“Bu, Amerika ilə Rusiyanın Latın Amerikasında nüfuz savaşıdır”Dünən səhər saatlarında Venesuela mediası prezident Nikolas Maduronun təyyarəsinin ölkəni tərk edərək Kubaya eniş etdiyini, təyyarədə Maduronun olduğu və onun ölkədən qaçırıldığını yaysa da, 1-2 saatdan sonra, əksinə, Venesuela prezidenti Nikolas Maduronun müxalifətin lideri Xuan Quaydonun xalqı küçələrə dəvət etməsinə eyni şəkildə qarşılıq verməsi, yəni martın 9-da tərəfdarlarını nümayişə dəvət etməsi açıqlandı.Keçmiş Venesuela prezidenti Uqo Çavesin ölümünün 6-cı ildönümü münasibətilə paytaxt Karakasda təşkil olunan tədbirdə çıxış edən Maduro eks-prezident Barak Obamanın 2015-ci ilin martın 9-da ABŞ-ın Venesuelanı milli təhdid olaraq elan etdiyi qərarnaməni imzaladığını xatırladıb.
Maduro sözügedən hadisəni “bolivarçı anti-imperialist gün” olaraq gördüyünü bildirərək, “Şənbə günü küçələrdə olacağıq” deyib.
Maduro həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları küçələrə çıxmağa çağırıb və həmin gün əhəmiyyətli açıqlamar verəcəyini söyləyib.
Onu da qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi Venesuela ilə bağlı açıqlama yayıb.
Rusiya XİN tərəfindən edilən açıqlamada özünü “müvəqqəti prezident” elan edən Milli Məclis sədri Xuan Quaydo sərt sözlərlə tənqid edilib.
Açıqlamada “Quaydo hər addımını ABŞ-la razılaşdıran və müstəqil olmayan bir siyasətçidir. Bu üzdən onunla bir əlaqəmizin olması söz mövzusu deyil”, - deyilib.
Rusiya XİN ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Monro Doktrinasının Venesuelaya tətbiq ediləcəyi istiqamətindəki açıqlamasına da cavab verib. Nazirlik Boltonun bu sözlərinin “düşüncəsiz bir fikir” olduğunu bildirərək, bunun qəbul edilməz olduğunu vurğulayıb. Rusiya XİN ABŞ-ı Latın Amerikasını Venesuela üzərindən yenidən şəkilləndirməyə çalışmaqda günahlandırıb.
Nəzərə çatdıraq ki, ABŞ prezidenti Ceyms Monronun 2 dekabr 1823-də Konqresə təqdim etdiyi bu doktrinanı araşdıran mütəxəssislər onun mahiyyətini bir cümlə ilə belə şərh edir: “Amerika qitəsinin məsuliyyəti ABŞ-a məxsusdur”.
Nazirlik həmçinin rəsmi Moskvanın BMT-nin rəhbərliyi altında Venesuelaya humanitar yardım qrupu göndərməyə hazır olduğunu qeyd edib.
Maraqlıdır ki, səhər Venesuela prezidenti Nikolas Maduronun ölkədən qaçdığı iddia olunur, 1-2 saat sonra onun martın 9-da tərəfdarlarını nümayişə dəvət etdiyi açıqlanır. Görəsən, Maduro qaçmadığı halda, bu ziddiyətli məlumatı yaymaqda məqsəd nədir?
“Bu, Amerikanın dezinformasiyadır”“Hürriyyət”in sualını cavablandıran politoloq Nəzakət Məmmədova qeyd etdi ki, bu, Amerikanın dezinformasiyadır: “Çünki bilirik Maduronun hakimiyyətini ABŞ qəbul etmir, onu dəstəkləmir. Tək Amerika deyil, Avropa Birliyi də Maduronu qəbul etmir, onlar qanuni prezident kimi Xuan Quaydonu qəbul edirlər. Bu baxımdan, yəqin ki, ona qarşı olan bir dezinformsiyadır. Yəni ona qarşı qara piar aparılır. Amma Maduro yəqin ki, sona qədər müqavimət göstərəcək. Çünki Rusiya başqa olmaqla, İran, Türkiyə və bəzi digər ölkələr də Maduronu dəstəkləyirlər. Ölkə daxilində də onun tərəfində olan qüvvələr var. Artıq ölkədə parçalanma yaranıb, bir qisim Maduronu, bir qisim Quaydonu dəstəkləyir. Venesuela neft ölkəsidir, OPEK-in üzvüdür. Təbii ki, orada neft və digər iqtisadi sahələrdə marağı olan qüvvələr var”.
