ABŞ bahalı neftə qarşı mübarizədə öz üsullarını təqdim etməyə başlayır.
OPEC-ə qiymət artımının dayandırılması üçün təzyiq edən ABŞ müstəqil şəkildə də fəaliyyətə başlayıb.Belə ki, ölkənin strateji ehtiyatlarından müəyyən pay satışa çıxarılır.Neft trederlərinə və emal zavodlarına 6 milyon barel neft təklif olunması nəzərdə tutulur. Hərrac üçün ərizələr 13 marta qədər qəbul olunacaq. Ekspertlər hesab edir ki, bu, bazara ciddi siqnaldır, ancaq hələlik onun nəticəsinin necə olacağını söyləmək mümkün deyil.
Xatırladaq ki, prezident Donald Tramp bu yaxınlarda OPEC-ə ünvanlı yazdığı "tvit" bazarda müəyyən qiymət dəyişməsinə, ucuzlaşmaya səbəb olmuşdu.Bu baxımdan, ABŞ-ın ehtiyatlarından müəyyən payın satışa çıxarılmasının mümkün təsiri istisna edilmir.
Bundan başqa, ABŞ bazara daha radikal tədbirlə də çıxa bilər.Konqresdə artıq NOPEC adlı qanun layihəsi var. Bu sənəd kartelin, o cümlədən OPEC-in fəaliyyətini müəyyən qədər məhdudlaşdırır.Mütəxəssislər bu layihəni enerjidaşıyıcıları bazarı üçün atom bombası hesab edirlər, hətta o qədər ki, ABŞ Energetika Nazirliyi də onun qəbulundan ehtiyatlanır.
Nazirliyin rəhbəri Rik Perrinin sözlərinə görə, qanunun qəbulu gələcəkdə neft bazarında böyük təlatümə səbəb ola bilər. Onu da bildirək ki, bu sənəd müxtəlif variantlarda müxtəlif zamanlarda Konqresə təqdim edilib, ancaq indiyə qədər qəbul olunmayıb.
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, ayda bir dəfə dünya birjalarında ABŞ-ın strateji neft ehtiyatları açıqlanır:
“Neft ehtiyatları açıqlananda dərhal dünya birjaları, hətta maliyyə bazarları buna reaksiya verir. Yəni, strateji neft ehtiyatları bu qədər əhəmiyyətə malik həssas məlumat hesab olunur.Doğrudur, dünya birjalarında, eləcə də maliyyə bazarlarında hansısa əhəmiyyətli dərəcədə trend əmələ gəlmir, amma aktivlik müşahidə olunur.Bu o deməkdir ki, bu məlumatların dünya bazarlarına təsiri var. ABŞ-ın bahalı neft qiymətlərinə qarşı müharibə etməsi məsələsinə ciddi yanaşmaq olar.Birinci, nəzərə almaq lazımdır ki, ABŞ dünya iqtisadiyyatının flaqmanıdır və bu mövqedə də qalmaqdadır.Söhbət konkret hansısa iqtisadi göstəricidən yox, dövlətin qüdrətindən və eyni zamanda da institutsional səviyyədə iqtisadi alətlərin məhz bu ölkənin ərazisində olmasından gedir”.
ABŞ-ın neft qiymətinə digər yollarla təsir etməsinə və yaxud da OPEC-ə qarşı alternativ siyasət yürütməsinə gəlincə, analitik qeyd edib ki, OPEC yarandığı gündən siyasətini hansısa siyasi oyunlar üzərində qurub:
“ABŞ-ın əlində kifayət qədər mexanizmlər və alətlər var ki, onun vasitəsilə neftin qiymətlərinə istənilən formada təsir edə bilər. Bütün hallarda ABŞ-ın bu məsələlərə müdaxilə imkanları var və bu, mümkündür.Ümumiyyətlə, mövcud vəziyyətdə dünya birjalarında istənilən əmtəənin qiymətəmələgəlmə prosesinə ticarət əməliyyatlarının həcmi təsir edir.Ola bilər ki, hər hansı bir məqamda prosesə siyasi göstəricilər təkan versin, amma sonradan bu, məhz birjalardakı ticarət əməliyyatlarının təsiri altına keçir.Bu nöqteyi-nəzərdən ABŞ çox əlverişli bir vəziyyətdədir.Çünki dünya birjalarında institutsional səviyyədə hegemonluq edən məhz bu ölkədir.ABŞ neft qiymətlərini istənilən səviyyədə formalaşdırır”.
Yeganə Oqtayqızı