İnformasiya mübadiləsi üçün istifadə olunan izolyasiya edilmiş kanalları mərkəzləşdirmək üçün son texnologiyadan istifadə etmək lazımdır.
15 ölkədən 239 bank bu problemin həllinə yönəldilmiş bir cəmiyyət qurmaq üçün birgə çalışdı. SWIFT - Avropa qanununa uyğun olaraq mərkəzi ofisi Brüsseldə yerləşən kooperativ bir şirkətdir. Hazırda 200-dən çox ölkə, 9 min 600-dən çox bank da daxil olmaqla, təxminən 11 min təşkilat SWIFT-in üzvüdür. Hər il 2.5 milyard dollarlıq ödəmə təlimatı, hər gün milyardlarla dollarlıq əməliyyatlar SWIFT şəbəkəsi üzərindən ötürülür.
Sürət, aşağı qiymət və etibarlı məlumatların qorunması xüsusiyyətləri SWIFT-nin üstünlükləri hesab olunur. Nəticədə, bu gün dünyada ən çox beynəlxalq əməliyyatlar və ödənişlərin böyük bir qismi SWIFT sistemi üzərində aparılır. Sistem, həmçinin ABŞ və Avropa İttifaqının bank sistemləri tərəfindən idarə olunması gözlənilən dollar və avro ödənişlərini də əhatə edir. 21-ci əsrdə SWIFT sistemi valyutanın bütün dünya iqtisadiyyatında dövriyyəsini təmin etməyə başladı.
Hazırda İran SWIFT sistemi olmadan özünü idarə etməyə çalışır. Vaşinqtonun İrana qarşı siyasəti çox həssas və dəyişkəndir. Hələ 2018-ci il embarqosundan öncə də Vaşinqtonun İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv etdi və İrana yenidən SWIFT şəbəkəsindən istifadəyə icazə verdi. 2018-ci ilin noyabr ayından beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SWIFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankını (İMB) və digər təşkilatları öz sistemindən kənarlaşdırdı. Bundan sonra Avropa İran üçün SWIFT sisteminin alternativini yaratdı. Belə ki, Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə rəsmi olaraq xüsusi ödəmə kanalını yaratdılar. Doğrudur, demək olmaz ki, İran beynəlxalq ödənişlər və əməliyyatlar sistemində alternativ istifadədə təcrübə qazanıb. Ancaq ilkin olaraq az sayda İran bankının alternativ şəbəkəyə qoşulacağı gözlənilir.
Bu gün SWIFT sistemi dövlətlər üçün təhdid mənbəyinə çevrilib. Ötən gün jurnalistlərlə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o zamanında Abxaziyanın müstəqilliyini tanımağa hazır olub:
“Mən Abxaziyanın tanınması haqqında əmr imzalamağa hazır idim. Bəs sabah nə olacaqdı? Mənim yanıma NATO-nun keçmiş baş katibi Xavyer Solana gəldi. Uzun və yaxşı danışığımız oldu. O dedi ki, “əgər siz Abxaziyanın müstəqilliyini tanısanız, ilk olaraq sizin üçün beynəlxalq bank sistemini söndürəcəyik, siz tam təcrid olunacaqsınız. O, mənə hər şeyi açıq və aydın dedi”.
Lukaşenko, həmçinin bu məsələni keçmiş Rusiya prezidenti Dmitri Medvedyevlə müzakirə etdiyini və tərəflərin ortaq fikrə gəldiyini deyib.
Maraqlıdır, ən böyük təhdid olan SWIFT sistemindən xilas olmaq mümkündürmü?
Mövzunu “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun fikri birmənalı olub:
“Vəziyyətə Rusiya, Belarus, Çin, İranın kontekstindən baxanda yaxşı ki, SWIFT sistemi var. Yoxsa dövlət rəsmiləri ağlına gələn hər şeyi edərlər. Abxaziyanın müstəqilliyini niyə tanıyırlar? Amma məsələnin başqa bir tərəfi də var. SWIFT sistemi müəyyən qədər təsir vasitəsidir. Ola bilsin ki, müxtəlif güclər cəhd göstərir ki, SWIFT sisteminin əhatə dairəsindən kənarlaşsın. Eyni zamanda bank-maliyyə əməliyyatlarını şaxələndirilmiş xətlər üzrə həyata keçirməsi imkanı formalaşdırsın. Artıq Avropa İttifaqı bu istiqamətdə işə başlayıbdır. Zaman-zaman alternativ sistemin formalaşdırılması istiqamətində hətta ilkin müzakirələrin aparılması ilə bağlı məlumatlar ictimailəşdirilir. Hesab edirəm ki, bu, qeyd edilən istiqamətdə şaxələndirmə imkanlarının yaranmasına gətirib çıxardacaq. Amma bu qədər sadə bir məsələ olmadığı üçün hər bir ölkə öz sistemini yarada bilməz. Çünki bütün dünyanın maliyyə sistemini əlaqələndirə bilən bir data bazaya və gücə malik olan bir mexanizmdir və bunu hər bir ölkə özü üçün yarada bilməz. Bu, çox çətin prosesdir. Yeni yaradılan sistemlərə inamın necə olması və onun üzərindən əməliyyatların hansı səviyyədə həyata keçiriləcəyi də əsas məsələlərdəndir. Tutaq ki, Çin analoji təşəbbüslə çıxış edir. Amma Çin özünün gələcəyi ilə bağlı o qədər siyasi risklər var ki, bu sistemin uğur qazanma ehtimalı çox azdır”.
Analitik hesab edir ki, hələlikdə SWIFT sisteminə rəqibin olması ehtimalı çox azdır:
“İstənilən alternativlərin olmasına baxmayaraq, hələlikdə SWIFT sistemi bazarda öz dominantlığını qoruyub saxlayacaqdır. Amma buna paralel olaraq da Avropa İttifaqı kimi nisbətən təkmil institutlaşmış, demokratik qərarlar qəbul edən, arxasında iqtisadi gücün dayandığı bir sistem bu təşəbbüsü axıra çatdırarsa, o zaman daha effektiv nəticələrin əldə edilməsi mümkündür”.
Rəşad Həsənov qeyd edib ki, SWIFT sistemi olmadan dövlətin idarə olunması çox xərcli bir prosesdir:
“İranda faktiki nəticələr göz önündədir, ölkənin maliyyə seqmenti çox sürətlə zəifləyib. Bu domino effekti bütün iqtisadi sektorları əhatə edir. Tehranda vəziyyət günü-gündən sürətlə pisləşir. Təbii ki, SWIFT sistemindən kənarlaşmaq o demək deyil ki, artıq ölkənin sonudur. Bu, ölkənin gücündən və institutların səviyyəsindən asılı olaraq nisbətən dəyişə bilər. Məsələn, neft olmayan dövlət SWIFT sistemindən uzaqlaşarsa, o ölkə daha sürətlə tənəzzüllə üzləşə bilər. İranın enerji maraqları bəzi hallarda geosiyasi qərarları yarıb keçir. Amma buna baxmayaraq demək olmaz ki, İran prosesi uğurla aparır və başqa dünya ölkələri də bu təcrübədən yararlana bilər”.//Cebhe.info//