“ABŞ Latın Amerikası ölkələrinə nüfuz etməyə çalışır”N. Məmmədova diqqətə çatdırdı ki, Monro Doktrinası qəbul olunanda Amerikanın dünya işlərinə müdaxiləsi üfüqi deyil, şaquli genişlənməsi üzrə rəy qəbul olunmuşdu, yəni Monro doktrinasında şimali və cənubi Amerika qitələrində ABŞ-ın nüfuzunun artması nəzərdə tutuldu: “Bu gün biz onu görürük. ABŞ Latın Amerikası ölkələrinə nüfuz etməyə çalışır. Xatırlayırsınızsa, Pompeo demişdi ki, Nikaraqua və Kubada da çevrilişləri dəstəkləyirik. Bu, onu göstərir ki, Amerika Latın Amerikası regionunda, olduğu qitədə fəallığını artırır, öz diqqətini daha çox Latın Amerikası regionuna yönəldir. Baxmayaraq ki, Kuba bir müddət sosialist ölkəsi idi. Həm də bu, Trampın bilvasitə siyasəti ilə bağlıdır. Çünki Tramp Obamaya əks siyasət yeridir. Obama İranla nüvə sazişi bağlamışdı, Kuba ilə yaxınlaşma siyasəti yeritmişdi. Hətta Kuba prezidenti Fidel Kastronun qardaşı Raul Kastro ilə görüşmüşdü. Yəni ki, Obama bəzi ölkələrə mülayiləşmə siyasəti həyata keçirirdi. Amma Trampın siyasəti tamam fərqlənir. Tramp Latın Amerikası ölkələrində, o cümlədən Kubada, Nikaraquada, Venesuelada Amerikanın maraqlarının güc yolu ilə tətbiqinin tərəfdarıdır. Hər halda, o mövqeyini bu cür ifadə edib. Yəqin ki, mübarizə sona qədər gedəcək. Artıq Avropa Birliyi də Quaydonu dəstəkləyir. O baxımdan, mübarizə sona qədər davam edəcək. Amma yəqin ki, sonda Amerika qalib gələcək. Çünki Amerikanın dövlət çevrilişləri sahəsində böyük təcrübəsi var. Çünki Latın Amerikası ölkələrində ABŞ həmişə çevrilişlər edib, hakimiyyətləri dəyişib”.
“Amerika Maduronu hakimiyyətdən atmağa nail olacaq”“Maduronun qaçmaq ehtimalı ola bilərmi” sualına N. Məmmədova belə cavab verdi:“Əlbəttə, ola bilər. Amma biz onun sona qədər imkanlarını bilmirik. Məsələn, Amerika humanitar yardımlar göndərmişdi, Maduro onu qəbul etmədi və gəmilərə əmr verdi, onu yandırmışdılar. Maduro sona qədər müqavimət göstərəcək, amma faktiki dünyada güc mərkəzi sayılan ABŞ, Avropa Birliyidir ki, bunlar Quaydonu prezident kimi qəbul edir. Qeyd etdiyim kimi, Rusiya, Türkiyə, İran isə Maduronun prezident qalmağını istəyirlər. İndi burada güc mübarizəsi gedir. Yəqin sonunda Amerikanın marağı təmin olunacaq və bəlkə də Quaydo hakimiyyətə gələcək. Çünki ABŞ Madurodan elə-belə əl çəkən deyil, hansısa formada Quaydoya sonuna qədər dəstək verəcək, Maduronu hakimiyyətdən salmağa çalışacaq. Çünki Maduro əvvəlki prezidentin siyasətini dəstəkləyir. Axı, burada sosialistlər hakimiyyətdədir. Sosialistlər də kimdir? Rusiyaya yaxındır. Amerika da istəmir ki, bir OPEK ölkəsində, ona yaxın bir coğrafi bölgədə sosialistlər, Rusiyayönmül qüvvələr hakimiyyətdə olsun. Ona görə də gec-tez Maduronu hakimiyyətdən atmağa çalışacaq. Mənə belə gəlir ki, buna nail olacaq. Çünki bu, Amerika üçün nüfuz məsələsidir, Amerikada geri çəkilmə yoxdur, bunun üçün Amerikanın kifayət qədər təcrübəsi, maliyyəsi var”.
“Onlar da imkan verməyəcəklər”“Maduro ABŞ-dan gələn yardımın ölkəyə daxil olmasına imkan vermədi, Rusiya humanitar yardım göndərərsə, Quaydo mane ola bilərmi” sualına isə N. Məmmədovanın cavabı belə oldu: “Onlar da imkan verməyəcəklər. Çünki o yardımın içində bilinmir silah, sursat var, o yardım nədən ibarətdir, yardım həqiqətən qidadırmı, yoxsa başqa şeylər də var? Çünki bu, Quaydo ilə Mudro mübarizəsi deyil, bu, Amerika ilə Rusiyanın Latın Amerikasında nüfuz savaşıdır”.
Tarix: 7-03-2019, 15:46