SON RAUND: Tramp özü başlatdığı müharibəni uduzdu


SON RAUND: Tramp özü başlatdığı müharibəni uduzdu

Vaşinqtonda ABŞ - Çin danışıqlarının sonuncu mərhələsi başlayıb. Cebhe.info xəbər verir ki, dünyanın diqqətlə izlədiyi bu görüşdə iki ölkə arasındakı "ticarət müharibəsi"nə ya son qoyulacaq, ya da bu sahədə vəziyyət gərginləşəcək. Hər şey tərəflərin biri-birinin təkliflərinə münasibətindən asılıdır.

3 aydır ki, davam edən müzakirələrin sonucunun ABŞ-ın planlaşdırdığı kimi olmayacağı qənaəti hakimdir. İki ölkənin "ticarət müharibəsi" əvəzinə tərəflər ayrı-ayrı məsələlərlə bağlı 6 memorandum imzalamağı düşünür. Bunlar kənd təsərrüfatı, xidmətlər, texnologiya mübadiləsi, valyuta tənzimlənməsi, intellektual mülkiyyətdir.

"Memorandumlar imkan verəcək ki, Çin üzərinə müəyyən öhdəliklər götürsün. Təkcə problemin etirafı ilə məsələ həll olunmur",- deyə “Reuters” Ağ Evdəki mənbəyə istinadən yazır. Ancaq buna baxmayaraq, Ağ Evin 3 ay davam edən gərgin danışıqlardan ancaq qələbə ilə çıxdığını söyləmək mümkün deyil.

ABŞ prezidenti Donald Tramp qəfildən bəyan edib ki, Çin mallarına rüsümun artırılması qeyri-müəyyən müddətə təxirə salınır. "Mən yeni rüsumların tətbiqi ilə bağlı zaman açıqlaya bilmirəm. 1 mart - bu, sehrli tarix deyil".

Baxmayaraq ki, bir müddət əvvəl prezident tamamilə başqa tonda və başqa leksikonda danışırdı. Ancaq görünən odur ki, zaman keçdikcə, Tramp yumşalıb və artıq geri addım atır.  Çünki bir müddət əvvəl Tramp tarix kimi 1 martı açıqlamışdı. Bildirmişdi ki, əgər Çin Amerikanın şərtləri ilə razılaşmasa, o zaman 1 mart bu ölkə üçün uğurlu tarix olmayacaq. İndi isə görünən odur ki, Çin şantaja boyun əyməyib.

İki ölkə arasında imzalanacaq kənd təsərrüfatı memorandumu Çinə daha çox məhsul əldə etmək imkanı verəcək. "Ticarət müharibəsi"nə qədər Çin ABŞ soyasının əsas istehlakçısı sayılırdı, ancaq ötən il bu sahədə rəqəm 23 milyon tondan 5 milyon tona qədər azaldı.

Fermerlər çətin vəziyyət qarşısında qalıb. Onların orta gəliri 15 ilin minimumuna enib. ABŞ kənd təsərrüfatında müflis olanların da sayı az olmayıb. Böyük depressiya dönəmindən bəri bu sahədəki ən yüksək göstərici olub.

Aqrar sektorun təmsilçiləri Ağ Ev qarşısına toplaşaraq etirazlarını bildiriblər. Onların səsini Tramp eşidib, ya yox, bəlli deyil, amma hər halda "ticarət müharibəsi"nə son qoyularsa, bu, həm də onların qələbəsi olacaq. Ağ Ev çətin seçim qarşısındadır. Ya uzunmüddətli perspektivdə ABŞ-ın texnoloji liderliyi uğrunda mübarizə aparmalı, ya da özünün qisa dönəm üçün siyasi maraqlarını qorumalıdır. Tramp ikincini seçdi. Üstəlik də Çin başqa istehsalçıdan soya almaqda maraqlı görünmürdü, ABŞ-ın yerini bu sahədə əvəz edəcək ölkə tapılmayıb.

“Bloomberg” xəbər verir ki, hazırda iki ölkənin nümayəndələri onlarla malla bağlı siyahı üzərində işləyir. Bura kənd təsərrüfatı məhsullarından başqa energidaşıyıcıları, digər məhsullar da daxildir. Bunlar Çin iqtisadiyyatı üçün tələb olunan mallardır.

Ekspertlər hesab edir ki, bundan sonra iki ölkə arasında müzakirələr bitməyəcək, mərhələli şəkildə aparılacaq. Vaşinqton rüsum tətbiqi ilə bağlı növbəti tarix açıqlayacaq, tərəflər masa arxasında oturacaq, böyük inkişaf bəyanatları veriləcək. Bu, beləcə davam edəcək. Bu vəziyyət Çin üçün sərfəlidir. Pekin beləliklə heç bir maneə olmadan öz inkişaf proqramlarının icrası üçün zaman və imkan qazanacaq. "Çində istehsal olunub- 2025" proqramını da inkişaf etdirəcək. Trampa isə ancaq "ticarət müharibəsi"ndə uduzduğunu etiraf etmək qalacaq. 


Tarix: 22-02-2019, 23:22
Xəbəri paylaş





Xəbər lenti