problemi həll olunmadan quru və dəmir yolu vasitəsilə yükdaşımaların bərpasına çalışan Rusiyanın da maraqlarına cavab verir. Yəni, 2018-ci ilin dekabr ayında Gürcüstandakı prezident kürsüsünə özünə Salome Zurabişvilini gətirən Fransa Rusiya ilə birlikdə Ermənistanın şimal dəhlizi vasitəsilə iqtisadi blokadadan çıxması planını reallaşdırır. Müttəfiqlər bu layihəyə “məxməri inqilab”dan sonra ABŞ-ın Ermənistan üzərində artan təsirini azaltmaq üsulu kimi baxır. ABŞ N.Paşinyana İranla əlaqələri məhdudlaşdırıb Dağlıq Qarabağ münaqişəsində kompromisə getməklə Azərbaycan və Türkiyə ilə sərhədləri açmağı təklif edir. Paşinyanın belə bir addım atmasına Ermənistanın Rusiyanın tam təsir dairəsindən çıxması və ABŞ-ın Cənubi Qafqazda geostrateji mövqeyinin güclənməsi demək olar. Ona görə də Rusiya və Fransa daha çox Gürcüstan üzərindən yeni dəhliz açmaqla bu prosesi əngəlləməyə çalışır.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Fransa prezidentinin Ermənistana səfərini beynəlxalq aləmdə, Cənubi Qafqazda və İran ətrafında cərəyan edən siyasi proseslər nöqteyi-nəzərindən təhlil etmək lazımdır. Mövcud vəziyyət şərh edilərkən ABŞ-la Fransa arasında artan geopolitik rəqabət nəzərə alınmalıdır:
“ABŞ-ın İrana münasibətdə və Cənubi Qafqazda aktivləşdiyi bir zamanda Fransanın da fəallığının artmasına təbii yanaşmaq lazımdır. Burada digər amil kimi Ermənistanda baş verən “məxməri inqilab”ı və demokratik prosesləri diqqətdən qaçırmaq olmaz. Erməni diasporasının və lobbisinin də Fransada güclü olduğunu nəzərə alsaq, baş verənlər gözlənilən idi”.
Sülhəddin Əkbər bildirdi ki, son vaxtlar Nikol Paşinyanın Fransa ilə münasibətləri yaxınlaşdırması onun ABŞ-dan və Rusiyadan uzaqlaşması anlamına gəlmir:
“Ermənistan bütün beynəlxalq güc mərkəzləri ilə əlaqə saxlamağa məcburdur. Paşinyanın ölkədaxili sosial-iqtisadi problemlərlə üzləşib. Paşinyanın və komandasının xarici kapitala ehtiyacı yaranıb. Ona görə də Ermənistanın baş naziri xarici sərmayə və maliyyə yardımı ayıra biləcək xarici mərkəzlərlə daha sıx əlaqə qurmağa çalışacaq. Rəsmi İrəvan həm Fransa, həm Rusiya, həm ABŞ, eyni zamanda İranla da təmasları genişləndirməyə çalışacaq”.
Politoloq qeyd etdi ki, Gürcüstan üzərindən Ermənistana dəhlizin açılması daha çox Rusiyanın maraqlarına uyğundur. “Məxməri inqilab”ın baş verməsinə baxmayaraq, Ermənistan strateji və geopolitik baxımdan, Rusiyanın eksklavı olaraq qalır. Rusiya Ermənistan iqtisadiyyatına nəzarət etməkdə davam edir. Ona görə də həm özünün iqtisadi maraqlarını qorumaq, həm də Ermənistandakı hərbi bazaları ilə yerüstü əlaqə yaratmaq üçün Gürcüstan üzərindən nəqliyyat dəhlizinin açılmasına çalışır. Bu da, Ermənistanın Rusiya ilə daha çox yaxınlaşmasına gətirib çıxara bilər.
Sülhəddin Əkbərin sözlərinə görə, Fransanın geostrateji fəallığı yeni dünya düzəninin qurulması ilə bağlıdır. Fransa beynəlxalq münasibətlər sistemində daha güclü mövqeyə sahib olmaq istəyir:
“Fransa tək hərəkət etmir. Hazırkı proseslərdə, Fransanın maraqları Almaniya, Böyük Britaniya, Rusiya və Çinlə üst-üstə düşür. Bu vəziyyət Cənubi Qafqazda da müşahidə olunur. Cənubi Qafqaz nəqliyyat dəhlizlərinin kəsişdiyi bir region kimi həm Avropa Birliyinin, həm də Fransanın maraq dairəsinə daxildir. Bu bölgədə rəqabət yalnız Fransa ilə ABŞ arasında getmir. Bir tərəfdə Vaşinqton, digər tərəfdə isə Paris-London-Berlin-Moskva-Pekin xətti dayanır”.
Politoloq Qabil Hüseynli isə Emmanuel Makronun Ermənistana səfərini çox təhlükəli addım kimi qiymətləndirdi:
“Bu, açıq-aşkar irqçilik, ayrı-seçkilik, “parçala və hökm sür” siyasətinin təzahürüdür. Buna geosiyasi rəqabət nöqteyi-nəzərindən yanaşa bilərlər. Fransanın Cənubi Qafqazda maraqları ola bilər. Amma bu maraqlar dünyada sayı 50 milyon nəfərə çatan bir millətin hüquqlarının tapdanması hesabına baş verməməlidir. Makron Fransa dövlətinin deyil, özünün xırda maraqlarından çıxış edərək geosiyasi prosesləri təhlükəli dərəcədə poza biləcək bir addım atır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişə tərəflərindən birini qeyri-qanuni və beynəlxalq hüquq normalarına zidd şəkildə dəstəkləməklə bölgədə bölücülük siyasətinə dəstək verir. Hətta Makron bu addımı ilə milli qarşıdurmanı gücləndirir. Fransa dövlətinə rəhbərlik edən bir şəxsin belə avantüra ilə məşğul olması anlaşılan deyil. Bu, açıq-aşkar həyasızlıqdır və beynəlxalq hüquq normalarının tapdanmasıdır. Makronun bu davranışı dövlətin suveren hüquqlarına aid edilməyən, mahiyyəti şovinizmlə dolu olan işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan bir avantüradır. Bu məsələ Azərbaycan tərəfindən qəti şəkildə pislənməlidir. Makronun Ermənistana nəzərdə tutulan gedişi dövlət başçısının səfəri kimi təqdim olunsa da, mahiyyət etibarı ilə onun nə qədər dağıdıcı və bölücü məqsədə xidmət etdiyini görməmək mümkün deyil. Bu, özünü mədəni dünyanın beşiyi və Avropanın lokomotivi hesab edən Fransanın prezidentinə yaraşmayan bir hərəkətdir. Azərbaycan “SOS” siqnalı verməli və ölkəsindəki qarışıqlıqlardan başını itirmiş bu avantüristin gələcəkdə daha böyük təxribatlar törədə biləcəyini, onun ölçülüb-biçilməmiş siyasətinin Cənubi Qafqaz kimi həssas bir bölgədə nələrə gətirib çıxaracağını nəzərə almalıdır”.
Lakin Qabil Hüseynli hesab edir ki, Fransa Cənubi Qafqazda ABŞ-la rəqabət aparmaq qüdrətinə malik deyil. Sözügedən səfər daha çox bölgədəki sabitliyə, təhlükəsizliyə və sülhyaratma prosesinə problem yaradır, geostrateji tarazlığı pozur. Politoloq bildirdi ki, Fransa kimi mədəni bir dövlətin işğalçı Ermənistanla sıx münasibətlər qurması mütərəqqi addım sayıla bilməz”. Minsk Qrupunun həmsədri olan bir dövlətin təxribatçı addım atması geosiyasi addım atması, uydurma erməni soyqırımının qeyd edilməsi barədə qərar çıxartması anti-türk, anti-Azərbaycan bir hərəkətdir”.
Qabil Hüseynli onu da vurğuladı ki, Gürcüstan üzərindən nəqliyyat dəhlizinin açılması Ermənistanı blokadadan çıxara bilməz:
“Ermənistanın blokadadan çıxarılmasında ən böyük rolu İran oynayıb. Gürcüstan və Cənubi Osetiya üzərindən keçən yolun yükdaşıma qabiliyyəti yüksək deyil. Rusiya tərəfinin apardığı səylər nəticəsində deblokada məsələləri gündəmə gəlib. Burada əsas yol Abxaziyadan keçən dəmir yoludur. Şosse yolları blokadanı aradan qaldırmaq imkanına malik deyil. Ermənistanın blokadan çıxarılması Azərbaycanın tərəfdaşları olan Rusiya və Gürcüstan tərəfindən həyata keçirilir. Halbuki, Gürcüstanın dövlət büdcəsinin 42 faizi Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr və proqramlar hesabına həyata keçirilir. Təcavüzkara sahib çıxmaq, ona kömək etməksə siyasi xəyanətdir”.